Məhkəmə qərarları › İş №2(077)-3/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-3/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-3/2023 09.03.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı «kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 786,61 manat əsas borc, 151,55 manat faiz borcu olmaqla, cəmi 938,16 manat borcun və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), minimum 29%,maksimum 40% hesablanmaqla 10000 manat məbləğində kredit limiti ayırmış, ona bank hesabı açmış və ödəniş kartı təqdim etmişdir. Kredit müqaviləsi çərçivəsində cavabdehin hesabına 786,61 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 786,61 manat əsas borc, 151,55 manat faiz borcu olmaqla, cəmi 938,16 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış,lakin bu danışıqlar heç bir fayda verməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, qeyd edilən iddia əsassızdır. Belə ki, qeyd edilən tarixdə 84 ay müddətinə illik 30% ödəməklə 786,61 manat kredit müqaviləsi bağlamamışdır. xx.xx.2018-ci il tarixdə 1500 manat 29 %-lə 36 ay müddətinə ktedit götürmüş və həmin ktediti ödəmişdir. Müqavilə cədvəli və son ödəniş cədvəlini əlavə edir. xx.xx.2018-ci ilı tarixdə Albalı kartla 300 manat pul almışdır. Albalı kartla ödəniş aylar üzrə "xxxx"dan daxil olmuş mesajlar əsasında ödəmələr aparmışdır. Ödəniş cədvəlinə əsasən məlum olmuşdur ki, ödədiyi pullar bank tərəfindən istənilən formada ayrı-ayrı təyinatlar üzrə bölünmüşdür. Dövrüyyədə olan 1817,74 manatdan 649 manat ümumi ödəniş, 290 manat əsas məbləğ, 359 manat faiz hesablanmışdır. Hesab üzrə çıxarış cədvəlini əlavə edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia təmin edilməməsi, ödədiyi artıq məbləğin onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit), minimum 29%,maksimum 40% hesablanmaqla 10000 manat məbləğində kredit limiti ayırmış, ona bank hesabı açmış və ödəniş kartı təqdim etmişdir. Kredit müqaviləsi çərçivəsində cavabdehin hesabına 786,61 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsi üzrə borcu 786,61 manat əsas borc, 151,55 manat faiz borcu olmaqla, cəmi 938,16 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsinə əsasən aparılan ödənişlər nəzərə alınmaqla cavabdehin iddiaçıya olan əsas və faiz borcunun müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 9/2030 saylı ekspert rəyinə əsasən, iş materiallarından olan cari hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq Cavabdeh banka 786,61 manat əsas borc və 151,55 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və ekspretin qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1) "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsinə əsasən cavabdeh kartdan nə qədər məbləğ məxaric etmiş,yəni 786,61 manat borc necə yaranmışdır? 2) Cavabdeh tərəfindən ödənilmiş 669 manat məbləğində pul nələrə silinmişdir? 3) "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsinə üzrə xx.xx.2018-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək olan çıxarışda kredit və debet borcu eyni olduğu halda borc necə yarana bilər? xx.xx.2023-cü il tarixli, 9/7063 saylı ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək cəmi 1168,06 manat pul vəsaitindən istifadə etmiş və banka həmin müddət ərzində 649,68 manat məbləğində ödəniş etmişdir. Həmin məbləğdən 395,90 manatı əsas borca, 253,78 manat isə faiz borcuna silinmişdir. Cavabdeh banka 772,16 manat əsas borc və 141,56 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla Cavabdeh xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsi üzrə "xxxx" KB ASC-yə 772,16 manat əsas borc və 141,56 manat faiz borcunun qalması təsdiq olunduğundan iddia tələbi qismən təmin edilərək, həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2022-ci il tarixli, 9/2030 saylı və xx.xx.2023-cü il tarixli, 9/7063 saylı ekspert rəylərinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişlərdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 100 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təxminən 97 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun 29 manat 50 qəpik hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyərinin 97 manat hissəsi cavabdehdən 3 manat hissəsi iddiaçıdan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 5821sMDK/18 saylı kredit müqaviləsi üzrə 772,16 manat əsas borc, 141,56 manat faiz borcu olmaqla cəmi 913,72 (doqquz yüz on üç manat 72 qəpik) manat məbləğində borc və dövlət rüsumunun 29,50 (iyirmi doqquz manat 50 qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 97 (doxsan yeddi) manat hissəsi Cavabdeh, 3(üç) manat hissəsi iddiaçı "xxxx" KB ASC-dən tutulub X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar