Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-276/2024 06.11.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ağayeva (Rəhimova) Aynur Səfər qızına qarşı “pul tələbinə dair” ilkin, iddiaçı Ağayeva (Rəhimova) Aynur Səfər qızının cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağayeva (Rəhimova) Aynur Səfər qızından onun xeyrinə 41500 manat məbləğində pulun və 216 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin yanvar ayında əvvəllər tanıdığı, rəfiqə kimi münasibətlərinin olduğu Cavabdeh (Rəhimova) zəng vuraraq, təcili 2500 manat pul lazım olduğunu və borc götürəcəyi pulu 2 ay ərzində faizi ilə birlikdə, aylıq 250 manat olmaqla, 500 manat verəcəyini bildirmiş, razılaşdıqdan sonra Aynur tanımadığı bir nəfəri onun yaşadığı evə göndərmiş və evdə həmin şəxsə 2500 manat pul vermişdir. Ay tamam olan zaman, Aynur 250 manat faiz pulunu ödəmiş, 2023-cü ilin mart ayında Aynur yenidən zəng vuraraq, bacısının xəstə olduğu üçün təkrar 6000 manat pul istəmiş, aylıq faiz olaraq 600 manat da həmin götürəcəyi pula görə danışıb razılaşmışlar. Aynurun göndərdiyi bank kartına 6000 manat pul göndərmiş, bundan sonra növbəti ay faizin vaxtı çatan zaman, Aynur faiz pulunu ödəmiş, həmin günün səhərisi ondan yenidən 10000 manat pul götürmüş, 1000 manat aylıq faiz ödənilməsi ilə bağlı razılaşmışlar. Aynur götürdüyü pulların aylıq faizini ödəmiş, müxtəlif vaxtlarda 12000 manat, 6000 manat, 2000, 6000 və 3500 manat pulları yenidən faizə götürmüş və həmin götürdüyü pullrın da aylıq olaraq faizlə ödəyəcəyini bildirmidir. Beləliklə Cavabdeh (Rəhimova) ümümilikdə ondan 41500 manat faizlə pul götürmüş, aylıq olaraq 3500 manat faiz kimi pul ödəmiş, pulları eyni vaxtda deyil, ayın müxtəlif günlərində ona məxsus bank kartına ödəmişdir. Beləliklə, Cavabdeh (Rəhimova) 2023-cü ilin noyabr ayına gədər ona müxtəlif məbləğlərdə faiz ödəmiş, lakin, bir neçə dəfə ondan ana məbləğ ödəməsini istədiyi zaman, hər dəfəsində gələn ay ödəyəcəyi vədi ilə aldadaraq gecikdirmişdir. Aynur borca verdiyi pulların faizini bəzən gec, bəzən yarımçıq və bəzi aylarda isə heç ödəmədiyi üçün məbləğ dəqiq yadımda deyil. Aynur faizə götürdüyü pullardan bir miqdar faiz ödəsə də, ana məbləği, yəni 41500 manatı hələ də ödəməmişdir. Sonuncu dəfə 2024-cü ilin yanvar ayında Aynurdan 34-cü Polis Şöbəsinə şikayət etmiş, həmin vaxt Aynur polisə dəvət olunmuş, izahat verərək 41500 manat pulu ondan faizə götürdüyünü etiraf etmiş və 12 ay ərzində 3500 manat ödəməklə, 1 il ərzində borcunu bağlayacağına söz vermişdir. Cavabdeh (Rəhimova)ya 2023-cü ilin noyabr ayından faizi dayandırdığını və əsas borc məbləği olan 41500 manatı bağlamağını xahiş etmiş, polisə şikayət etdikdən sonra Aynur onun bank kartına 2000 manat pul göndərmiş, lakin sonradan pulu olmadığını əsas gətirərək, pulları verməkdən yayınmışdır. İlk dəfə 2500 manat puldan başqa qalan hər dəfəsində Aynura pulları bank kart vasitəsilə göndərmiş, Aynur da faizləri ona bank kartı vasitəsi ilə göndərmiş, Aynur həmin pulları faizə götürən zaman özü öz xahişi və istəyi ilə götürmüş, bu işə onu heç kimin məcbur etmədiyini bildirmişdir. Cavabdeh (Rəhimova) 41500 manat özünün istəyi ilə faizə pul vermiş, ona götürdüyü məbləğin faizini aylıq olaraq demişdir, bundan Aynurun xəbəri olmuş və özü də razılaşmışdır. Cavabdeh (Rəhimova) dediyi məbləğdə pulları ödəməmişdir. Hazırda bank hesab qəbzləri olmadığından, ehtiyac olarsa, bu barədə banka müaciət edib, hesabına köçən pulların cədvəlini çıxartmaq mümkündür. Cavabdeh (Rəhimova) təhqiqata təqdim etdiyi qəbzlərin çoxunun 41500 manat ona verdiyi puldan əlavə olaraq, Aynurun 2-3 günlük, yəni faizsiz borc kimi pul alaraq qaytardığı, həmin çekləri də ödədiyi məbləğə saydığını bildirir. Prosesin gedişində Ağayeva (Rəhimova) Aynur Səfər qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı 11900 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin fevral ayında xaricdə təhsil alan oğlunun təhsil haqqını qarşılamaq və digər maddi ehtiyaclarını ödəmək üçün tanışı İddiaçı ayrı-ayrı vaxtlarda 2500 manat, 6000 manat, 10000 manat, 6000 manat, 12000 manat və 2000 manat olmaqla, ümumilikdə 38500 manat məbləğində borc pul almışdır. İddiaçı həmin pul məbləğlərinin hamısını ona məxsus olan kart hesabına köçürtmüşdür. Bu günədək 38500 manat borc pulun qarşılığında sonuncu dəfə xx.xx.2024-cü ildə 2000 manat olmaqla, ümumilikdə 50400 manat məbləğində pulu geri qaytarmışdır. Ödənişlərin hamısını “Beynəlxalq Bank”a və “Kapital Bank”a aid İddiaçı öz adına olan 3 ədəd kart hesablarına köçürmüşdür, (həmin kartların şəkilləri və ödəniş qəbzləri ərizəyə əlavə edilir). Götürdüyü borcdan artıq məbləğdə pul qaytarmaq üçün məcbur qalıb ayrı-ayrı adamlardan və 2 bankdan kreditə pul götürmüş və nəticədə xeyli miqdarda borca düşmüşdür. İddiaçı daha sonra ona həmin pulları ona faizlə verdiyini və qaytardığı bütün məbləğlərin faiz borcu olduğunu, hələ 40000 manat əsas borcunun qaldığını bildirmişdir. İddiaçı etiraz edərək faizlə pul vermək səlahiyyətinin olmadığını, borc kimi götürdüyü pulu hissə-hissə ödəməyə razılaşdıqlarını və borcunu artıqlaması ilə ödədiyini bildirmişdir. Götürdüyü ümumi borcun əvəzində 11900 manat məbləğində artıq pul ödədiyini İddiaçı dəfələrlə bildirsə də, hər dəfə ona hədə-qorxu gələrək əlavə 40000 manat tələb etdiyinə görə məcbur qalıb Xətai Rayon Polis İdarəsinə şikayət ərizsəi ilə müraciət etmiş, araşdırma nəticəsində xx.xx.2024-cü il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. İddiaçı ona məxsus karta hissə-hissə olmaqla ümumilikdə 38500 manat pul göndərmişdir. Günayın ona göndərdiyi sübut əhəmiyyəti kəsb edən və özü tərəfindən yazılmış borca dair qeyddən (yazlı kağızdan) də görünür ki, ona ümumilikdə 38500 manat borc pul vermişdir. Həmçinin xx.xx.2024-cü il tarixli Qərarın məzmunundan da görünür ki, İddiaçı öz izahatında göstərmişdir ki, ona 41500 manat pul vermiş və həmin pulun 2500 manatını şəxsən ona deyil, guya hansısa adını bilmədiyi tanışına evdə vermişdir. Bu fakt bir daha onu göstərir ki, Günay ona həmin 2500 manatı verməmişdir. Aralarında borc pulun alınması və geri qaytarılması yalnız karta köçürmə vasitəsi ilə olmuşdur. Günayın izahatındakı etirafı dolayısı ilə sübut edir ki, ona cəmi 38500 manat borc pul vermiş və bu məbləğ artıq işin mübahisələndirilməyən halıdır. İddiaçı ilə aralarında nə borc müqaviləsi, nə də kredit müqaviləsi bağlanmamışdır. Aralarında rəsmi yazılı müqavilə olmadığına görə İddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur. Aralarında yazılı qaydada borc və ya kredit müqaviləsi bağlanmadığına görə İddiaçı ondan 38500 manat puldan əlavə pul və ya faiz tələb etməsi qanunsuz və əsassızdır. Ödəmə qəbzlərinə əsasən İddiaçı ümumi aldığı puldan 11900 manat artıq pul ödəmişdir və o, həmin məbləğ həcmində əsassız varlanmışdır. Məhkəmə iclasında çıxış edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsində göstərilənləri təsdiq edərək təmin olunmasını, ilkin iddia tələblərinin əsassız olduğuna görə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərid Abbasovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Ağayeva (Rəhimova) Aynur Səfər qızının müraciəti əsasında Xətai RPİ-nin 34-cü PŞ-də aparılmış araşdırılma zamanı Ağayeva (Rəhimova) Aynur Səfər qızı izahatında, İddiaçı uzun illərdir ki, tanıdığını, aralarında rəfiqə kimi münasibətlərinin olduğunu, 2023-cü ilin fevral ayında ona təcili olaraq pul lazım olduğu üçün, Günaya zəng vuraraq ondan borca pul istədiyini bildirmişdir. İddiaçı ona lazım olan 2500 manat pulu faiz olaraq verə biləcəyini bildirdikdən sonra öz aralarında danışıb razılaşdıqlarını və aylıq 250 manat faizə pul verməli olduğunu bildirmişdir. 2500 manatı İddiaçı ona məxsus bank kartına göndərdiyini 3-4 ərzində 250 manatdan olmaqla Günaya məxsus bank kartına faiz ödədiyini bildirmişdir. Bir müddət sonra yenidən bacısı onkoloji xəstə olduğu üçün, yenidən Günaya müraciət etdiyini və 6000 manat yenidən faziə pul götürdüyünü, əlavə olaraq 6000 min manat üçün aylıq 1200 manat faiz ödəməli olması barədə aralarında danışaraq razılığa gəldiklərini bildirmişdir. Tarix dəqiq yadında deyil, ilk dəfə götürdüyü pulla birlikdə aylıq faizləri ödədiyini, bundan sonra yedinən Günaydan 10000 faizə pul götürdüyünü və həmin pul üçün 2000 manat faiz ödəməli olduğunu bildirmişdir. Bundan sonra 12000 manat Günayadan faizə pul götürdüyünü və həmin pul üçün aylıq olaraq 1200 manat faiz ödəməli olduğunu, bundan sonra yenidən ona təcili olaraq pul lazım olduğu üçün, 6000 Günaydan faizə pul götürdüyünü və həmin pul üçün aylıq 600 manat Günaya pul ödəməli olduğunu bildirmişdir. Cavabdeh (Rəhimova) ümumilikdə hesablamasına görə təqribən Günaydan 40000 manata yaxın faizə pul götürdüyünü, aylıq olaraq hər ay mütəmadi olaraq Günaya məxsus bank kartlarına 1 ay üçün 3650 manat pul ödədiyini bildirmişdir. Ödədiyi bank qəbzlərinin sürətini təhqiqata təqdim edərək, 2023-cü ilin fevral ayından 2024-cü ilin fevral ayına qədər 57480 manatı Günaya məxsus bank kartlarına göndərdiyini bildirmişdir. A. Ağayeva (Rəhimova) bir il ərzində İddiaçı olan borcunun faziləri artdığı üçün, ona küllü miqdarda borclandığını və Günaya zəng vuraraq, faziləri dayandırmasını, ona güzəşt etməsini xahiş etdiyini bildirmişdir. İddiaçı isə ona olan borcunu bir gün gecikdirdiyi üçün, telefonda onu söyüb-təhqir edərək, şərəf və ləyaqətini alçaltdığını, dövlət orqanlarının ünvanına təhqiramiz ifadələr işlədərək, heç kimdən qorxub-çəkinmədiyini dediyini bildirmişdir. İddiaçı ilə telefon danışıqlarının səs yazılarını disk formasında təhqiqata təqdim etmişdir. Sonuncu telefon danışıqları zamanı İddiaçı 57480 manat pul ödədiyini, artıqlaması ilə ona olan borcunu qaytardığını bildirən zaman İddiaçı ona 40000 manat əsas borcunun qaldığını, ödədiyi pulların isə faiz pulları olduğunu dediyini bildirmişdir. Bundan sonra Günayın ondan polis orqanlarına şikayət etdiyini və xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Rövşən adlı şəxs ona barəsində şikayət olduğunu bildirərək, onu şöbəyə dəvət etdiyini, şöbədə Günaya olan borcunu etiraf edərək, ona ödədiyi bank qəbzlərinin çeklərini təqdim etsə də ona aylıq 3500 manat Günaya pul ödəməli olduğunu, əks təqdirdə həbs olunacağı bildirilmişdir. Bundan sonra Notariusa gedəcəyi və orada Günay ilə birlikdə borc müqaviləsi bağlanılacağı bildirilmişdir.Günay ilə bilrikdə notariusa getsələr də, notarius müəyyən səbəblərdən müqaviləni təsdiq etməmişdir. Bundan sonra Günaya xx.xx.2024-cü il tarixdə 2000 manat bank kartına pul ödədiyini, sonra isə İddiaçı ona zəng vuraraq onu tutduracağı, məhkəməyə verəcəyi ilə hədə- qorxu gələrək, ondan 40000 manat tələb etdiyini bildirmişdir. Cavabdeh (Rəhimova) hazırda maddi vəziyyətinin pis olduğunu, Günaya bir daha pul ödəmək fikrinin olmadığını, ona olan borcunu artıqlaması ilə ödədiyini və bezərək Xətai RPİ-nə, Xətai rayon Prokurorluğuna və digər yuxarı instansiyalara bu barədə müraciətlər etdiyini bildirmişdir. Cavabdeh (Rəhimova), İddiaçı aldığı 40000 manat faizə pulların faizini ödəyən zaman, əsas borcdan da silindiyini düşündüyünü, bu barədə Günayın özü ilə heç bir söhbətlər etmədiyini, ona aylıq olaraq ödədiyi pulların əsas borcdan da çıxıldığını düşündüyünü bildirmişdir. A. Ağayeva (Rəhimova) öz hesablamasına görə İddiaçı götrüdüyü 40000 manat puldan əlavə olaraq 17480 manat 1 il ərzində pul qaytardığını, hazırda heç bir borcu qalmadığını, buna görə də aralarında söz-söhbətlər yarandığını bildirmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında Ağayeva (Rəhimova) Aynur Səfər qızını uzun illərdir ki, tanıdığını və aralarında rəfiqə kimi münasibətlərinin olduğunu, 2023-cü ilin yanvar ayında Cavabdeh (Rəhimova)nın ona zəng vuraraq 2500 manat təcili pul lazım olduğunu və borc götürəcəyi pulu 2 ay ərzində faizi ilə birlikdə, yəni aylıq 250 manat olmaqla 500 manat 2 ay ərzində faiz verəcəyini bildirmiş, öz aralarında danışıb razılaşdıqlarını və həmin vaxtlar ünvan 1 ünvanında yaşadığı üçün, Aynurun onun tanımadığı bir nəfər tanışını yaşadığı evə göndərdiyini və evdə həmin şəxsə 2500 manat faziə pul verdiyini bildirmişdir. Bundan sonra ay tamam olan zaman, Aynurun 250 manat bir aylıq faizin pulunu ödədiyini, 2023-cü ilin mart ayında Aynurun yenidən ona zəng vuraraq, bacısının xəstə olduğu üçün təkrar ondan faizə 6000 manat pul istədiyini, aylıq faiz olaraq 600 manat da həmin götürəcəyi pula görə aralarında danışıb razılaşdıqlarını bildirmişdir. İddiaçı yaşadığı evdən Aynurun ona göndərdiyi bank kartına 6000 manat pul göndərdiyini, bundan sonra növbəti ay faizlərin vaxtı çatan zaman, Aynur faizlərin pullarını ödəyib, həmin günün səhərisi yenidən 10000 manat ondan faizə pul götürdüyünü, aralarında olan danışığa əsasən sonuncu pullara görə 1000 manat aylıq faiz ödəməli olduğunu bildirmişdir. Həmin vaxtlarda Aynur götürdüyü pulların aylıq faizlərini ödədiyini, lakin Aynur faizləri ödəməklə yanaşı, yenidən müxtəlif vaxtlarda 12000 manat, 6000 manat, 2000, 6000 və 3500 min manat pulları yenidən faizə pullar götürdüyünü və həmin götürdüyü pulların da aylıq olaraq faizlə ödəyəcəyini bildirmişdir. Beləliklə Cavabdeh (Rəhimova)nın ümumulikdə 41500 manat faizə ondan pul götürdüyünü, götürdüyü pullardan aylıq olaraq 3500 manat faiz kimi pul ödədiyini, lakin həmin pulları eyni vaxtda deyil ayın müxtəlif günlərində ona məxsus bank kartına ödədiyini bildirmişdir. Beləliklə Cavabdeh (Rəhimova)nın 2023-cü ilin noyabr ayına qədər ona müxtəlif məbləğlərdə faizlər ödədiyini, lakin gecikdirdiyi üçün, bir neçə dəfə ona verdiyi ana məbləğ pulları ödəməsini istəyən zaman Aynur hər dəfəsində gələn ay ödəyəcəyi vədi ilə onu aldadaraq gecikdirdiyini bildirmişdir. Buna görə Aynura borca verdiyi pulların faizini bəzən gec, bəzən yarımçıq və bəzi aylarda isə heç ödəniş etmədiyini, məbləğ dəqiq yadında deyil, Aynurun ondan faizə götürdüyü pullardan bir miqdar faiz ödəsə də, ana məbləğ yəni 41500 manat pulları hələ də ödəmədiyini bildirmişdir. Sonuncu dəfə 2024-cü ilin yanvar ayında Aynurdan 34-cü PŞ-nə şikayət etdiyini, həmin vaxt Aynurun da polisə dəvət olunduğunu, izahat verərək 41500 manat pulları ondan faizə götürdüyünü etiraf etdiyini və 12 ay ərzində 3500 manat ödəməklə, 1 il ərzində borcunu bağlayacağına söz verdiyini bildirmişdir. İddiaçı, Cavabdeh (Rəhimova)ya 2023-cü ilin noyabr ayından faizi dayandırdığını bildirib, əsas borcu verməsini xahiş etdiyini, polisə şikayət etdikdən sonra Aynurun 2000 manat onun bank kartına pul göndərdiyini, lakin sonradan pulunun olmadığını əsas gətirərək, pulları verməkdən yayındığını bildirmişdir. İlk dəfə 2500 manat puldan başqa qalan hər dəfəsində Aynura pulları bank kartı vasitəsi ilə göndərdiyini, Aynurun da faizləri ona bank kartı vasitəsi ilə göndərdiyini. Aynurun həmin pulları faizə götürən zaman, özü öz xahişi və istəyi ilə götürdüyünü bu işə heç kimin onu məcbur etmədiyini bildirmişdir. İstəyinin və tələbinin Aynurun ona olan borcunu geri qaytarması olduğunu bildirmişdir. Cavabdeh (Rəhimova)nın təhqiqata təqdim etdiyi qəbzlərin çoxunun 41500 manat puldan əlavə olaraq, Aynurun 2-3 günlük, yəni faizsiz ondan borc kimi pul alaraq qaytardığı, həmin çeklərin də ödədiyi məbləğlərə saydığını bildirmişdir. Araşdırmanın nəticəsində Ağayeva (Rəhimova) Aynur Səfər qızının müraciəti əsasında toplanmış materialda cinayət tərkibi yaranmadığını nəzərə alaraq, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Ağayeva (Rəhimova) Aynur Səfər qızına İddiaçı ilə aralarında olan borc məsələsinin mülkü xarakterili olduğu və mülkü qaydada məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, Ağayeva (Rəhimova) Aynur Səfər qızı tərəfindən İddiaçı məxsus, "xxxx" ASC-yə və "xxxx" ASC-yə aid olan bank kartlarına cəmi 47100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Qeyd etmək lazımdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Yəni müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır (Mülki Məcəllənin 324-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, “Öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri).” Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Həmin Məcəllənin 740.10-cu maddəsinə görə isə, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, “Müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında həmçinin qeyd etmişdir ki, “mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə araşdırılması zamanı işin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən Ağayeva (Rəhimova) Aynur Səfər qızına 2023-cü ilin müxtəlif vaxtlarda cəmi 38500 manat məbləğində borc pul verilmiş, eyni zamanda, Ağayeva (Rəhimova) Aynur Səfər qızı tərəfindən borcun qaytarılması məqsədi ilə İddiaçıa məxsus bank kartlarının hesabına cəmi 47100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İlkin iddia üzrə İddiaçı cavabdeh Ağayeva (Rəhimova) Aynur Səfər qızına borcu faizlə verdiyini iddia etsə də, qanunvericiliklə birbaşa nəzərdə tutulmasına baxmayaraq (Mülki Məcəllənin 739.2-ci maddəsi), bu barədə yazılı müqaviləni məhkəməyə təqdim edə bilməmiş, bununla da, iddia tələbini əsaslandırmamışdır. Həmçinin, qarşılıqlı iddia üzrə iddiaçı Ağayeva (Rəhimova) Aynur Səfər qızı aldığı 38500 manat məbləğində borca görə cavabdeh İddiaçı cəmi 50400 manat məbləğində pulu geri qaytardığını iddia etməsinə baxmayaraq, təqdim olunmuş sübutlarla həmin məbləğin 47100 manat olduğu müəyyən edilmişdir. Beləliklə də, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən alınmış borc müqabilində artıq ödənilmiş pul, yəni, qarşılıqlı iddia üzrə cavabdehin əsassız varlandığı məbləğ 8600 manat təşkil edir. (47100 manat – 38500 manat= 8600 manat). Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilərək, cavabdeh İddiaçı 8600 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarında olan AA seriyalı, 230427 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Şuşa rayonundan məcburi köçkün düşmüşdür. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun məbləği- iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Ağayeva (Rəhimova) Aynur Səfər qızı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, qarşılıqlı iddia tələbi qismən təmin edildiyinə görə, ödənilməli 120 manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Ağayeva (Rəhimova) Aynur Səfər qızına qarşı cavabdehdən onun xeyrinə 41500 (qırx bir min beş yüz) manat məbləğində pulun və 216 (iki yüz on altı) manat məbləğində dövlət rüsumunun tutulması barədə ilkin iddiası təmin edilməsin. İlkin iddianın verilməsi ilə əlaqədar ödənilmiş 216 (iki yüz on altı) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 8600 (səkkiz min altı yüz) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Ağayeva (Rəhimova) Aynur Səfər qızının xeyrinə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı 120 (bir yüz iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(077)-276/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-276/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver