Məhkəmə qərarları › İş №2(077)-288/2020

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-288/2020

27.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-288/2020 27.11.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» MMC Cavabdeh qarşı iddia qaldıraraq,cəmiyyətlə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00708235 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 2143 (iki min yüz qırx üç) manat məbləğində əsas borc, 553 (beş yüz əlli üç) manat məbləğində dəbbə pulu olmaqla,cəmi 2696 (iki min altı yüz doxsan altı) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixli 00708235 saylı nisyə alqısatqı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 2566 manat olan "Hoffmann" markalı 2 ədəd kondisioneri ilkin ödəniş 10 manat, 18 ay müddətinə hər ay 142 manat ödəmək şərti ilə verilmişdir.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Müqavilə üzrə cavabdeh 423 manat ödəniş etmişdir.Hazırda cavabdehin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 2143 manat əsas borcu və 553 manat dəbbə borcu vardır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, «xxxx» MMC ilə xx xxxx 2019cu il tarixdə müqavilə bağlamış, həmin müqavilə üzrə 423 manat ödəniş etmişdir. Hazırda maddi cəhətdən çətinlik çəkir, heç bir yerdə işləmir və borcunu hissə-hissə qaytara bilər. İddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan iddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00708235 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə dəyəri 2566 manat olan "Hoffmann" markalı 2 ədəd kondisioneri alıcı tərəfindən verilməsi,alıcı isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq borcu satıcıya qaytarılması müqavilənin predmetini təşkil etmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2566 manat məbləğində borcu xx.xx.2019-cu ildən başlayaraq hər ay 142 ödəniş etməklə xx.xx.2020-ci il tarixədək ödəməli idi. Müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən müştəri bu ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa,müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq peniya ödəyir. İş materiallarında olan «xxxx» MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki,bankla Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00708235 saylı nisyə alqı-satqı müqavilə üzrə iddiaçı «xxxx» MMC qarşısında yerinə yetirilməmiş öhdəliyi 2143 manat ödənilməmiş borc və cərimə borcu 553 manat olmaqla,cəmi borcu 2696 manat təşkil edir.Cavabdeh bu günə qədər əsas borc üzrə 423 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçı «xxxx» MMC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. İş materiallarında olan müvafiq ödəniş tapşırığından görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı «xxxx» MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdehnın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən alqı -satqı müqaviləsi üzrə 2143 manat ödənilməmiş borc müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «xxxx» MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 553 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 55 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 553-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 00708235 saylı nisyə alqı-satqı müqavilə üzrə Cavabdeh 2143 (iki min yüz qırx üç) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə borcu olmaqla,cəmi 2198 (iki min yüz doxsan səkkiz) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxx» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar