Məhkəmə qərarları › İş №2(077)-193/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-193/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-193/2021 27.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdeh Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızına qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızından «xxxx» MMC-nin xeyrinə 1) 26 sentyabr 2019cu il tarixli 00940523 saylı müqavilə üzrə 352 (üç yüz əlli iki) manat ödənilməmiş hissə,105 (bir yüz beş) manat cərimə borcu, 2) 19 fevral 2020-ci il tarixli 20113324 saylı müqavilə üzrə 2176 (iki min yüz yetmiş altı) manat ödənilməmiş hissə,676 (altı yüz yetmiş altı) manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 3309 (üç min üç yüz doqquz) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,iddiaçı «xxxx» MMC ilə cavabdeh Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 00940523 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 705 manat (18 ay x 39 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********22965 olan «Samsung Galaxy A50» markalı telefon almışdır.Hazırkı vaxtadək cavabdeh borcundan cəmi 353 manat məbləğində ödəniş etmişdir.Ümumilikdə cavabdehin 457 manat olmaqla,ondan 352 manat ödənilməmiş hissə və 105 manat cərimə borcu yaranmışdır. «xxxx» MMC ilə cavabdeh Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı arasında bağlanmış 19 fevral 2020-ci il tarixli 20113324 saylı müqaviləyə əsasən borclu alqı-satqı qiyməti 2457 manat (12 ay x 188 manat + 201 manat ilkin ödəniş) İMEİ kodu **********09101 olan «Samsung Galaxy S10+» markalı telefon almışdır.Hazırkı vaxtadək cavabdeh borcundan cəmi 281 manat məbləğində ödəniş etmişdir.Ümumilikdə cavabdehin 2852 manat olmaqla,ondan 2176 manat ödənilməmiş hissə və 676 manat cərimə borcu yaranmışdır.Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəməmişdir.Cavabdehin imzaladığı müqavilələrə görə 26.03.2021-ci il tarixə hər iki müqavilə üzrə ümumi borcu 3309 manat təşkil edir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında çıxış edən iddiaçı «xxxx» MMC-nin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə cavabdeh Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia aşağıdakı göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “xxxx” MMC ilə Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 00940523 saylı müqavilədən görünür ki, Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı “xxxx” MMC-dən 18 ay müddətinə alqı-satqı qiyməti 705 manat olan «Samsung Galaxy A50» markalı telefon almışdır. - Ödəniş cədvəlindən görünür ki,Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı 26 sentyabr 2019-cu il tarixli 00940523 saylı müqavilə üzrə 705 manat məbləğində almış olduğu avadanlığın qiymətini 24.10.2019-cu il tarixdən başlayaraq hər ay 39 manat ödəniş etməklə 24.03.2021-ci il tarixədək ödəməli idi. - “xxxx” MMC ilə Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı arasında bağlanmış 19 fevral 2020-ci il tarixli 20113324 saylı müqavilədən görünür ki, Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı “xxxx” MMCdən 12 ay müddətinə alqı-satqı qiyməti 2457 manat olan «Samsung Galaxy S10+» markalı telefon almışdır. - Ödəniş cədvəlindən görünür ki,Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı 19 fevral 2020-ci il tarixli 20113324 saylı alqı-satqı müqaviləsi üzrə 2457 manat məbləğində almış olduğu avadanlığın qiymətini 25.03.2020-ci il tarixdən başlayaraq hər ay 188 manat ödəniş etməklə 25.02.2021-ci il tarixədək ödəməli idi. - “xxxx” MMC-nin 26.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 1) 26 sentyabr 2019-cu il tarixli 00940523 saylı müqavilə üzrə 352 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 105 (0.39 manat x 270 gün) manat olmaqla,cəmi 457 manat borcu və 2) 19 fevral 2020ci il tarixli 20113324 saylı müqavilə üzrə 2176 manat ödənilməmiş hissə,cərimə borcu üzrə 676 (1.88 manat x 360 gün) manat olmaqla,cəmi 2852 manat,hər iki müqavilə üzrə ümumilikdə 3309 manat borcu vardır. - «xxxx» MMC tərəfindən cavabdehə göndərilmiş 15.10.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X3 ödənilmiş 29.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı «xxxx» MMC ilə cavabdeh Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızı arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən bəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,cavabdeh Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızının hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 26 sentyabr 2019-cu il tarixli 00940523 saylı müqavilə üzrə 352 manat ödənilməmiş hissə və 19 fevral 2020-ci il tarixli 20113324 saylı müqavilə üzrə 2176 manat ödənilməmiş hissə müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «xxxx» MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə 26 sentyabr 2019-cu il tarixli 00940523 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 105 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 10 manat və 19 fevral 2020-ci il tarixli 20113324 saylı müqavilə üzrə ödənilməsi tələb edilən 676 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 67 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızından 26 sentyabr 2019-cu il tarixli 00940523 saylı müqavilə üzrə 352 manat ödənilməmiş hissə,10 manat cərimə borcu və 19 fevral 2020-ci il tarixli 20113324 saylı müqavilə üzrə 2176 manat ödənilməmiş hissə,67 manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 2605 manat məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Abbaslı (Hacıyeva) Pərvin Pərviz qızından 26 sentyabr 2019-cu il tarixli 00940523 saylı müqavilə üzrə 352 (üç yüz əlli iki) manat ödənilməmiş hissə,10 (on) manat cərimə borcu və 19 fevral 2020-ci il tarixli 20113324 saylı müqavilə üzrə 2176 (iki min yüz yetmiş altı) manat ödənilməmiş hissə,67 (altmış yeddi) manat cərimə borcu olmaqla,ümumilikdə hər iki müqavilə üzrə 2605 (iki min altı yüz beş) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu «xxxx» MMC-yə aid edilsin Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar