Məhkəmə qərarları › İş №2(077)-169/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-169/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-169/2021 24.06.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azerbaijan» MM QBKT “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,«Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2015-ci il tarixli **********3025 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5028,30 (beş min iyirmi səkkiz manat otuz qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,«Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında 10 iyul 2015-ci il tarixli **********3025 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən borcluya biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə illik 36% hesablanmaqla hər ay 731 manat,sonuncu ay 722 manat ödəniş etmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur.Daha sonra tərəflər arasında 10 iyul 2015-ci il tarixli **********3025 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 26 aprel 2016-cı il tarixli saziş imzalanmışdır. Sazişə əsasən bank cavabdehə 10 iyul 2015-ci il tarixli **********3025 saylı kredit müqaviləsi üzrə yaranmış qalıq məbləğini yəni 8069 manat 24 ay müddətinə hər ay 100 manat ödəniş etmək şərtilə kredit verilmişdir. 26 aprel 2016-cı il tarixli sazişin təminatı olaraq Cavabdeh2 arasında 26.04.2016-cı il tarixli **********8***-******* saylı zaminlik müqaviləsi imzalanmış və o, Cavabdeh1 zamin durmuşdur. Müqavilə bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir.Kredit müqaviləsinə əsasən cavabdehin 11.03.2021-ci il tarixinə əsas borcu 5028,30 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki «Finca Azerbaijan» MM QBKT-dan 10000 manat məbləğində kredit götürmüş və öhdəliklərini bir müddət icra etmişdir.Lakin sonradan maddi vəziyyəti pisləşdiyindən borcunu qaytara bilməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 rəyini nəzərə alaraq,işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2015-ci il tarixli **********3025 saylı kredit müqaviləsinin surətindən görünür ki,«Finca Azerbaijan» MM QBKT tərəfindən Cavabdeh1 illik 36% faiz dərəcəsi ilə 18 ay ərzində ödənilməsi şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. - Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 10000 manat məbləğində almış olduğu krediti 10.08.2015-ci il tarixindən başlayaraq hər ay 731 manat,sonuncu ay 722 manat ödəniş etməklə 10.01.2017-cı il tarixinədək ödəməli idi. - «Finca Azerbaijan» MM QBKT-nın xəzinə məxaric orderinin surətindən görünür ki,tərəflər arasında bağlanmış 10 iyul 2015-ci il tarixli **********3025 saylı kredit müqaviləsi üzrə iddiaçı üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək,sonuncuya 10.07.2015-ci il tarixdə 10000 manat məbləğində nağd kredit vermişdir. -«Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 10 iyul 2015-ci il tarixli **********3025 saylı kredit müqaviləsinin restrukturizasiyasiyasına dair 26 aprel 2016cı il tarixli sazişdən görünür ki, kreditin qalıq məbləği 8069 manat 24 ay müddətinə hər ay 100 manat ödəniş etmək şərtilə verilmişdir. - «Finca Azerbaijan» MM QBKT ilə X4 arasında bağlanmış 26.04.20216-cı il tarixli **********8***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış arasında 10 iyul 2015-ci il tarixli **********3025 saylı kredit müqaviləsinin restrukturizasiyasiyasına dair 26 aprel 2016-cı il tarixli sazişə əlavədən görünür ki, Cavabdeh1 8069 manat məbləğində almış olduğu krediti 20.05.2016-ci il tarixindən başlayaraq hər ay 100 manat ödəniş etməklə 25.04.2018-cı il tarixinədək ödəməli idi. - «Finca Azerbaijan» MM QBKT-nın 11.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki,26 aprel 2016-cı il tarixli sazişə əsasən Cavabdeh1 11.03.2021-ci il tarixə «Finca Azerbaijan» MM QBKT-na olan borcu 5028,30 manat təşkil edir. - “Asan ödəniş” sisteminə ödənilmiş 31.03.2021-ci il tarixli **********45 saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarına və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,Cavabdeh1 5028,30 manat əsas borc məbləği kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «Finca Azerbaijan» MM QBKT-na ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,«Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış 10 iyul 2015-ci il tarixli kredit müqaviləsinə və Cavabdeh2 arasında bağlanmış 26 aprel 2016-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.Məhkəmə hesab edir ki,zaminlik müqaviləsinin şərtləri AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir.Həmçinin Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki,müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 26.04.2016-cı il tarixli saziş üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir.Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.Bu halda müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrasının vaxtının hansı andan çatdığıdır.«Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 26 aprel 2016-cı il tarixli sazişdə tərəflər razılaşmışlar ki,borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə,ödəniş cədvəlinə uyğun ödəyir,birinci ödəniş 20.05.2016-cı il tarixdə,sonuncu ödəniş 25.04.2018-ci il tarixdə həyata keçirilməli idi.Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci 25.04.2018-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə,məhkəmə hesab edir ki,26 aprel 2016-ci il tarixli sazişdən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da,iddiaçı zaminə qarşı 25.04.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş,əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi,eləcə də,bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.Həmçinin məhkəmə qeyd edir ki,zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir.Buna görə də,onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh2 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh2 və Cavabdeh3 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli,Cavabdeh1 26 aprel 2016-cı il tarixli saziş üzrə 5028,30 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 26 aprel 2016-cı il tarixli saziş üzrə Cavabdeh1 5028,30 (beş min iyirmi səkkiz manat otuz qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilsin. İddia zaminlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar