Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-203/2022 14.07.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq,Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1000 (bir min) manat əsas,323,84 (üç yüz iyirmi üç manat səksən dörd qəpik) manat faiz borcu,240,87 (iki yüz qırx manat səksən yeddi qəpik) manat cərimə borcu olmaqla,cəmi 1564,71 (bir min beş yüz altmış dörd manat yetmiş bir qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi “iddia tələbinin həcminin dəyişdirilməsinə” dair ərizə verərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1000 (bir min) manat əsas,205,95 (iki yüz beş manat doxsan beş qəpik) manat faiz,gecikdirilmiş vaxt üçün (5%) 381,81 (üç yüz səksən bir manat səksən bir qəpik) manat faiz borcu olmaqla,cəmi 1587,76 (bir min beş yüz səksən yeddi manat yetmiş altı qəpik) manat borcun,məhkəmə rüsumu kimi ödənilmiş 38,93 (otuz səkkiz manat doxsan üç qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 488 saylı kredit müqaviləsinə cavabdehə 12 ay müddətinə illik 22% ödəmək şərtilə “Visa Classic” plastik karta görə 1000 manat məbləğində kredit limiti açılmışdır.Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğu halda, Cavabdeh kredit borcunu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır.Cavabdehə borcunu vaxtında qaytarılması barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirməmiş və borcun ödənilməsi təmin edilməmişdir.Hazırda Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 1000 manat əsas,205,95 manat faiz borcu və 381,81 manat gecikdirilmiş vaxt üçün hesablanmış (5%) faiz borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki,o, İddiaçı ASC-dən kart vasitəsilə kredit götürmüş,lakin maddi vəziyyəti pisləşdiyindən borcunu geri qaytara bilməmişdir.Həmçinin onun əmək haqqında qeyd edilən borca görə xx.xx.2022-ci il tarixdə 532 manat və xx.xx.2022-ci il tarixdə 350 manat tutmalar edilmişdir.Əmək haqqında edilmiş tutmaların əsas borcdan çıxılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 488 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə illik 22% hesablanmaqla 1000 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli 453 saylı maliyyə arayışından görünür ki,Cavabdeh xx.xx.2022-ci il tarixədək 1015 manat məbləği istifadə etmiş,həmin məbləğdən 15 manat əsas borcdan ödəmiş və hazırda 1000 manat ödənilməmiş borc,205,95 manat faiz borcu(22%) və 381,81 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu (5%) vardır.Göstərilən vaxtadək 587,76 manat faiz borcundan və 294,24 manat cərimə borcundan ödəniş edilmişdir. - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli hesabdan çıxarışından görünür ki, Cavabdeh əmək haqqından xx.xx.2022-ci il tarixdə 532 manat və xx.xx.2022-ci il tarixdə 350 manat məbləğində pul tutulub kredit borcuna ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 488 saylı kredit müqaviləsinə əsasən bank (borc verən) tərəfindən Cavabdeh (borc alan) 12 ay müddətinə illik 22% olmaqla 1000 məbləğində kredit verilmişdir.Cavabdeh kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmiş,ona görə də,bank Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə məhkəmə əmrinə dair ərizə ilə müraciət etmişdir.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5402\2015 saylı xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh 1000 manat əsas borc,323,84 manat faiz borcu və 240,87 manat cərimə borcu olmaqla,cəmi 1564,71 manat borcun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi əmr edilmiş və məhkəmə əmri icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə əmrinin ləğv edilməklə iddia icraatına keçirilməsinə xahiş etmişdir.Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia icraatına keçirilməsinə dair ərizəyə baxılarkən Cavabdeh Şuşa rayonunda qeydiyyatda olduğu müəyyən edilmiş və iş baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,Cavabdeh əmək haqqından xx.xx.2022-ci il tarixdə 532 manat və xx.xx.2022-ci il tarixdə 350 manat olmaqla,cəmi 882 manat məbləğində borc məhkəmə əmri əsasında tutulmuşdur.Məhkəmə qeyd edir ki,ilkin iddia tələbində iddiaçı cavabdehdən 1000 manat əsas borc,323,84 manat faiz borcu və 240,87 manat cərimə borcu tutulmasını tələb etsə də,cavabdehin əmək haqqından tutulmalar 587,76 manat faiz borcuna və 294,24 manat isə cərimə borcuna silinmiş,yəni iddiaçı məhkəmə əmrindən kənara çıxaraq qeyd edilən məbləğləri əsassız olaraq faiz və cərimə borcuna silmişdir.Ona görə də,məhkəmə hesab edir ki,məhkəmə əmri əsasında cavabdehin əmək haqqından tutulan 532 manat məbləğində pul onun banka olan müqavilə müddəti üçün hesablanan 205,95 manat faiz borcundan silinməli (532- 205,95=326,05),digər tutma məbləği olan 350 manat isə ilkin ərizədə qeyd edilən 240,87 manat cərimə borcundan silinməlidir (350-240,87=109,13).Qeyd edilən məbləğlərdən qalan (326,05+109,13=435,18) 435,18 manat isə cavabdehin əsas borcundan (1000- 435,18=564,82) çıxılaraq əsas borc 564,82 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə gecikdirilmiş vaxt üçün 5% hesablanmış faiz borcu məbləğinin tutulması hissəsinə gəldikdə hesab edir ki,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin məhkəmə əmri 2015-ci ildə qəbul edilmiş və icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir.Lakin iddiaçı bu müddətdə ərzində məhkəmə əmrinin icra edilməsi üçün hər hansı hərəkət etməmiş,ona görə də,iddia tələbi gecikdirilmiş vaxt üçün 5% hesablanmış faiz borcunun tutulması hissəsində iddia tələbinin rədd olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 39,33 manat dövlət rüsumu iddia qismən təmin edildiyindən cavabdehdən 30 manat məbləğində tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki,iddia qismən təmin edilməli, Cavabdeh 564,82 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 564,82 (beş yüz altmış dörd manat səksən iki qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-203/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-203/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver