Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-420/2021 02.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 450,15 (dörd yüz əlli manat on beş qəpik) manat məbləğində əsas borc,130,40 (bir yüz otuz manat qırx qəpik) manat məbləğində faiz borcu, 201,16 (iki yüz bir manat on altı qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 781,71 (yeddi yüz səksən bir manat yetmiş bir qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini onunla əsaslandırmışdır ki,bankla Cavabdeh1 arasında 23 avqust 2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə 12 ay müddətinə aylıq 2.25% hesablanmaqla 2000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmini üsulu kimi bankla Cavabdeh2 arasında 23 avqust 2019-cu il tarixli 030G**********01 saylı zaminlik müqaviləsi imzalanmışdır.Müqavilələr bağlanan an cavabdehlərə üzərlərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliklərini vaxtında icra etməmişdir.Bunun nəticəsində onun 16.09.2021-ci il tarixə banka 450,15 manat məbləğində əsas borcu,130,40 manat məbləğində faiz borcu və 201,16 manat məbləğində cərimə borcu yaranmışdır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış,lakin bu danışıqlar heç bir fayda verməmiş və kreditor İddiaçı QSC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir.Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə aylıq 2,25% hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. - Ödəniş Planından görünür ki, Cavabdeh1 2000 manat məbləğində almış olduğu krediti 23.09.2019-cu ildən başlayaraq hər ay 193 manat,sonuncu ay 187,26 manat ödəniş etməklə 25.08.2020-ci il tarixədək ödəməli idi. - 23.08.2019-cu il tarixli köçürmənin surətindən görünür ki,İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC üzərinə götürmüş olduğu öhdəliyi icra edərək 23.08.2019-cu il tarixdə Cavabdeh1 2000 manat məbləğində pul vermişdir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 030G**********01 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC-nin 21.09.2021-ci il tarixli 22215 saylı maliyyə arayışından görünür ki,Cavabdeh1 23 avqust 2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC-yə 16.09.2021-ci il tarixinə 450,15 manat məbləğində əsas borc,130,40 manat məbləğində faiz borcu və 201,16 manat məbləğində cərimə borcu olmaqla,cəmi 781,71 manat məbləğində borcu vardır. - Hökümət Ödəniş portalına ödənilmiş 21.09.2021-ci il tarixli ********* saylı qəbzin surətindən görünür ki,»AccessBank» QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə,tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən 450,15 manat məbləğində əsas borc və 130,40 manat məbləğində faiz borcu müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 201,16 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 45 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 030G**********01 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Məhkəmə hesab edir ki,zaminlik müqaviləsinin şərtləri AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir.Həmçinin Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki,müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 23 avqust 2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir.Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.Bu halda müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrasının vaxtının hansı andan çatdığıdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 23 avqust 2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsində tərəflər razılaşmışlar ki,borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 23.09.2019-cu il tarixdə,sonuncu ödəniş 25.08.2020-ci il tarixdə həyata keçirilməli idi.Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 25.08.2020-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə, məhkəmə hesab edir ki,23 avqust 2019-cu il tarixli 030A********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da,iddiaçı zaminə qarşı 25.08.2021-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir.Bilavasitə qanundan irəli gəldiyi,eləcə də,bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir. Buna görə də,onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,Cavabdeh1 450,15 manat məbləğində əsas borc,130,40 manat məbləğində faiz borcu və 45 manat məbləğində cərimə borcu olmaqla,cəmi 625,55 manat məbləğində pul vəsaiti və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211,220, 227, 233, 284-1,284-5,284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 450,15 (dörd yüz əlli manat on beş qəpik) manat məbləğində əsas borc,130,40 (bir yüz otuz manat qırx qəpik) manat məbləğində faiz borcu,45 (qırx beş) manat məbləğində cərimə borcu olmaqla,cəmi 625,55 (altı yüz iyirmi beş manat əlli beş qəpik) manat məbləğində pulun və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-420/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-420/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver