Məhkəmə qərarları › İş №2(077)-428/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-428/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-428/2021 05.11.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 536,16 (beş yüz otuz altı manat on altı qəpik) manat qalıq borc,282,77 (iki yüz səksən iki manat yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla,cəmi 818,93 (səkkiz yüz on səkkiz manat doxsan üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli XBK08886 saylı nisyə altı-satqı müqaviləsinə əsasən satıcı alqı-satqı qiyməti 898 manat olan “Samsung” markalı mobil telefonu və “Bosch” markalı tozsoranı alıcıya vermiş,alıcı isə onu qəbul edərək avadanlığın qiymətini 12 ay müddətinə hər ay 72 manat ödəniş etməklə satıcıya ödəməyi öhdəsinə götürmüşdür.Müqavilədən irəli gələn öhdəliyin təmini üsulu kimi İddiaçı MMC ilə Cavabdeh2 arasında 13.09.2019-cu il tarixli XBK08886-Z saylı zaminlik müqaviləsi imzalanmışdır.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin cavabdehlər müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər.Hazırda 21.09.2021-ci il tarixinə 536,16 manat qalıq borc və 586 gecikən günlərin 30% həcmində hesablanmış 282,77 manat cərimə borcu vardır.Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilmiş,lakin heç bir nəticəsi olmamışdır.Ona görə də,hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən,ərizənin qəbulundan imtina olunmamışdırsa,onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir.Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 05 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə,Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur,mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında,məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli XBK08886 saylı nisyə alqı-satqı müqaviləsindən görünür ki,satıcı alqı-satqı qiyməti 898 manat olan “Samsung” markalı mobil telefonu və “Bosch” markalı tozsoranı alıcıya vermiş,alıcı isə onları qəbul edərək avadanlığın qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki,Cavabdeh1 13.09.2019-cu il tarixli XBK08886 saylı nisyə alqı-satqı müqaviləsi üzrə almış olduğu avadanlığın qiymətini 13.10.2019-cu il tarixdən başlayaraq hər ay 72 manat,sonuncu ay 66 manat ödəniş etməklə 13.09.2020-ci il tarixədək ödəməli idi. - İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 13.09.2019-cu il tarixli XBK08886- Z saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı MMC tərəfindən cavabdehlərə göndərilmiş 23.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. - İddiaçı MMC-nin 21.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 13.09.2019-cu il tarixli XBK08886 saylı müqaviləyə əsasən 536,16 manat qalıq borc və 586 gün üçün güzəşt edilərək cərimə borcu üzrə 282,77 manat olmaqla,cəmi 818,93 manat borcu vardır. - “Asan Ödəniş” sisteminə ödənilmiş 27.09.2021-ci il tarixli **********49 saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə,yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə,belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə,tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddiaçı ilə cavabdehlər arasında bağlanmış müqavilələrə əsasən cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehlərdən müştərək qaydada 536,16 manat məbləğində qalıq borc müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 282,77 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 28 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh1 və Cavabdeh2 13.09.2019-cu il tarixli XBK08886 saylı müqaviləyə əsasən 536,16 manat qalıq borc,28 manat cərimə borcu olmaqla,cəmi 564,16 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunu İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220,284-1-284-6 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və və Cavabdeh2 müştərək qaydada 13.09.2019-cu il tarixli XBK08886 saylı nisyə alqı-satqə müqaviləsinə əsasən 536,16 (beş yüz otuz altı manat on altı qəpik) manat ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat cərimə borcu olmaqla,cəmi 564,16 (beş yüz altmış dörd manat on altı qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar