Məhkəmə qərarları › İş №2(077)-197/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-197/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-197/2022 13.10.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı «kreditin,ona hesablanmış faizlərin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «kreditin,ona hesablanmış faizlərin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1-ci kredit müqaviləsi üzrə 2940 (iki min doqquz yüz qırx) manat borc,2-ci kredit müqaviləsi üzrə 1323 (bir min üç yüz iyirmi üç) manat borc və məhkəmə üçün ödənilmiş 63 (altmış üç) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 34746 saylı və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh 1-ci kredit müqaviləsinə əsasən 1400 manat məbləğində “Qaz metan qurğusu”nu 6 ay müddətinə,2-ci kredit müqaviləsi əsasən 630 manat məbləğində “Lassa 225/55/16” ölçüsündə avtomobil təkərini 5 ay müddətində hissələrlə ödəmək şərti ilə kreditə vermişdir.Hazırda cavabdeh ödənişlərin aparılması üçün istifadə edilmiş müvafiq məbləğləri istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 5 və 6 ay ərzində kredit xəttindən istifadə edilmə tarixindən sonrakı növbəti təqvim ayının ilk 10 günü müddətində bərabər hissələrlə olmaqla ödəməli olduğu krediti ödəməkdən yayınır və beləliklə,kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.Müqaviləyə əsasən müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə,habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə İddiaçı MMC pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,məhkəmə iclasına gəlməmişlər.İddiaçı MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirak olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri,sübutları,işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 34746 saylı müqavilədən görünür ki,Cavabdeh 6 ay müddətinə qiyməti 1400 manat olan “Metan qaz qurğusu” almışdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 34746 saylı müqavilədən görünür ki,Cavabdeh 5 ay müddətinə qiyməti 630 manat olan “Lassa 225/55/16” markalı təkər almışdır. - İddiaçı MMC tərəfindən cavadeh Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki,cavabdehə İddiaçı MMC-yə olan borcunu 5 gün ərzində ödəmədiyi təqdirdə mübahisənin həlli üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - X2 ödənilmiş xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılması ilə əlaqədar 63 manat məbləğində dövlət rüsumu ödəmişdir. - İddiaçı MMC tərəfindən göndərilmiş maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli Kredit üzrə müqavilələrə əsasən İddiaçı MMC Cavabdeh 1-ci kredit müqaviləsinə əsasən 1400 manat məbləğində “Qaz metan” qurğusunu,6 ay müddətində,2-ci kredit müqaviləsinə əsasən 630 manat məbləğində “Lassa 225/55/16” ölçüsündə avtomobil təkərini 5 ay müddətində hissələrlə ödəmək şərti ilə kreditə vermişdir. Cavabdeh həmin müqavilə şərtlərinə əməl etməyərək borcunu ödəməkdən yayınmışdır.Tərəflər arasında bağlanılmış həmin müqavilənin 3.6 və 3.7-ci bəndinə əsasən, müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədikdə,İddiaçı MMC malın qiymətinin ödənilməmiş hissəsinin iki qatını (200%) və malın qiymətinin 10%-nə bərabər cərimənin ödənilməsi barədə tələbini dərhal və mübahisəsiz yerinə yetirməlidir. Cavabdehin əsas borcu 1-ci kredit müqaviləsinə əsasən 1400 azn,2-ci kredit küqaviləsinə əsasən 630 azn ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətə yerinə yetirmədiyinə görə malın qiymətinin ödənilməmiş hissəsinin iki qatı 1ci kredit müqaviləsinə əsasən 1400 azn,2-ci kredit küqaviləsinə əsasən 630 azn və malın qiymətinin 10%-nə bərabər 1-ci kredit müqaviləsinə əsasən 140 azn,2-ci kredit müqaviləsinə əsasən 63 azn cərimə nəzərdə tutulmuşdur.Cəmi məbləğ 1-ci kredit müqaviləsinə əsasən 2940 azn,2-ci kredit küqaviləsinə əsasən 1323 azn təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən qiyməti 1400 manat olan “Qaz metan” qurğusu və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən qiyməti 630 manat olan “Lassa” markalı təkər satmışdır.Tərəflər arasında bağlanmış müqavilələrin 3.7-ci bəndinə əsasən müştəri ödəniş cədvəlinin tələblərini 3 aydan artıq müddətdə yerinə yetirmədikdə,İddiaçı MMC malın qiymətinin ödənilməmiş hissəsinin iki qatının (200%) və malın qiymətinin 10%-na bərabər cərimənin ödənilməsini razılaşdırmışlar.Hazırda İddiaçı MMC cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1400 manat əsas borc,1400 manat malın ödənilməmiş hissəsinin iki qatını,140 manat cərimə borcu olmaqla,cəmi 2940 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 630 manat əsas borc,630 manat malın ödənilməmiş hissəsinin iki qatını,63 manat cərimə borcu olmaqla,cəmi 1323 manat borc məbləğinin tutulmasını xahiş edir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü əsas borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1400 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 630 manat əsas borc müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Bununla yanaşı,mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Məhkəmə iddia tələbinin “malın ödənilməmiş hissəsinin iki qatının” tutulması hissəsində qeyd etməyi zəruri hesab edir ki,ödənilməmiş borcun iki qatının tələb edilməsi Mülki Məcəllənin tələblərinə ziddir.Bundan başqa,qanunvericiliyin tələbi ilə iddiaçı öhdəliyin icra edilməməsinə görə həmin vəsaitin məbləğində faizlər ödəməyi tələb edə bilər və həmin faizin məbləği bank dərəcəsi ilə müəyyənləşdirilir.Lakin iddiaçı icra edilməmiş öhdəliyə görə Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsinə uyğun məbləği tələb etmədiyindən iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Bu səbəbdən məhkəmə qeyd edir ki,cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli, iddia ərizəsində qeyd olunmuş xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 140 manat cərimənin məbləği azaldılmalı,14 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 63 manat cərimənin məbləği azaldılmalı,6 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 30 manatı cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1400 manat əsas borc,14 manat cərimə borcu olmaqla,cəmi 1414 manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 630 manat əsas borc,6 manat cərimə borcu olmaqla,cəmi 636 manat borc,ümumilikdə hər iki müqavilə üzrə 2050 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 1400 (bir min dörd yüz) manat əsas borc,14 (on dörd) manat cərimə borcu olmaqla,cəmi 1414 (bir min dörd yüz on dörd) manat və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 630 (altı yüz otuz) manat əsas borc,6 (altı) manat cərimə borcu olmaqla,cəmi 636 (altı yüz otuz altı) manat borc,ümumilikdə hər iki müqavilə üzrə 2050 (iki min əlli) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nın xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar