Məhkəmə qərarları › İş №2(077)-357/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-357/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-357/2023 07.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X11 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2243 manat məbləğində pulun və 43 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin avqust ayında özünə məxsus olan “Hyundai Tucson” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini istifadə etmək üçün qonşusu və həmin dövdə iş yoldaşı olmuş X2 vermişdir. X6 onun icazəsi olmadan avtmobillə Goranboy rayonu, Mormor kəndinə getmiş, kəndin ərazisində avtomobili arxaya idarə edən zaman arxa yük yerinin qapısını metal dirəkli çəpərə vuraraq əzmiş və sol arxa işığını sındırmışdır. Daha sonra, avtomobillə enişdə hərəkətdə olan zaman idarəetməni itirərək ön sağ təkərin səkiyə dəyməsi nəticəsində yoldan çıxaraq avtomobili yol kənarındakı palçıq çuxuruna salmış, təkəri palçıq çuxurundan çıxarmaq məqsədi ilə irəli və arxaya sürüb hərəkətə gətirmək istəsə də, həmin təkəri sürtünmə nəticəsində cırdıqdan sonra, avtomobilin ehtiyyat təkəri ilə əvəz edərək təkrar çuxurdan çıxarmağa cəhd etmişdir. Avtomobilin sağ təkəri ilə çuxura düşən zaman ön buferi və sağ ayaq altısını sındırmışdır. Avtomobili özü idarə etdikdən sonra onun sağ təkər oxunun (qranat), arxa körpüsünün maqnit adlandırılan detalının, sürətlər qutusunun sıradan çıxdığını, həmçinin avtomobilin ön buferinin, sağ tərəf ayaq altısının, arxa yük yerinin və arxa işığının zədələndiyini, ön sağ diskinin sındığını aşkar etmiş, ustalara hesablatdıqdan sonra dəymiş ziyanın ümumilikdə 1450 manat olduğunu müəyyən etmişdir. Ziyanın ödənilməsi üçün qohumu X3 ilə birlikdə İqbal Alməmmədovun atası X4 və əmisi Cavabdeh ilə görüşüb müzakirə aparmış, qonşu olduqlarını nəzərə alaraq 1200 manat məbləğində dəymiş ziyanın ödənilməsi onlardan tələb etmişdir. Cavabdeh və Elçin Alməmmədov nağd pullarının olmadığını, kredit götürüb avtomobili təmir etdirsə, həmin kreditin ödənişini həyata keçirə biləcəklərini bildirmişlər. Həmçinin, Cavabdeh kredit götürərkən 1000 manat artıq götürüb ona borc verməsini xahiş etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixində Gəncə şəhəri, Cavadxan küçəsindəki "xxxx"dan 4500 manat məbləğində kredit götürmüşdür. Həmin vaxt 4500 manatdan 1995 manat ödənişi davam edən əvvəlki kreditinin ödənilməsinə çıxılmışdır. Yeni kredit üçün komissiya və sığorta haqları ilə birlikdə 200 manat ödənilməli idi. Həmin pulun Cavabdeh tərəfindən ödəniləcəyini razılaşmışlar. Kredit üzrə ödəniş cədvəlinin əslini Cavabdeh özü ilə götürmüşdür. Beləliklə, həmin gün 1200 manat avtomobilə dəymiş ziyanın qarşılığı kimi, 1000 manat məbləğində borc kimi və əlavə olaraq 200 manat yeni kredit üçün komissiya və sığorta haqqı olmaqla ümumilikdə 2400 manat məbləğində borcu, həmçinin, ödəniş cədvəli üzrə 2400 (1200+1000+200) manata hasablanan 1093 manat faiz borcunu, cəmi 3493 manat pulun ödənilməsini Cavabdeh öz üzərinə götürmüşdür. Lakin, kredit üzrə ödənişləri Cavabdeh ödəmədiyi üçün gecikmə yaranmış və onun əmək haqqı kartından tutulmalar başlanmışdır. 2021-ci ilin dekabr ayının sonlarında Cavabdeh 800 manat, 2022-ci ilin may və iyun aylarında hissə-hissə 450 manat olmaqla, cəmi 1250 manat məbləğində ödəniş etmişdir. Ödəniş cədvəli üzrə 2400 manata (1200+1000+200) hesablanan 1093 manat faiz borcunu banka ödəmədiyi üçün həmin pul onun əmək haqqından tutulur. Cavabdeh ödədiyi 1250 manatdan həmin faiz borcu olan 1093 manatı çıxdıqda, onun banka ödəyəcəyi 1093 manat faiz borcu silinmiş olur və 157 manat artıq pul qalır. Həmin pulu da ona olan 2400 manat borcdan çıxdıqda 2243 manat məbləğində borcu qalmış olur. Dəfələrlə tələb etsə də, Cavabdeh ona olan borcunu qaytarmamışdır. Qeyd edilənləri məhkəmə iclasında şahid X3 da təsdiq edə bilər. Bütün bu dediklərinin hamısı Azərbaycan Respublikasının DİN Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarında, həmçinin həmin işi üzrə materiallarda, səs yazılarında və şahid ifadələrində öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, özünə pul lazım olduğuna görə Rövşəndən 1000 manat borc pul istəmiş, o da, nağd pulunun olmadığını, bankdan kredit götürüb ona 1000 manat verəcəyini bildirmiş və həqiqətən də, kredit götürdükdən sonra ona 1000 manat borc vermişdir. Həmin borcu bir dəfəyə 800 manat, daha sonra hissə-hissə 650 manat olmaqla iddiaçıya tam ödəmişdir və heç bir borcu qalmamışdır. Həmçinin, qardaşı oğlu tərəfindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı göstərmişdir ki, o tanışı Hüseynlə çayxanada oturduğu zaman iddiaçı oraya gələrək dava-dalaş salaraq pul istəmiş, əksi təqdirdə polisə şikayət edəcəyini bildirmişdir. O da mağazadan 600 manat götürüb Hüseynin yanında Rövşənə vermişdir. Əlavə olaraq ziyanla bağlı üzərinə heç bir məsuliyyət götürməmişdir. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, İddiaçı onun bacanağıdır. Elçini, oğlu İqbalı və Ətrafı qohumu Rövşənin vasitəsilə tanımışdır. Həmin şəxslər Rövşənin qonşularıdır. Həmin hadisələrdə özü də Rövşənin yanında olmuşdur. Elçinin oğlu İqbal əvvəllər Rövşən ilə eyni idarədə işləmişlər. 2021-ci ilin avqust ayında Rövşən Göygöl rayonunda təşkil olunmuş ziyafətdə olan zaman spirtli içki qəbul etdiyi üçün “Hyundai Tucson” markalı **-XY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin açarlarını idarə etməsi üçün İqbala vermiş, o da avtomobillə Gədəbəy rayonuna getmişdir. Yolda olan zaman tanımadığı şəxslə mübahisə etdiyi üçün həmin şəxs avtomobilin nömrə nişanlarını öz şikayət müraciətində qeyd etdiyindən polis əməkdaşları Rövşənlə əlaqə saxlamışlar. İqbal avtomobili sürüb Gədəbəy rayonunun Mormor kəndində palçıqlı çuxura salmışdır. Bunu ona sonradan Rövşən özü demişdir. İqbal həmin zaman avtomobili çuxurdan çıxartmaq üçün irəli sürməyə çalışdıqda isə onun ön sağ təkər oxunu (qranat), arxa körpüsünü, sürətlər qutusunu yararsız hala salmış, avtomobilin ön buferini, sağ ayaqaltısını sındırmışdır. Həmçinin avtomobili arxaya sürən zaman arxa yük yerini divara vurmuşdur və arxa sol işığını sındırmışdır. Həmin ziyanlardan başqa İqbal avtomobili idarə edən zaman yol hərəkət qaydalarını pozduğu üçün avtomobilə 150 manat cərimə protokolu tərtib olunmuşdur. Həmin protokoldakı cəriməni də Rövşən ödəmişdir. Dəymiş ziyanları hesablatdıqda avtomobilə 1450 manat ziyan dəydiyini və 150 manatlıq cərimə yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən 2021-ci ilin sentyabr ayında Rövşənlə birlikdə Elçin və qardaşı Ətrafla görüşmüşlər. Rövşən avtomobilinə dəymiş ziyanı və ödədiyi cəriməni həmin şəxslərə söylədikdən sonra qonşu olduqlarını nəzərə alaraq 1200 manat ödəmələrini istəmişdir. Həmin zaman Elçin də razılaşaraq pulu ödəyəcəyini demişdir. Pulun hansı formada ödənəcəyini müzakirə etdikdə Elçin və Ətraf nağd pullarının olmadığını, kredit götürə bilməyəcəklərini söylədikdə Rövşən çarəsiz qaldığı üçün krediti öz adına götürməyi və pulun Ətraf ilə Elçin tərəfindən ödənməsini təklif etmişdir. Həmin zaman Elçin və Ətraf razılaşdıqları üçün hər iki tərəfə aralarında olan müqaviləni rəsmiləşdirmək üçün notarial qaydada müraciət etməyi təklif etdikdə Elçin narazılıq edərək “kişi deyilikmi ayıbdır, puldan ötəri notariusa gedək? Həmin pula görə şəhəri tərk edəsi deyiləm ki” demişdir. Sonradan Rövşən krediti götürmək üçün müraciət etməzdən əvvəl Ətraf özü Rövşənə yaxınlaşaraq borca 1000 manat istəmişdir və həmin pulu da kreditə götürdükdən sonra aylıq ödəniş şəklində ödəyəcəklərini bildirdmişdir. Rövşən kredit götürüb 1000 manatını Ətrafa borc vermişdir. 1200 manatını isə avtomobilin təmirinə xərcləmişdir. Həmçinin 1200 manat avtomobilin təmiri üçün yetərli olmadığı üçün avtomobilin arxa işığını və ayaqaltını təmir etməmişdir, aralarında olan razılaşmaya baxmayaraq Ətraf və Elçin kredit ödənişini 3 ay gecikdirdikdən sonra Ətraf Rövşənə 800 manat vermişdir. Sonradan isə hissə-hissə 450 manat ödəmişdir. Pulun qalan hissəsini isə bu günədək ödəməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Cavabdeh ilə çayxanada oturub çay içdikləri zaman İddiaçı ora gəlmiş və Ətrafla mübahisə edərək pul istəmişdir. Ətraf da qalxıb hara isə getmiş, qayıdanda onun yanında Rövşənə 600 manat pul vermişdir. Bundan başqa onun Rövşənə nə qədər pul verməsi ilə bağlı heç bir məlumatı yoxdur. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X5 xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə mülki iş üzrə İddiaçı hazırki iddia ərizəsində göstərilənlərlə bağlı Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Ətraf və Elçin Alməmmədov qardaşlarının ona qarşı törətdiyi dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, təxminən 1 ildən artıq olar ki, ona pul lazım olduğunu qonşusu Rövşənə demiş, Rövşən də pulunun olmadığını, amma bankdan götürüb verə biləcəyini bildirmişdi. “Kapital Bank”dan ona 1000 manat götürüb vermişdir. Pulu verdikdən 3 ay sonra onun 800 manatını, sonra hissə - hissə 650 manatını vermişdir.Rövşənə heç bir borcu yoxdur. Material üzrə təkrar izahatı alınmış Cavabdeh göstərmişdir ki, qonşusu İddiaçı müraciəti ilə tanış olmuş, Rövşən tez-tez spirtli içki qəbul etdiyi üçün özünün istəyi ilə “Hyundai Tucson” markalı avtomobilini qonşuları olan X1 Alməmmədova idarə etməyə vermişdir. Avtomobilin açarları da daima İqbalda olmuşdur. 2021-ci ildə isə Rövşən Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək İqbal Alməmmədovun onun avtomobilini qaçırması barədə məlumat vermişdir. İqbal isə həmin vaxt avtomobili Göygöl rayonu ərazisindən Gədəbəy rayonuna aparmışdır. Rövşən ilə birlikdə avtomobili gətirmək üçün Gədəbəy rayonu Mormor kəndinə getmiş, avtomobili özü sürüb Göygölə gətirmişdir. Rövşən də şikayətinin olmaması barədə təkrar ərizə vermişdir. Bir gün sonra qardaşı Elçin Alməmmədov ilə birlikdə olan zaman Rövşən onlara yaxınlaşaraq avtomobilinə 300 manat ziyan dəydiyini demişdir. Qardaşı Elçin də heç bir etiraz etmədən pulu verəcəyini Rövşənə bildirmişdir. Bir neçə gün sonra onun özünə pul lazım olduğu üçün qonşusu Rövşəndən 1000 manat borc istəmişdir. Rövşən də nağd pulunun olmadığını, bankdan kreditə pul götürəcəyini və ona da həmin puldan verə biləcəyini söylədikdə həmin zaman öz adına kredit müqaviləsi olduğundan kredit götürə bilmədiyi üçün Rövşənin təklifi ilə razılaşmışdır. Rövşən xx.xx.2021-ci il tarixində onunla birlikdə Gəncə şəhərində yerləşən “Kapital Bank” bankında təxminən 2200 manat kredit götürmüşdür. Həmin pulun dəqiq miqdarını bilmir. Rövşən ona kredit müqaviləsini və ya ödəniş qrafikini verməmişdir. Rövşən kredit götürdükdən sonra borca istədiyi 1000 manatı ona vermişdir. Təxminən 3 ay sonra götürdüyü pulun 800 manatını Rövşənin özünə vermişdir. Sonradan xx.xx.2022-ci il tarixində 11 manat, xx.xx.2022-ci il tarixində 20 manat, xx.xx.2022-ci il tarixində 20 manat, xx.xx.2022-ci il tarixində 70 manat, xx.xx.2022-ci il tarixində 20 manat, xx.xx.2022-ci il tarixində 20 manat, xx.xx.2022-ci il tarixində 20, xx.xx.2022-ci il tarixində 40 avro, 05.2022-ci il tarixində 50 manat, xx.xx.2022-ci il tarixində 20 manat, xx.xx.2022-ci il tarixində 20 manat, xx.xx.2022-ci il tarixində 20 manat, xx.xx.2022-ci il tarixində 20 manat, xx.xx.2022-ci il tarixində 40 manat, xx.xx.2022-ci il tarixində 50 manat, xx.xx.2022-ci il tarixində 100, xx.xx.2022-ci il tarixində 20 manat, xx.xx.2022-ci il tarixində 10 manat pulu Rövşənə ödəmişdir. Beləliklə, 800 manatı Rövşənə verdikdən sonra 2022-ci ilin may-iyun aylarında hissə-hissə olmaqla ümumilikdə 630 manat və 40 avronu Rövşənə vermişdir. Artıq miqdarda pul qaytarmasının səbəbi Rövşənin pulu kredit götürməklə verməsi olmuşdur. Kreditin faizini Rövşənə ödəmişdir. Sonradan Rövşən avtomobilinə qardaşı Elçinin oğlu İqbalın 300 manat deyil, 500 manat ziyan vurduğunu iddia etmiş, daha sonra isə ona və qardaşına götürdüyü kreditin 1000 manatının onun borcuna aid olduğunu, 1200 manatının isə avtomobilə dəymiş ziyan kimi hesabladığını söyləmiş 1200 manatı ondan və qardaşından istəməyə başlamışdır. Onlar isə avtomobilin yalnız qabaq sağ təkərinin cırıldığını yaxşı bildiklərindən Rövşənin tələb etdiyi 1200 manatı vemək üçün razılığa gələ bilməmişlər. Rövşənə borcu yoxdur, ona borcunu artıqlaması ilə qaytarmışdır. Material üzrə izahatı alınmış X4 öz izahatında qardaşı Cavabdeh izahatındakı xüsusatların bir çoxunu təsdiq etsə də, Rövşənin ilkin olaraq avtomobilə 300 manat ziyan dəyməsini söyləyib həmin pulu ödəməsini istədikdə etiraz edərək pul ödəməkdən yayındığını, oğlu İqbalın avtomobili pis idarə etdiyini qabaqcadan Rövşənə söyləyib İqbala avtomobil verməsinin düzgün olmadığını özünə izah etdiyini, bu səbəbdən də İqbalın hərəkətlərinə görə pul verməyəcəyini qeyd etmişdir. Material üzrə araşdırma zamanı izahatı alınmış X6 göstərmişdir ki, İddiaçılə qonşu olmaqla yanaşı əvvəllər Kənd Təsərrüfatı Nazirliyinin Göygöl regional bölməsində işləmişlər. İddiaçılə əvvəllər münasibətləri yaxşı olub. İşlədiyi dövrdə Rövşən tez-tez “Hundai Tucson” markalı **- XY-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək üçün ona verirdi. Rövşənin həmçinin VAZ-2121 markalı avtomobilidə var idi. İşə gecikdikdə və ya avtomobilə ehtiyacı olanda X12 markalı avtomobilini götürürdü. 2021-ci ilin avqust ayında Göygöl rayonunda X10 markalı avtomobilini idarə etmək üçün istədikdə sonuncu etiraz etməmişdir. Rövşənin avtomobili ilə Gədəbəy rayonuna gedərkən yolda hərəkətdə olan zaman qarşısında hərəkətdə olan sürücü ilə aralarında mübahisə olmuş, həmin şəxs Azərbaycan Respublikası DİN 102 xidmətinə müraciət edən zaman Rövşənə məxsus avtomobilin nömrə nişanını göstərmişdir. Mübahisədən sonra yoluna davam edərək Gədəbəy rayonu Mormor kəndinə getmişdir. Avtomobildə tək olmuşdur. Mormor kənd ərazisində enişlə enən zaman idarəetməni itirdiyi üçün avtomobilin sağ qabaq təkəri səkiyə dəymiş və avtomobil yolun kənarındakı palçıq çuxuruna düşmüş,avtomobilin palçığa batmış sağ təkərini çuxurdan çıxartmaq üçün avtomobilin qazına basdıqda təkər sürtünmədən cırılmışdır. Həmin təkəri çıxardıb yerinə ehtiyat təkərini taxaraq avtomobili çuxurdan çıxarmağa çalışsa da, çıxara bilməmiş və qoşqu ilə çuxurdan çıxarıb, saxlayaraq Gəncə şəhərinə getmişdir. Rövşən baş verənləri Göygöl RPŞ-nə daxil olmuş şikayət müraciətindən sonra öyrənmişdir və Ətrafla birlikdə hadisədən 2 gün sonra avtomobili götürmək üçün Gədəbəy rayonu Mormor kəndinə gəlmişlər. Sonradan Rövşən ilə əmisi Ətraf və atası Elçin arasında avtomobilə dəymiş ziyan barədə danışıqlar olmuşdur. Atası Elçin və Rövşənin hansı miqdarda pula razılaşdıqlarını bilmir. Atasının dəymiş ziyanı tam şəkildə ödəyib bitirdiyini düşünür. İddiaçı avtomobilinin ön sağ təkər oxuna, yük yerinə, arxa sol işığına, ayaqaltısına, təkərinə vurduğunu ziyanın təxminən 800 manat təşkil etdiyini bildirmişdir, Avtomobil həmin tarixdə idarə edən zaman yol hərəkət qaydalarını pozuğuna görə 140 manat cərimə protokolunun tərtib olunmasına etirazının olmadığını, pulu olmadığı üçün Azpetrol yanacaq doldurma məntəqəsində 40 manat dəyərində benzin yanacağını aldıqdan sonra maaş kartını girov qoyaraq ödəniş etmədiyini, həmin 40 manatı sonradan İddiaçı ödədiyini bildirmişdir. Aparılmış araşdırma zamanı tərəflər arasında baş vermiş mübahisənin mülki xarakterli olduğu müəyyən edilmiş, İddiaçı müraciətində Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkibi olmadığından həmin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4194326A127 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən iddiaçıya 35 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 4500 manat məbləğində kredit verilmişdir. Kredit üzrə ödəniləcək faiz məbləği 2054,98 manat təşkil edir. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı 2021-ci ilin avqust ayında özünə məxsus olan “Hyundai Tucson” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini istifadə etmək üçün qonşusu və həmin dövrdə iş yoldaşı olmuş X2 vermiş, sonuncunun istifadəsində olduğu müddətdə avtomobilə maddi ziyan vurulmuşdur, həmçinin İqbal Alməmmədov avtomobili idarə edən zaman qayda pozuntusu törətdiyi üçün 150 manat cərimə edilmiş, həmin cəriməni və İqbal Alməmmədovun yanacaq doldurma məntəqəsinə borclu qaldığı 40 manat pulu İddiaçı ödəmişdir. İddiaçı hazırki iş üzrə Cavabdeh xahişi ilə "xxxx" ASC-dən 4500 manat kredit götürərək, 1000 manatını cavabdehə vermişdir. Cavabdeh tərəfindən İddiaçı 2021-ci ilin dekabr ayının sonunda 800 manat, 2022-ci ilin may və iyun aylarında hissə-hissə dəqiq miqdarı mübahisəli olan, iddiaçının deməsinə görə ümumilikdə 450 manat, cavabdehin deməsinə görə isə 630 manat, 40 avro miqdarında pul ödənilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qardaşı oğlu X6 tərəfindən “Hyundai Tucson” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş ziyana görə məsuliyyəti öz üzərinə götürməsini əsas gətirmiş və vurulmuş 2243 manat ziyanın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Mübahisənin mahiyyətinə münasibətdə nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Baxılan iş üzrə İddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə avtomobilinə dəymiş ziyanla bağlı rəsmi sübutları, daha sonra, Cavabdeh qismində cəlb edərək, hansı əsasla yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan X6 tərəfindən vurulmuş maddi ziyanı özündən yox, məhz Cavabdeh tələb etmək hüququnun olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona aldığı borca görə 2400 manat əvəzinə cəmi 1250 manat ödənildiyini, bundan başqa, cavabdehin onun avtomobilinə qardaşı oğlu tərəfindən vurulmuş ziyanla bağlı 1200 manat ödəməli olmasını, bununla da, cavabdeh tərəfindən ona 2243 manat maddi ziyan vurulduğunu iddia etsə də, tələbin təsdiqi üçün heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Həmin hal məhkəmə tərəfindən araşdırılmış sübutlarla da təsdiq olunmamışdır. Beləliklə də, araşdırılmış sübutlarla hazırki iş üzrə Cavabdeh tərəfindən İddiaçı hüququnun pozulması faktları sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbləri əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 2243 manat məbləğində pulun və 43 manat dövlət rüsumunun alınıb ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 43 (qırx üç) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar