Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-345/2023 24.11.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, tanışı X1 vasitəsilə tanış olduğu Cavabdeh ilə sonralar aralarında səmimi münasibət yaranmışdır. Aralarında yaranan bu münasibətdən sui-istifadə etməyi qarşısına məqsəd qoyan cavabdehə inanıb, etibar etmiş və nəticədə cavabdeh borc adı ilə ondan aldığı 3000 manat pulu ələ keçirərək mənimsəmiş və bu günə kimi qaytarmamışdır. Baxmayaraq ki, cavabdehə verdiyi pula dair qəbz almış və cavabdehin yazıb imzası ilə təsdiq etdiyi həmin qəbzə onu cavabdehlə tanış edən X3 da imza ataraq şahidlik etmişdir. Dəfələrlə cavabdehlə görüşməsinin, telefon vasitəsilə əlaqə saxlamasının, mesajlar yazmasının, pulunu almaq məqsədilə bütün sivil vasitələrdən istifadə etməsinin xeyri olmamışdır. Artıq cavabdeh təhqir dilində danışır,onu təhdid etməkdən çəkinmir. Bundan sonra hüquq-mühafizə orqanlarına müraciət etmiş və ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Cavabdeh ondan savayı başqa vətəndaşların etibarından sui-istifadə etməklə külli-miqdarda pullarını,əmlaklarını ələ keçirib dələduzluq yolu ilə mənimsədiyinə görə barəsində cinayət təqibi aparılır. Cavabdeh qanunsuz əməllərlə məşğul olduğuna, vətəndaşların etibarlarından sui-istifadə etdiyinə, onun kimi insanların pullarını ələ keçirib mənimsədiyinə və digər ağır, xüsusilə ağır qeyriqanuni hərəkətlər törətdiyinə görə məhkəmə iclasında iddiaçı qismində vəsatət verib rica edəcək ki, onun barəsində cinayət işinin başlanmasına dair xüsusi qərardad qəbul edilib Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilsin. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilmiş baxış iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, “Elmlər Akademiyası” metrostansıyasının yanında iddiaçı ilə görüşmüş, qəbzi yazmış və imzalamış, lakin pulu X3 götürmişdir. “Elmlər”-də oturub çay içdiyi zaman, X3 ora gəlmişdir və o, Zalovdan 300 manat pul almışdır. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki işin materiallarında olan, Cavabdeh tərəfindən yazılaraq, imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o, İddiaçı 3000 manat borc pul aldığını və həmin borcu xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Qəbzə şahid qismində X3 da imza etmişdir. X3 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, İddiaçı və Cavabdeh ilə uzun illərdir dostluq edir. Cavabdeh pul lazım olduğu üçün onu İddiaçı ilə AR AMEA-nın qarşısındakı parkda görüşdürmüş, iddiaçı cavabdehə 3000 manat pul borc vermiş və cavabdeh bu barədə qəbz yazaraq, imzalamışdır. Özü də şahid kimi həmin qəbzə imza etmişdir.Sonradan cavabdeh vədinə əməl etməmiş və aldığı pulu qaytarmamışdır. Bu sbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş) əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixinədək qüvvədə olmuş) əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh xx.xx.2023-cü il tarixində İddiaçı 3000 manat məbləğində pul alıb, xx.xx.2023-cü il tarixinədək qaytaracağına dair öhdəlik götürsə də, bu öhdəliyini icra etməmişdir. Cavabdeh qəbzi yazıb-imzalamasına baxmayaraq, pulu X1 götürdüyünü, Zalovdan cəmi 300 manat aldığını göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 3000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul və 50 (əlli) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-345/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-345/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver