Məhkəmə qərarları › İş №2(077)-244/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-244/2024

20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-244/2024 20.08.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 14 fevral 2022-ci il tarixdə ondan sadə yazılı formada, şahidlərin iştirakı ilə 1000 manat borca pul almışdır. Cavabdeh pulu götürərkən 14 fevral 2022-ci il tarixdə sadə qaydada əlyazması ilə ondan borca pulu götürməsi və 10 ay müddətinə hər ay 100 manat olmaqla tam 1000 manat məbləği qaytaracağına əmin olmaq üçün qəbiz yazmışdır. Həmin qəbz ilə cavabdeh pulu götürməsi və qaytaracağı ayları tam təfsilatı ilə yazmış, qəbzin sonunda imza və tarixi göstərmişdir. Buna baxmayaraq cavabdeh pulu qaytarmamış və müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun bacısıdır. Cavabdehə bacısı tərəfindən 1000 manat məbləğində borc verilərkən özü də orada olmuş və borcun verilməsini, qəbzin yazılmasını və imzalanmasını video qeydə almışdır. Video çəkilişindən cavabdehin məlumatı olmuşdur. Dəfələrlə zəng etsələr də, bacısı ilə bərabər evinə getsələr də, cavabdehdən pulu geri ala bilməmişlər. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan, Cavabdeh tərəfindən tərtib olunmuş, onun və İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, cavabdeh, iddiaçıdan 1000 manat borc pul aldığını və həmin borcu 10 ay müddətində, hər ay 100 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş DVD diskinə baxış zamanı müəyyən olunur ki, Cavabdeh məlumatı və razılığı ilə yuxarıda qeyd olunan qəbzin tərtib edilməsi, imzalanması və onun İddiaçı 1000 manatı qəbul etməsinin video qeydiyyatı aparılmışdır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixində İddiaçı 1000 manat məbləğində pul alıb, 10 ay müddətində, hər ay 100 manat olmaqla qaytaracağına dair öhdəlik götürsə də, bu öhdəliyini icra etməmişdir. Odur ki, məhkəmə üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar