Məhkəmə qərarları › İş №2(077)-385/2025

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-385/2025

21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-385/2025 21.10.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X2 Bəşərəddin oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə xx.xx.2024-cü il tarxli kredit müqaviləsinə əsasən 6650,11 manat əsas borc, 298,26 manat faiz borcu, 106,49 manat cərimə olmaqla, cəmi 7054,86 manat məbləğində borcun və 90,95 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı "xxxx" KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, hazırlıq iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işin baxışa təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə hazırlıq iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək icraatın dayandırılması qərara alınmışdır. Eyni zamanda, iddiaçı bankdan işə əlavə olunması üçün xx.xx.2023-cü il tarxli, 1852micBKX/23-EM saylı əsas kredit müqavilə çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli, 1852micBKX23/3 saylı əlavə kredit müqaviləsinin və hesabdan çıxarışın təqdim edilməsi məqsədi ilə sorğu göndərilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, cavabdeh- borcalan Cavabdeh1 ********** nömrəli VÖEN-i olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Həmçinin, xx.xx.2023-cü il tarxli, 1852micBKX/23-EM saylı əsas kredit müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir ki, bu müqavilə və bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri ilə kreditlər sahibkarlıq fəaliyyəti ilə bağlı verilir. Belə olan halda, məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, araşdırılan iş üzrə tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkar statusuna malik fiziki şəxs olmaqla subyekt tərkibi, eləcə də hüquq münasibətlərinin xarakteri, irəli sürülmüş tələbin tərəflərin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməsi kommersiya mübahisələrinin şərtinə uyğun gəlir. Ona görə də, iş üzrə icraat təzələnməli və iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.4-cü maddəsinin tələbinə uyğun olaraq baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarının 12-ci bəndinə əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilir ki, işin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı kommersiya məhkəməsində baxılmalı olan işlərin mümkün subyekt tərkibi və predmeti ilə bağlı qiymətləndirmənin həyata keçirilməsi zamanı MPM-in 30-cu maddəsinin tələblərinin nəzərə alınmalı olması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, həmin maddənin əvvəlki redaksiyasından fərqli olaraq hazırda qüvvədə olan redaksiyaya əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbin birləşdirilməsi zamanı onlardan bir qisminin ümumi məhkəməyə, digərlərinin isə kommersiya məhkəməsinə aid olduğu halda, tələblərə artıq ümumi deyil, kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmə aidiyyəti müəyyən edilərkən fərdi sahibkarların vergi orqanında fəaliyyətinin aktiv olmaması və ya onun həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin vergi orqanında qeydə alınmış fəaliyyət növündən fərqli olmasının heç bir əhəmiyyəti yoxdur. Çünki bu məsələlər Vergi Məcəlləsinə əsasən vergi tutma məqsədləri və sahibkarların vergi məsuliyyətinin yaranması üçün əhəmiyyət daşıyan hallardır və həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti olmasını istisna etmir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Qeyd olunmalıdır ki, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm predmetinin və hüquq münasibətlərinin xarakterinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Beləliklə, mübahisənin kommersiya məhkəməsinə aiddiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlılığı müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, araşdırılan iş üzrə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, cavabdehlərdən isə borcalan Cavabdeh1 fərdi sahibkar statusuna malik fiziki şəxs olmaqla subyekt tərkibi, eləcə də hüquq münasibətlərinin xarakteri, irəli sürülmüş tələbin tərəflərin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəlməsi kommersiya mübahisələrinin şərtinə uyğun gəlir. Bu baxımdan hazırki mübahisəyə yuxarıda istinad edilən prosessual hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli, 10 saylı Qərarının müddəalarına uyğun olaraq kommersiya mübahisəsi kimi mahiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Beləliklə, işdə iştirak edən şəxslərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsində irəli sürülmüş tələbə kommersiya məhkəməsində baxılmalı olduğundan, hazırki idda ərizəsinə ümumi məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-cı maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 30, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbinə dair” iddia ərizəsi baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar