Məhkəmə qərarları › İş №2(077)-28/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-28/2023

12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-28/2023 12.01.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinin satış qiymətinin ödənilməmiş miqdarının – 8000 manat məbləğində pulun və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, ümumilikdə 8100 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ağır yol qəzası keçirmiş və müalicə olunmaq üçün pula ehtiyacı olduğundan avtomobilini satışa qoymuşdur. Cavabdeh iddiaçıya avtomobili almaq istədiyini bildirərək, avtomobili cavabdehin tanışı olan kreditorun adına sənədləşdirib, ona kreditor vasitəsilə pulun bir hissəsini ödəməyi və qalan məbləği isə 15 ay müddətinə hər gün iddiaçının bank hesabına ödəməyi təklif etmişdir. Həmçinin Cavabdeh atasının avtoyuma sexinə iddiaçını apararaq öz işi ilə tanış etmiş və pulu vaxtlı-vaxtında ödəyəcəyinə onda inam yaratmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçının avtomobili tanımadığı kreditorun adına sənədləşdirilmiş və həmin şəxs iddiaçıya 4000 manat pul ödəmişdir.xx.xx.2022-ci il tarixdə Cavabdeh yazılı şəkildə qalan 8000 manat məbləğində pulu xx.xx.2022-ci il tarixdən başlayaraq 15 ay müddətinə,hər gün 18 manat ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Bundan sonra Cavabdeh xx.xx.2022-ci il tarixdə 16 manat və 2 günə görə nəzərdə tutulmuş 36 manat pulu iddiaçının da iştirakı ilə bank hesabına köçürmüş, lakin qalan məbləği ödəməmişdir.Dəfələrlə ona telefonla zəng etmiş, mesaj göndərmiş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdeh iddiaçının etibarından suiistifadə etmiş və onu ağır maddi və mənəvi zərərə salmışdır. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməsi barədə ərizəsini məhkəməyə təqdim edərək izahatında göstərdi ki, borcu ödəməkdən imtina etmir, lakin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri tam və hərtərəfli araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materiallarında olan: - İddiaçı və Cavabdeh tərəfindən imzalanmış ərizə-etirafin surətindən görünür ki, İddiaçı istifadəsində olan “Opel Vectra” markalı ** NT *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh verməsi müqabilində Cavabdeh 8000 manat məbləğində pulu 15 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı 15 ay müddətinə 8000 manat məbləğində pul qaytaracağına dair öhdəlik götürsə də, bu öhdəliyini lazımi qaydada icra etməmişdir. Həmçinin, Cavabdeh bu barədə yazılı ərizə verməklə iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə görə isə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli, Cavabdeh 8000 manat məbləğində borc pul və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar