Məhkəmə qərarları › İş №2(077)-259/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-259/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-259/2021 26.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 qızının iclas katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin cavabdeh Heydərova Ülviyyə Cümşüd qızına qarşı “kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faiz və cərimənin ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC cavabdeh Heydərova Ülviyyə Cümşüd qızına qarşı qarşı “kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faiz və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.05.2019-cu il tarixli, 344-MEB-0181-19 saylı kredit müqaviləsi üzrə cavabdehdən 916,51 (doqquz yüz on altı manat əlli bir qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" QSC ilə cavabdeh Heydərova Ülviyyə Cümşüd qızı arasında 16.05.2019-cu il tarixli, 344-MEB-0181-19 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə illik 24% olmaqla hər ay 89 manat, sonuncu ay 84,35 manat ödəmək şərtilə 1680 manat məbləğində kredit vermişdir.Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Hazırda 01.06.2021-ci il tarixli arayışa əsasən cavabdeh Heydərova Ülviyyə Cümşüd qızının banka 916,51 manat məbləğində əsas borc hesablanmışdır. Cavabdehə borcunu ödəmək barədə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək borcundan ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. Mülki iş materiallarında olan: - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Heydərova Ülviyyə Cümşüd qızı arasında bağlanmış 16.05.2019-cu il tarixli, 344-MEB-0181-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə 1680 manat məbləğində verilmişdir. - kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Heydərova Ülviyyə Cümşüd qızı 1680 manat məbləğində almış olduğu krediti 17.06.2019-cu ildən başlayaraq hər ay 89 manat, sonuncu ay 84,35 manat olmaqla 17.05.2021-cı il tarixədək ödəməli idi. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin 01.06.2021-ci il tarixli MA-0021603- 21 saylı maliyyə arayışından görünür ki, Heydərova Ülviyyə Cümşüd qızının 16.05.2019cu il tarixli, 344-MEB-0181-19 saylı müqavilə üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 916,51 manat əsas borc təşkil edir. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən cavabdeh Heydərova Ülviyyə Cümşüd qızına göndərilmiş 19.04.2021-ci il tarixli 14625/21 saylı bildirişdən görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - hökümət ödəniş portalına ödənilmiş 13.10.2020-ci il tarixli, ********* saylı qəbzin surətindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən cavabdeh Heydərova Ülviyyə Cümşüd qızına kredit verilmiş, iddiaçı tərəfindən kredit müqaviləsində nəzərdə tutulan öhdəliklər icra edilsə də, lakin cavabdeh həmin müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 916,51 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Heydərova Ülviyyə Cümşüd qızı 16.05.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 916,51 manat əsas borc, və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Heydərova Ülviyyə Cümşüd qızından 916,51 (doqquz yüz on altı manat əlli bir qəpik) manat məbləğində əsas borc və 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsiilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar