Məhkəmə qərarları › İş №2(077)-426/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-426/2021

02.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-426/2021 02.12.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC Cavabdeh qarşı iddia qaldıraraq,Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2020-ci il tarixli 012-EMB-0742-20 saylı kredit müqaviləsinin ləğv edilməsi,Cavabdeh 2041 (iki min qırx bir) manat məbləğində əsas borc, 306,15 (üç yüz altı manat on beş qəpik) manat məbləğində cərimə borcu və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla,ümumilikdə 2377,55 (iki min üç yüz yetmiş yeddi manat əlli beş qəpik) manat məbləğində borcun Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki,Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında 06 avqust 2020-ci il tarixli 012-EMB-0742-20 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə "xxxx" MMC-nin istehsal etdiyi mebelleri almaq məqsədilə 18 ay müddətinə 3136 manat məbləğində pul vermişdir.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliklərin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir.Kredit müqaviləsinin 2.1.1-ci bəndinə görə Borcalan bu Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş cədvəlində gsötərilmiş bank hesablarına və ödəniş cədvəlində nəzərdə tutulmuş digər ödəmə vasitələrinə ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə kreditin vaxtından əvvəl tam ödənilməsini Borcalan tələb edə bilər.Hazırda cavabdehin kredit müqaviləsi üzrə 22.09.2021-ci il tarixinə 2041 manat əsas borc və 306,15 manat cərimə borcu olmaqla,cəmi 2347,15 manat borc hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, "xxxx" QSC-dən kredit götürdükdən sonra ödənişlərini vaxtlı-vaxtında ödəmiş,lakin sonradan əlavə iş yerinin bağlanması səbəbindən maddi vəziyyəti pisləşmiş,ona görə də,borcunu gecikdirmişdir.Hazırda borcunu hissə-hissə ödəyə bilər. İddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2020-ci il tarixli 012-EMB-0742-20 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə "xxxx" MMC-nin istehsal etdiyi mebelleri almaq məqsədilə 18 ay müddətinə 3136 manat məbləğində kredit verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - 012-EMB-0742-20 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki,Cavabdeh 3136 manat məbləğində almış olduğu krediti 07.09.2020-ci ildən başlayaraq hər ay 174 manat,sonuncu ay 178 manat ödəniş etməklə 07.02.2022-ci il tarixədək ödəməli idi. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC tərəfindən Cavabdeh göndərilmiş 18.05.2021-ci il tarixli 14913/21 və 14914/21 saylı xəbərdarlıqlardan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin 22.09.2021-ci il tarixli MA-0022915- 21 saylı maliyyə arayışından görünür ki,Cavabdeh 06 avqust 2020-ci il tarixli 012-EMB- 0742-20 saylı kredit müqaviləsi üzrə 22.09.2021-ci il tarixinə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 2041 manat əsas borc və 306,15 manat cərimə borcu olmaqla ümumilikdə 2347,15 manat təşkil edir. - X3 ödənilmiş 24.09.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyinə görə 2041 manat əsas borc tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki,cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 306,15 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alıb hesab edir ki,tənasübsüz surətdə azaldaraq 30 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli,Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2020-ci il tarixli 012-EMB-0742-20 saylı kredit müqaviləsi ləvğ edilməli,Cavabdeh 2041 manat əsas borc,30 manat cərimə borcu olmaqla,ümumilikdə 2071 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSCnin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2020-ci il tarixli 012-EMB-0742-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2041 (iki min qırx bir) manat məbləğində əsas borc,30 (otuz) manat məbləğində cərimə borcu olmaqla,ümumilikdə 2071 (iki min yetmiş bir) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar