Məhkəmə qərarları › İş №2(077)-401/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-401/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-401/2021 28.10.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azerbaijan» MM QBKT “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3279,02 (üç min iki yüz yetmiş doqquz manat iki qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək,Cavabdeh2 adı texniki səhv olaraq iddia ərizəsinin xahiş etdim hissəsində qeyd olunduğunu bildirmiş və Cavabdeh1 3279,02 manat əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,«Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında 19 iyun 2015-ci il tarixli **********7116 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən borcluya biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə illik 38% hesablanmaqla 6000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 Cavabdeh1 zamin durmuşdur.Daha sonra tərəflər arasında 19 iyun 2015-ci il tarixli **********7116 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 28 aprel 2016-cı il tarixli saziş imzalanmışdır.Sazişə əsasən tərəflər 19 iyun 2015-ci il tarixli **********7116 saylı kredit müqaviləsi üzrə yaranmış qalıq məbləğini,yəni 5223 manat pulu 55 ay müddətinə hər ay 95 manat ödəniş etmək şərtilə razılaşdırmışlar.Müqavilə bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir.Kredit müqaviləsinə əsasən cavabdehin 03.09.2021-ci il tarixinə əsas borcu 3279,02 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 qalan borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq,işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli **********7116 saylı kredit müqaviləsinin surətindən görünür ki,«Finca Azerbaijan» MM QBKT tərəfindən Cavabdeh1 illik 38% faiz dərəcəsi ilə 18 ay ərzində ödənilməsi şərti ilə 6000 manat məbləğində kredit verilmişdir. - Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 6000 manat məbləğində almış olduğu krediti 19.07.2015-ci il tarixindən başlayaraq hər ay 445 manat,sonuncu ay 433 manat ödəniş etməklə 19.12.2016-cı il tarixinədək ödəməli idi. - «Finca Azerbaijan» MM QBKT-nın xəzinə məxaric orderinin surətindən görünür ki,tərəflər arasında bağlanmış 19 iyun 2015-ci il tarixli **********7116 saylı kredit müqaviləsi üzrə iddiaçı üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək,sonuncuya 19.06.2015-ci il tarixdə 6000 manat məbləğində nağd kredit vermişdir. - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli **********7116 saylı kredit müqaviləsinin restrukturizasiyasiyasına dair 28 aprel 2016-cı il tarixli sazişdən görünür ki,tərəflər kreditin qalıq məbləği olan 5223 manat məbləğində pulu 55 ay müddətinə hər ay 95 manat ödəniş etmək şərtilə qaytarılmasını razılaşdırmışlar. - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış arasında 19 iyun 2015ci il tarixli **********7116 saylı kredit müqaviləsinin restrukturizasiyasiyasına dair 28 aprel 2016-cı il tarixli sazişə əlavədən görünür ki, Cavabdeh1 5223 manat məbləğində almış olduğu krediti 28.05.2016-ci il tarixindən başlayaraq hər ay 95 manat ödəniş etməklə 28.09.2018-ci il tarixinədək ödəməli idi. - «Finca Azerbaijan» MM QBKT-nın 03.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki,28 aprel 2016-cı il tarixli sazişə əsasən Cavabdeh1 1943,98 manat əsas borc və 81,97 manat cərimə borcu olmaqla,cəmi 2025,95 manat məbləğində borc ödəmiş və hazırda 03.09.2021-ci il tarixə «Finca Azerbaijan» MM QBKT-na olan borcu 3279,02 manat təşkil edir. - “Asan ödəniş” sisteminə ödənilmiş 09.09.2021-ci il tarixli **********50 saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarına və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,Cavabdeh1 3279,02 manat əsas borc məbləği kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «Finca Azerbaijan» MM QBKTna ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh1 28 aprel 2016-cı il tarixli saziş üzrə 3279,02 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2016-cı il tarixli saziş üzrə Cavabdeh1 3279,02 (üç min iki yüz yetmiş doqquz manat iki qəpik) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar