Məhkəmə qərarları › İş №2(077)-38/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-38/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-38/2024 01.02.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi X2, nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ”Ramy Dental" MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X6 Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “Ramy Dentaf' MMC-yə vurduğu 77020 manat məbləğində zərər, 1300 manat məbləğində vəkilə ödənilən pul və 325 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 78645 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, “Ramy Dental" MMC onun tərəfindən təsis edilərək xx.xx.2014-cii il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Şəhər Vergilər Departamentinin Kommersiya X8 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Cəmiyyətin nizamnamə kapitalındakı pay 100% pul şəklində ona məxsusdur. xx.xx.2018-ci il tarixli 1 saylı qərarı ilə Cavabdeh "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh direktor kimi cəmiyyətin adından "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə bir il müddətinə qaytarmaq şərti ilə aylıq 1500 manat xeyir verməklə 20000 manat. xx.xx.2020-ci il tarixdə yenə bir il müddətinə qaytarmaq şərtilə aylıq 1700 manat xeyir verməklə 23000 manat məbləğinə boc müqaviləsi bağlamış, həmin pulları borc verəndən qəbul edərək, şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin pul vəsaitləri cəmiyyətin kassasına mədaxil olunmamışdır. Ümumiyyətlə cavabdeh belə bir müqaviləni bağlaması barədə hər hansı məlumat verməmişdir. Cavabdehin bu hərəkətlərindən yalnız tələbkar "xxxx" MMC-nin “Ramy Dental" MMC-yə qarşı məhkəməyə iddia tələbi ilə müraciət edəndən sonra məlumatı olmuşdur. Belə ki, "xxxx" MMC “pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 76700 manat pulun və və 320 manat ödənilmiş dövlət rüsumunun “Ramy Dental" MMC-dən tutularaq ona ödənilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cti il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci: il tarixli qətnaməsi ilə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Həmçinin, qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişiklik edilmədən saxlanılmış, bununla yanaşı qərarda “Ramy Dental" MMC-nin Cavabdeh bağladığı müqavilələrlə bağlı vurduğu ziyanı tam həcmdə tələb etmək hüququnun olması müəyyən edilmişdir. Qüvvədə olan məhkəmə aktları ilə Cavabdeh ona 77020 manat məbləğində maddi zərər vurduğu müəyyən edilmişdir. Həmçinin, cavabdeh bu hərəkətləri ilə onu əlavə olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək, dövlət rüsumu ödəmək, vəkillə müqavilə bağlamaq və digər xərclər çəkmək məcburiyyətində qoymuşdur. Ona görə də cəmiyyətə dəymiş ziyanın Cavabdeh tutularaq ödənilməsini tələb edir. Daha sonra iddiaçı X6 əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək onun “Ramy Dental" MMC ilə əvəz olunmasını xahiş etmişdir. Eyni zamanda, “Ramy Dental" MMC də məhkəməyə əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə ilə müraciət edərək, iddiaçı X3 iddiaçı ”Ramy Dental" MMC ilə əvəz olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən ərizələr təmin edilərək, məhkəmə tərəfindən əsl olmayan tərəf əsl iddiaçı ”Ramy Dental" MMC ilə əvəz olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdr ki, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi obyektdə diş həkimi işlədiyi müddətdə, Ezzati Hossein ilə tanış olmuş, özünün və həyat yoldaşının dişlərini müalicə etdirmək isdədiklərini bildirmişdir. Sonradan onların hər ikisinin dişlərini müayinə və müalicə etmiş və implant dişlər qoymuşdur. Həmin zaman işlədiyi obyektin texiki təminatı köhnə olmuş və polikilinikanın texniki avadanlıqlarının müasir şəraitə uyğun təşkil edilməsi zərurəti olmuşdur. Lakin maddi vəsait olmamışdır. Ezzati Hossein iş yerinizi yüksək səviyyədə təşkil etmirsiniz ” deyə soruşduqda, müəssisənin maddi vəziyyətinin aşağı olduğunu, maddi vəsaitə ehtiyacı olmasını ona bildirmişdir. Ezzati Hossein ona bildirmişdir ki, işlədiyi sahə gəlir gətirərsə, o həmin obyektə vəsait qoya bilər. Belə olan halda ona diş poliklinikasına vəsait qoyarsa, o zaman ona tədricən işləyərək sərf edilən pulu qaytara biləcəyini bildirmişdir. Ona görə 2020-ci ilin avqust ayında “obyektə vəsait qoyulması barədə ” aralarında razılığa gəlmişlər. Lakin bir neçə gündən sonra Ezzati Hossein pulu rəsmiləşdirməklə verə biləcəyini bildirmişdir. Onun təklifinə etiraz etməmişdir. Bir neçə gündən sonra Ezzati Hossein hazırladığı borc müqaviləsi blankını ona təqdim etmişdir. Müqavilənin 1.2-ci bəndində “Borc Verən” bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğ hər ay 1500 manat manat xeyir vermək şərti və 1 ildən sonra 20000 manatı tam qaytarmaq şərtilə verir“ sözləri qeyd edilməsinə baxmayaraq, o zaman bildirmişdir ki, polkilinika işlədiyi təqdirdə götürülən vəsait qaytara bilər. İlk vaxtı müqavilənin bu formada yazılmasına zərurət olmadığını bildirmiş və qeyd etmişdir ki, “xeyir” vermək anlayışını müqavilədən silmək lazımdır. Belə ki, işlədiyi obyektdə hər ay göstərilən məbləğdə qazanc götürmür və həmin məbləğdə “xeyir ” ödəyə bilməyəcək. O zaman Ezzati Hossein bildirmişdir ki, “əgər obyektin gəliri olmasa, ona gəlir verməz”, əgər gəlir olarsa o zaman gəlir verilər.” Belə olan halda, Ezzati Hosseinin təklifini qəbul etmişdir. Həmin müqaviləni xx.xx.2020-ci il tarixində imzalamışlar və hər iki tərəf özündə olan möhürlə təsdiqləmişdir. Pul vəsaiti bəzi avadanlığın və diş düzəltmək üçün vəsaitlər və komponentlərin alınmasına sərf edilsə də, obyektin yenidən qurulmasına bəs etmədiyi üçün, ikinci dəfə Ezzati Hosseindən əlavə vəsait istəmiş, o da, razılıq vermiş və xx.xx.2020-ci ildə eyni şərtlərlə sadə müqavilə imza edib təsdiq etmişlər. İkinci dəfə alınan vəsait obyektə avadanlıq alınması üçün başqa şəxslərə verilmiş, lakin həmin vəsait geri qaytarılmadığından obyektdə iş görülməsi mümkün olmamışdır. Bu barədə Ezzati Hosseinə bildirmiş və qeyd etmişdir ki, əsas məbləği mütləq qaytaracaq. Ona görə də gecə-gündüz işləyərək bir neçə ay ödənişləri etmiş və ümumilikdə 14300 manat pulu Ezzati Hosseinin tapşırığı ilə onun həyat yoldası Ezzati Nahidinin hesabına köçürmüşdür. Pulun ödəniməsi barədə bank çıxarışlarını təqdim edir. Digər ödənişlər “milliön” aparatları vasitəsi ilə ödənilmişdir.Lakin sonradan işdə yaranmış çətinliklər nəticəsində ödənişi dayandırmışdır. Belə ki, 2020-ci və 2021-ci ilin birinci yarısına kimi Respublikada COVİD-19 pandemiyasının yayılması nəticəsində bir çox iş yerləri,o cümlədən diş poliklinikalarında işlər dayandırılmış və həmin vaxtlarda maddi çətinliklər üzündən aldığı borcu ödəyə bilməmişdir. Bu barədə Ezzati Hosseinə həm üzbəüz danışıqlarında, həm də telefon danışıqlarında bildirmiş və qeyd etmişdir ki, obyektiv səbəbdən borcunu ödəyə bilməmişdir. 2021-ci ilin ikinci yarısından sonra fəaliyyətə başladığını və əsas borcunu ödəyəcəyini bildirmişdir. Lakin bununla əlaqədar bir az vaxt lazım olacaq. Eyni zamanda İddiaçı poliklinikasının 2020-2021-ci ilin birinci yarısına kimi heç bir gəliri olmamışdır. Bunu vergi hesabatlarında olan faktlarla müəyyən etmək olar. Hər iki razılaşmaya əsasən Ezzati Hosseinə 31000 borcu qalmışdır. Ona görə reqress qaydası ilə məsuliyyəti 31.000 manat həddində olmalıdır. Həmçinin, artıq bir müddətdir ki, İddiaçı poliklinikasından işdən çıxmışdır”. Ezzati Hosseindən götürdüyü əsas borcun qalıq məbləğini qaytarmaqdan imtina etməmiş, lakin onun hər ay üçün böyük məbləğdə “xeyir” tələb etməsini qəbul etməmişdir. X5 dolayı yolla məhkəməyə müraciət etməsi və cavabdeh kimi iddiaçının qoyulması yol verilməz olmuşdur. Eyni zamanda həmin məhkəmə prosesslərinə cəlb edilməməsi qanunsuz olmuşdur. İddiaçı MMC 2020 və 2021-ci illərdə gəlirlə işləmədiyindən, hesab edir ki, məhkəmə qətnaməsi iddiaçının gəlir ödəmək hissədə tələbi qüvvədə olan maddi hüquq normalarına zidd olmasına baxmyaraq, həmin hissədə heç bir cavabdehlik daşımır. Yuxarıda qeyd olunalara əsasən iddiaçının ona qarşı iddia tələbinin 31000 manat hissəsində qaytarılmasına etiraz etmir, lakin “gəlir” tələbini, iddiaçının və onun arvadının dişləri ilə əlaqədar iddia tələbini qəbul etmir. Ezzati Hossein bağlanmış müqavilələr üzrə pul tələbinə dair ilkin olaraq Şuşa rayon məhkəməsinə müraciət etmiş və məhkəmədə iş araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Ezzati Hossein ilə Cavabdeh arasında borc müqavilələri bağlanmış, bunu öz razılıqları ilə iddiaçının təsisçisi olduğu “Arasbaran Tejarat" MMC ilə cavabdehin direktoru olduğu İddiaçı MMC arasında bağlanmış müqavilələr kimi rəsmiləşdirməklə xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən Ezzati Hossein Cavabdeh 20000 manat məbləğində və xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 23000 manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh borc müqavilələri üzrə cəmi 14300 manat məbləğində pulu iddiaçının icazəsi ilə onun arvadının bank hesabına köçürdüyünü bildirsə də, bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.Şuşa Rayon Məhkəməsində araşdırılarkən ondan xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 20000 manat və xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 23000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi göstərilmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bağlanmış müqavilələr üzrə əsas borc məbləğinin 5%-dən artıq ziyan tələb edilməsi əsasızdır. Belə ki , xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 20000 manata görə bir il üçün iddiaçıya 5% hesabı ilə 10 ay üçün 833,30 manat və xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 23000 manata görə 11 ay üçün 1191,30 manat olmaqla,cəmi 2024,60 manat məbləğində pul ziyanından artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən bağladığı müqavilələr üzrə İddiaçı MMC-yə vurulmuş ziyan 43000 manat məbləğində olmuşdur. Həmin məbləği İddiaçı MMC-yə ödəməyə etiraz etmir. Digər məbləğləri qəbul etmir. Məhkəmə tərəfindən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4, nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən qətnamə qəbul edilərkən etiraz ərizəsində qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarının və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən İddiaçı MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Borc verən “Ramy Dental" MMC ilə (nizamnamə əsasında fəaliyyət göstərən şirkətin direktoru Cavabdeh şəxsində) və digər tərəfdən "xxxx" MMC (nizamnamə əsasında fəaliyyət göstərən şirkətin direktoru X1 şəxsində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən 1 il müddət ərzində qaytarmaq və ayda 1.500 manat faiz ödəmək şərti ilə borc alana iş görmək məqsədi ilə 20.000 manat məbləğində pul vəsaitini borc vermişdir. Borc verən “Ramy Dental" MMC ilə (nizamnamə əsasında fəaliyyət göstərən şirkətin direktoru Cavabdeh şəxsində) və digər tərəfdən "xxxx" MMC (nizamnamə əsasında fəaliyyət göstərən şirkətin direktoru X1 şəxsində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, borc verən 1 il müddət ərzində qaytarmaq və ayda 1.700 manat faiz ödəmək şərti ilə borc alana iş görmək məqsədi ilə 23.000 manat məbləğində pul vəsaitini borc vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-599/2023 saylı qərarının surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il 18 tarixli e-2-2(113)-868/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbinə dair” iddiası təmin edilmiş, cavabdehdən 76.700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-648/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instasniyası məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddianın əsası kimi istinad edilmiş borc müqavilələrini Cavabdeh öz adından deyil, cavabdehin direktoru kimi imzaladığından və müqavilə cavabdehin möhürü ilə təsdiq edildiyindən, Cavabdeh izahatında nə göstərməsindən asılı olmayaraq borc müqavilələri üzrə tərəf, yəni borcalan cavabdeh hesab edilir və iddiaçı qarşısında borcun qaytarılması ilə bağlı öhdəliyi hüquqi şəxs daşıyır. Hüquqi şəxsin qanuni təmsilçisi olmuş şəxsin hüquqi şəxsin adından nağd olaraq aldığı pul vəsaitini hüquqi şəxsin kassasına və ya hesabına mədaxil etməməsi MM-nin 49-cu maddəsinə əsasən cavabdehə əvvəlki direktora qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ versə də, bu hal iddiaçı qarşısında borc müqaviləsi üzrə öhdəliyin icrasından imtina etmək üçün əsas deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-599/2023 saylı qərarı ilə cavabdeh Ramy Dental” Məhdud Məsuliyyətli Cəmiyyətinə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(103)-648/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instasniyası məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, MM-nin 49.2 və 49.3-cü maddələrinin məzmununa görə, cavabdeh MMC mübahisəli müavilələrin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzini həmin dövrdə MMC-nin direktoru olmuş Cavabdeh tam həcmdə tələb etmək hüququnu özündə saxlayır. Lakin bu, hazırda cavabdeh MMC-nin, Cavabdeh direktor kimi imzaladığı və hüquqi şəxsin möhürü ilə rəsmiləşdirdiyi mübahisəli müqavilələlər üzrə MM-in 739.1 və 741 -ci maddələrinə uyğun olaraq, cavabdehin adından yaranmış borc öhdəliklərinin icrasından azad edilməsi üçün əsas ola bilməz. İddiaçı MMC-nin sabiq icraçı direktoru Cavabdeh Yasamal rayon prokurorluğunda alınmış izahatının surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən aldığı borc pulu hüquqi İddiaçı MMC-nin hesabına mədaxil etmədiyini göstərərək borcun şəxsən ona aid olduğunu, İddiaçı MMC-yə aid olmadığını bildirmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə, hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə isə, hüquqi şəxsin adından çıxış edən, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin ümumi yığıncağının qərarı ilə tutduğu vəzifədən kənarlaşdırıla bilər. Hüquqi şəxsə vurulmuş zərərə görə hüquqi şəxsin adından çıxış edən şəxsin, hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxsin inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi onu hüquqi şəxsə dəymiş zərərin ödənilməsi vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 49-cu maddəsinin mənasına görə, hüquqi şəxs adından çıxış edən şəxsin hüquqi şəxs üçün arzuolunmaz nəticələrə səbəb olmuş hərəkətlərinin (hərəkətsizliyinin) vicdansızlığına və (və ya) qeyri-peşəkarlığına və məntiqsizliyinə dəlalət edən halların mövcudluğu sübuta yetirilməlidir.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, işin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC-nin direktoru vəzifəsində işlədiyi dövrdə Cavabdeh həmin cəmiyyətin adından və möhüründən istifadə etməklə "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli borc müqavilələri əsasında cəmi 43000 manat pul vəsaitini borc götürmüş, MMC-nin hesabına mədaxil etməmiş və öz ehtiyaclarına sərf etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il 18 tarixli e-2- 2(113)-868/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən 76.700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı MMC tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Qəbul edilmiş məhkəmə aktları ilə hyüquqi şəxsin qanuni təmsilçisi olmuş şəxsin hüquqi şəxsin adından nağd olaraq aldığı pul vəsaitini hüquqi şəxsin kassasına və ya hesabına mədaxil etməməsinin MM-nin 49-cu maddəsinə əsasən MMC-yə əvvəlki direktora qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ verdiyi ayrıca qeyd edilmişdir. Hazırda İddiaçı MMC bu hüququndan istifadə edərək Cavabdeh dəymiş zərərin tutulmasını xahiş edir. Məhkəmə, Cavabdeh nümayəndəsinin iddia ərizəsinə etirazında və məhkəmə çıxışı zamanı istinad etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh borc aldığı pulun 14300 manatını qaytardığını göstərməsinə baxmayaraq, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, iddia tələbi dəymiş maddi ziyanın tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 77020 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı MMC tərəfindən hüquqi yardımın göstərilməsi üçün 33 saylı vəkil bürosunun hesabına cəmi 1100 manat pul ödənilmişdir. Odur ki, məhkəməni gəldiyi qənaətə görə, hazırki iş üzrə hüququ yardımına görə tələb olunan məbləğin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli və 1100 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 99 faiz həcmində təmin edildiyinə görə ödənilmiş 325 manat dövlət rüsumunun 322 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrin rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 77020 (yetmiş yeddi min iyirmi) manat məbləğində maddi zərər, 1100 (bir min bir yüz) manat hüquqi xidmət haqqı və dövlət rüsumunun 322 (üç yüz iyirmi iki) manat hissəsi olmaqla, cəmi 78442 (yetmiş səkkiz min dörd yüz qırx iki) manat məbləğində pul vəsaiti alınıb iddiaçı “Ramy Dental' MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar