Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-32/2024 06.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli 972nkNARb/22 saylı kredit müqaviləsinə əsasən 4041,70 manat əsas borc, 1237,47 manat faiz borcu, 195,37 manat cərimə olmaqla, cəmi 5474,54 manat borcun və 75,20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə illik 29,50% hesablanmaqla 4900 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliklərini lazımınca icra etməmiş, nəticədə kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "Unibank” KB ASC-yə 4041,70 manat əsas borc, 1237,47 manat faiz borcu, 195,37 manat cərimə olmaqla, cəmi 5474,54 manat borcu yaranmışdır. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları, işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 972nkNARb/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, bu müqaviləyə əsasən, borcverən ən çoxu 120 ay müddətinə, illik faiz dərəcəsi 35% faizədək olmaq şərtilə 20000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5% (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komisyon haqqı tutmaqla borcalan”a verə bilər. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi min. 16 % - max. 40% faiz təşkil edir. Bank bu müqavilə müddətinin sonunadək həmin müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla müştəriyə kredit rəmiləşdirilə bilər. Bu halda müştəri hər ay kredit üzrə ödənilməli olan məbləği banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu müqavilə ilə müəyyən edilir. Bu, heç bir halda bank tərəfindən müştəriyə kreditin verilmə vədi kimi təfsir oluna bilməz. Bu kreditin borcalana təqdim edilməsi aşağıdakı qaydada həyata keçirilir: bu müqavilə imzalandıqdan sonra borcalana cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. Lakin cari hesabda pul vəsaiti olmur. Borcalan aşağıdakı şərtlərdən biri vasitəsilə krediti əldə edə bilər: a) Borcalanın bankda qeydiyyatda olan mobil telefon nömrəsindən (bundan sonra borcalanın mobil telefon nömrəsi) ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini sms vasitəsilə borcverənin 8117 qısa nömrəsinə (bundan sonra borcverənin qısa nömrəsi) yazıb göndərir. Bundan sonra borcverən, borcalanın mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin borcalanın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. Borcalanın həmin sms-ə cavab olaraq, öz mobil telefon nömrəsindən borcverənin qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi (Borcalan razılığını ifadə etmək üçün məhz təklif-smsində bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin borcalanın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və borcverən həmin sms-i qəbul etdiyi andan 1 iş günü ərzində kredit məbləğini borcalanın cari hesabına köçürür. Kredit məbləği borcalanın həmin məbləğdən tam və ya qismən istifadə edibetməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. b) Bank borcalana təklif sms-i göndərir və bu bildirişə cavab almadan bu müştərinin cari hesabına (ödəniş kartına bağlı hesab) kredit vəsaitini köçürür və bu barədə sms bildiriş göndərir. SMS bildirişdə kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği əks olunur. Bu sms müştəriyə göndərildiyi tarixdən 10 təqvim günü ərzində kredit vəsaiti hesabdan tam və ya qismən istifadə edilmədikdə kredit ləğv olunur. Bu müddət ərzində tam və ya qismən istifadə olunarsa, müştərinin kreditə razılığı kimi hesab olunur. Vəsaitin hesaba köçürüldüyü tarixdən kredit rəsmiləşdirilmiş hesab olunur və kreditin tam və ya qismən istifadə edilməsindən asılı olmayaraq bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanır. Məhkəməyə təqdim olunmuş SMS yazışmasından çıxarışdan görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2025-ci il tarixinədək illik 29,50%, komissiya 0 manat, aylıq ödəniş 207 manat olmaqla 4900 manat məbləğində kredit verilməsi ilə bağlı Cavabdeh (50) ***-**- ** mobil telefon nömrəsinə xx.xx.2022-ci il tarixdə təklif SMS-i göndərilmiş, həmin tarixdə qeyd olunan vəsait borcalanın kartına köçürülmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə banka 4041,70 manat əsas borc, 1237,47 manat faiz borcu, 195,37 manat cərimə olmaqla, cəmi 5474,54 manat borcu vardır. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 75,20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə (01 oktyabr 2023-cü il tarixinədək qüvvədə olmuş) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli 972nkNARb/22 saylı kredit müqaviləsi üzrə 4041,70 manat əsas borc və 1237,47 manat faiz borcunun qalması təsdiq olunduğundan, həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, 195,37 manat dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan dəbbə pulu 85,37 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 98 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 75,20 manat dövlət rüsumunun 73,70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 972nkNARb/22 saylı kredit müqaviləsinə əsasən 4041,70 manat əsas borc, 1237,47 manat faiz borcu, 85,37 manat cərimə olmaqla, cəmi 5364,54 (beş min üç yüz altmış dörd manat 54 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 73,70 (yetmiş üç manat 70 qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-32/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-32/2024
06.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver