Məhkəmə qərarları › İş №2(077)-193/2020

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-193/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-193/2020 21.09.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı «X10 X6» MMC-nin cavabdeh X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faiz və cərimənin ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X10 X6» MMC cavabdeh X5 qarşı “kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il tarixli 0402-109476-01 saylı kredit müqaviləsi üzrə 636 (altı yüz otuz altı) manat 70 (yetmiş) qəpik məbləğində əsas borc, 134 (yüz otuz dörd) manat 10 (on) qəpik məbləğində faiz borcu , 1 (bir) manat 40 (qırx) qəpik cərimə borcu,11 (bir on bir) manat məbləğində kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti və məhdud bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın notarial qaydada təsdiq olunmuş surəti üçün ödənilmiş dövlət rüsumu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla,ümumilikdə 813 (səkkiz yüz on üç) manat 20 (iyirmi) qəpik məbləğində pulun tutularaq iddiaçı «X10 X6» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X10 X6» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki,təşkilatla cavabdeh X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0402-109476-01 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 49,90 faizlə 16 ay müddətinə 700 manat məbləğində kredit verilmişdir.Lakin borclu müqavilənin şərtlərini pozaraq,borc öhdəliyini icra etməkdən boyun qaçırır və bunun nəticəsində 636,70 manat əsas borcu,134,10 manat faiz borcu və 1,40 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 772,20 manat borcu vardır.Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan «X10 X6» MMC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 0402-109476-01 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 16 ay müddətinə illik 49,90 faiz olmaqla 700 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 938 saylı maliyyə arayışından görünür ki, X4 xx.xx.2019-cu il tarixli 0402-109476-01 saylı kredit müqaviləsinə əsasən «X10 X6»MMC-yə 636,70 manat məbləğində əsas borcu ,134,10 manat faiz borcu və 1,40 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 772,20 manat məbləğində borcu vardır. İş materiallarında olan hökümət ödəniş portalına ödənilmiş xx.xx.2020-ci il tarixli, ********* saylı qəbzin surətindən görünür ki, «X10 X6» MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan «X10 X6» MMC tərəfindən cavabdeh X5 göndərilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı «X10 X6» MMC tərəfindən cavabdeh X1 verilmiş, iddiaçı tərəfindən kredit müqaviləsində nəzərdə tutulan öhdəliklər icra edilsə də, lakin cavabdeh həmin müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə cavabdehin banka 636,70 manat məbləğində əsas borc,134,10 manat faiz borcu və 1,40 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 772,20 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X7 xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 636,70 manat məbləğində əsas borc,134,10 manat məbləğində faiz borcu və 1,40 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 772,20 manat məbləğində pul vəsaiti,notarial qaydada təsdiq üçün ödənilmiş 11 manat və 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı «X10 X6» MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2130,68-220, 227, 233, 284-1, 284-5, 284-30,68 və 330,680-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X3 636 (altı yüz otuz altı) manat 70 (yetmiş) qəpik məbləğində əsas borc,134 (bir yüz otuz dörd) manat 10 (on) qəpik faiz borcu, 1 (bir) manat 40 (qırx) qəpik məbləğində cərimə borcu,11 (bir on bir) manat məbləğində kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surəti və məhdud bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyanın notarial qaydada təsdiq olunmuş surəti üçün ödənilmiş dövlət rüsumu və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla,cəmi 813 (səkkiz yüz on üç manat) manat 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq iddiaçı «X10 X6» MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar