Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-350/2023 01.11.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borc tələbinə dair” kiçik iddiaya dair ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 3675,20 manat əsas borc, 552,23 manat faiz borcu, 42,30 manat cərimə olmaqla, cəmi 4269,73 manat borcun və 63,10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 22% hesablanmaqla 4310 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Nəticə etibarilə, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə "Unibank” KB ASC-yə 3675,20 manat əsas borc, 552,23 manat faiz borcu, 42,30 manat cərimə olmaqla, cəmi 4269,73 manat borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın qiyməti beş min manatdan az olduğuna və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığına görə iddia tələbinə sadələşdirilmiş qaydada baxılaraq qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş: "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 357nkKPZ/22 saylı kredit müqaviləsinin surətindən görünür ki, borcverən tərəfindən borcalana illik 36 ay müddətinə illik 22% hesablanmaqla 4310 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli 357nkKPZ/22 saylı kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə olan borcu 3675,20 manat əsas borc, 552,23 manat faiz borcu, 42,30 manat cərimə olmaqla, cəmi 4269,73 manat təşkil edir. Qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 63,10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh ilə kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən, 3675,20 manat əsas borc və 552,23 manat faiz borcunun qalması təsdiq olunmuşdur. Ona görə də, həmin borc məbləği cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 42,30 manat cərimə alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, tələb olunan penya 4,30 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 99 faiz həcmində təmin edildiyinə görə 63,10 manat dövlət rüsumunun 62,47 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Kiçik iddiaya dair ərizə qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 357nkKPZ/22 saylı kredit müqaviləsi üzrə 3675,20 manat əsas borc, 552,23 manat faiz borcu, 4,30 manat cərimə olmaqla, cəmi 4231,73 (dörd min iki yüz otuz bir manat 73 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 62,47 (altmış iki manat 47 qəpik) manat hissəsi tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-350/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-350/2023
01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver