Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-272/2023 28.09.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli 33199nkMDKb/22 saylı müqavilə üzrə 3195,15 manat əsas borc, 725,41 manat faiz borcu, 30,69 manat cərimə olmaqla, cəmi 3951,25 manat borcun və 59,95 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 33199nkMDKb/22 saylı kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə illik 29,50% hesablanmaqla 3600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Nəticə etibarilə, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "Unibank” KB ASC-yə 3195,15 manat əsas borc, 725,41 manat faiz borcu, 30,69 manat cərimə olmaqla, cəmi 3951,25 manat borcu yaranmışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddia ərizəsi üzrə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 33199nkMDKb/22 saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, borcverən ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35% faizədək olmaq şərtilə 20000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla borcalan”a verə bilər. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi min. 16 % - max. 40% faiz təşkil edir. Bank bu müqavilə müddətinin sonunadək həmin müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəmiləşdirilə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu müqavilə ilə müəyyən edilir. Bu, heç bir halda bank tərəfindən müştəriyə kreditin verilmə vədi kimi təfsir oluna bilməz. Bu kreditin borcalana təqdim edilməsi aşağıdakı qaydada həyata keçirilir: bu müqavilə imzalandıqdan sonra borcalana cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. Lakin cari hesabda pul vəsaiti olmur. Borcalan aşağıdakı şərtlərdən biri vasitəsilə krediti əldə edə bilər: a) Borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsindən (bundan sonra borcalanın mobil telefon nömrəsi) ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini sms vasitəsilə borcverənin 8117 qısa nömrəsinə (bundan sonra borcverənin qısa nömrəsi) yazıb göndərir. Bundan sonra borcverən, borcalanın mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin borcalanın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. Borcalanın həmin sms-ə cavab olaraq, öz mobil telefon nömrəsindən borcverənin qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi (Borcalan razılığını ifadə etmək üçün məhz təklif-smsində bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin borcalanın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və borcverən həmin sms-i qəbul etdiyi andan 1 iş günü ərzində kredit məbləğini borcalanın cari hesabına köçürür. Kredit məbləği borcalanın həmin məbləğdən tam və ya qismən istifadə edibetməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. b) Bank borcalana təklif sms-i göndərir və bu bildirişə cavab almadan bu müştərinin cari hesabına (ödəniş kartına bağlı hesab) kredit vəsaitini köçürür və bu barədə sms bildiriş göndərir. SMS bildirişdə kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği əks olunur. Bu sms müştəriyə göndərildiyi tarixdən 10 təqvim günü ərzində kredit vəsaiti hesabdan tam və ya qismən istifadə edilmədikdə kredit ləğv olunur. Bu müddət ərzində tam və ya qismən istifadə olunarsa, müştərinin kreditə razılığı kimi hesab olunur. Vəsaitin hesaba köçürüldüyü tarixdən kredit rəsmiləşdirilmiş hesab olunur və kreditin tam və ya qismən istifadə edilməsindən asılı olmayaraq bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanır. Məhkəməyə təqdim olunmuş SMS yazışmasından və Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2025-ci il tarixinədək illik 29,50%, komissiya 185 manat, aylıq ödəniş 152 manat olmaqla 3600 manat məbləğində kredit verilməsi ilə bağlı Cavabdeh (51) ***-**-** mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə təklif SMS-i göndərilmiş, həmin tarixdə qeyd olunan vəsait borcalanın kartına köçürülmüş və onun tərəfindən istifadə olunmağa başlanılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 33199nkMDKb/22 saylı kredit müqaviləsi üzrə 3195,15 manat əsas borc, 725,41 manat faiz borcu, 30,69 manat cərimə olmaqla, cəmi 3951,25 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 59,95 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 33199nkMDKb/22 saylı kredit müqaviləsi üzrə 3195,15 manat əsas borc, 725,41 manat faiz borcu, 30,69 manat cərimə olmaqla, cəmi 3951,25 manat borcunun qalması təsdiq olunduğundan, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 33199nkMDKb/22 saylı müqavilə üzrə 3195,15 manat əsas borc, 725,41 manat faiz borcu, 30,69 manat cərimə olmaqla, cəmi 3951,25 (üç min doqquz yüz əlli bir manat 25 qəpik) manat borc və 59,95 (əlli doqquz manat 95 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-272/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-272/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver