Məhkəmə qərarları › İş №2(077)-256/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-256/2021

25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-256/2021 25.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Cavabdeh qarşı «mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyan tələbi»nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mülki hüquq pozuntusu nəticəsində vurulmuş ziyan tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 3824 (üç min səkkiz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ilə Cavabdeh dost münasibətləri olmuşdur.23 sentyabr 2020-ci il tarixdə saat 20:00 radələrində yaşadıqları kəndin ərazisində bir-birlərini gördükdən sonra cavabdeh işi ilə əlaqədar İddiaçı mülkiyyətində olan “VAZ 21013” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili bir neçə saatlıq ona verməsini xahiş etmişdir.İddiaçı cavabdehin sürücülük vəsiqəsi olduğunu bildiyindən ona güvənmiş və xahişini nəzərə alaraq avtomobilini ona vermişdir.Həmin gün axşam saat 21:15 radələrində Cavabdeh Bərdə rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxdığını,ağaca dəyərək yol-nəqliyyat hadisəsi törətdiyini və Elvin adlı şəxsin xəsarət aldığını eşitmişdir.Dərhal hadisə yerinə getmiş və Cavabdeh hadisə yerindən qaçdığını öyrənmişdir. Baş vermiş yol nəqliyyatı hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi,polis mayoru X3 tərəfindən araşdırma aparılmış və Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanılması rədd edilmişdir.Lakin Cavabdeh yol hərəkəti qaydalarını pozduğundan Azərbaycan Respublikası İXM-nin 327.1,327.6 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati qaydada cəzalandırılmışdır.Cavabdeh təqsiri üzündən onun mülkiyyətində olan “VAZ 21013” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya uğraması nəticəsində iddiaçıya 3824 manat məbləğində ziyan dəymişdir.Dəfələrlə cavabdehdən dəymiş ziyanın ödənilməsini tələb etsə də,heç bir nəticəsi olmamışdır. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq,məhkəmə iclasına gəlməmişlər.İddiaçı teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini,iddia tələbini müdafiə etdiyini və təmin edilməsini xahiş etmişdir.Cavabdeh isə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - AC № 497336 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,1983-cü il buraxılışlı,ağ rəngli “VAZ 21013” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur. - “AZ Avtovaz” Texniki Xidməti Sənaye Ticarət Birliyi Tərtər texniki xidmət sahəsinin 09.01.2021-ci il tarixli 90 saylı arayışından görünür ki, “VAZ 21013” markalı ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin dəyişilməli hissələrinin məbləğinin cəmi 2754 manat və usta xərcləri 1250 manat olmaqla,cəmi 3824 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat idarəsinin YNH-ə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi,polis mayoru X2 05.10.2020-ci il tarixli qərarına əsasən Cavabdeh əməlində cinayət hadisəsi olmadığı üçün onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. - "xxxx" ASC-nin 09.02.2021-ci il tarixli qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin 19.10.2021-ci il tarixli 9/6216 saylı ekspert rəyindən görünür ki,1983-cü il buraxılışlı,ağ rəngli “VAZ 21013” markalı ** BL *** dövlət nömrə nişanlı minik avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə,əsaslı təmir olunması rentabelli hesaи olunmamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 2240 (3200 m-30%) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki,İddiaçı mülkiyyətində olan “VAZ 21013” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh təqsiri nəticəsində maddi ziyan dəymişdir.Maddi ziyanın məbləği “AZ Avtovaz” Texniki Xidməti Sənaye Ticarət Birliyi Tərtər texniki xidmət sahəsinin arayışına əsasən 3824 manat məbləğində müəyyən edilmiş və iddiaçı maddi ziyanın cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki,Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı mülkiyyətində olan “VAZ 21013” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurması iş materiallarında öz təsdiqini tapmışdır.Lakin İddiaçı mülkiyyətində olan avtomobilə 3824 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də,Məhkəmə Ekspertizası Mərkəzinin 19.10.2021-ci il tarixli 9/6216 saylı ekspert rəyi ilə dəymiş ziyanın məbləği 2240 manat müəyyən edilmişdir.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki,iş materiallarında İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğini müəyyən edən ekspert rəyini təkzib edən hər hansı başqa sübut təqdim edilməmiş,ona görə də, iddia tələbi bu hissədə qismən,yəni ekspert rəyinə əsasən hesablanmış 2240 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş dövlət rüsumu üçün 30 manat və ekspertiza xərci üçün 100 manatdan ibarətdir. İddia qismən təmin edildiyindən,ödənilmiş dövlət rüsumu olan 30 manat pul vəsaitinin 15 manat məbləğindəki hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Eləcə də ekspertiza xərci olan 100 manat məbləğində pul vəsaiti tərəflər arasında bərabər şəkildə bölünərək, 50 manat iddiaçıdan və 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 2240 manat məbləğində maddi ziyan,ödənilmiş 15 manat dövlət rüsumu və 50 manat ekspertiza xərci tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2240 (iki min iki yüz qırx) manat məbləğində maddi ziyan və ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddiaçı 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar