Məhkəmə qərarları › İş №2(077)-45/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-45/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-45/2021 03.06.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli 8610 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3071,27 (üç min yetmiş bir manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc,2076,31 (iki min yetmiş altı manat otuz bir qəpik) manat məbləğində faiz borcu,462,25 (dörd yüz altmış iki manat iyirmi beş qəpik) manat məbləğində kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ,1538,31 (bir min beş yüz otuz səkkiz manat otuz bir qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 7148,14 (yeddi min yüz qərx səkkiz manat on dörd qəpik) manat məbləğində borc və ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki,İddiaçı ASC ilə Cavabdeh1 arasında 05 noyabr 2014-cü il tarixli 8610 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 36 ay müddətinə illik 28% hesablanmaqla,hər ay 165,45 manat ödəniş etmək şərtilə 4000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında 05 noyabr 2014-cü il tarixli 8610 saylı zaminlik müqaviləsi bağlanmışdır.Hazırda 15.10.2020-ci il tarixinə cavabdehin banka olan borcu kredit müqaviləsi üzrə 3071,27 manat əsas borc,2076,31 manat faiz borcu,1538,31 manat cərimə borcu və 462,25 manat müqavilə müddəti bitdikdən sonrakı dövrə olan faiz borcu təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir.Cavabdehlərə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər.Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, Cavabdeh2 14.11.2018-ci il tarixdə ölmüşdür.Digər Cavabdeh1 gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalı,Cavabdeh2 münasibətdə isə baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli 8610 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 28% faiz dərəcəsi ilə 36 ay ərzində ödənilməsi şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. - Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 4000 manat məbləğində almış olduğu krediti 05.12.2014-cü il tarixindən başlayaraq hər ay 165,45 manat ödəniş etməklə 05.11.2017-cı il tarixinədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli 8610 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 oğlu bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - Ləğv prosesində olan İddiaçı ASC-nin 22.10.2020-ci il tarixli **********022 saylı maliyyə arayışından görünür ki,05 noyabr 2014-cü il tarixli 8610 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 10.10.2020-ci il tarixinə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 3071,27 manat əsas borc,2076,31 manat faiz borcu,1538,31 manat cərimə borcu və 462,25 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 7148,14 manat borc təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş 23.10.2020-ci il tarixli **********058 saylı bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliyinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X4 04.11.2020-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat məbləği dövlət rüsumu ödənilmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki,xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh2 14.11.2018-ci il tarxdə ölmüşdür.Ona görə də,məhkəmənin 03.06.2021-ci il tarixli qərardadı ilə iddia tələbi həmin hissədə baxılmamış saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.İddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır.Həmçinin məhkəmə müəyyən etmişdir ki,Cavabdeh2 14.11.2018-ci il tarixdə vəfat etmişdir.Tərəflər arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli 8610 saylı kredit müqaviləsinə əsasən öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,lakin Cavabdeh1 isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir.Nəticədə 3071,27 manat əsas borc,2076,31 manat faiz borcu, 1538,31 manat cərimə borcu və 462,25 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği hesablanmışdır. Məhkəmə gedişatı zamanı 04.03.2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və mülki iş ekspertizaya göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 04.05.2021-ci il tarixli 9/1660 saylı rəyinə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli 8610 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC qarşısında ödənilməli olan kredit borcu 05.11.2017-ci il tarixinə 3246,31 manat əsas borc və 1974,83 manat faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Məhkəmə mühasibatlıq ekspertizasının 04.05.2021-ci il tarixli, 9/1660 saylı rəyinə əsasən cavabdehdən 05 noyabr 2014-cü il tarixli 8610 saylı kredit müqaviləsi üzrə 3246.31 manat borcun tutulması müəyyən edilsə də, iddiaçı tərəfindən tələbin artırılması barədə ərizə daxil olmadığından iddia ərizəsində tələb olunan əsas məbləğ 3071,27 manat əsas borc, mühasibatlıq ekspertizasının rəyinə əsasən 1974,83 manat faiz borcu və 462,25 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği tutulmalıdır. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir. Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır. Odur ki,məhkəmə ödənilməsi tələb edilən 1538,31 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki,tənasübsüz surətdə azaldaraq 150 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə və 10 manatı iddiaçıya aid edilməlidir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının qiyməti 145 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 72,5 manatı İddiaçı ASC-dən və 72,5 manatı cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin ediməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli 8610 saylı kredit müqaviləsi üzrə cavabdehdən 3071,27 manat əsas borc,1974,83 manat faiz borcu,150 manat cərimə borcu,462,25 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği olmaqla,cəmi 5685,35 manat məbləğində borc,20 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 noyabr 2014-cü il tarixli 8610 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 3071,27 (üç min yetmiş bir manat iyirmi yeddi qəpik) manat məbləğində əsas borc,1974,83 (bir min doqquz yüz yetmiş dörd manat səksən üç qəpik) manat məbləğində faiz borcu,462,25 (dörd yüz altmış iki manat iyirmi beş qəpik) manat məbləğində kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləği,150 (bir yüz əlli) manat məbləğində cərimə borcu olmaqla,cəmi 5685,35 (beş min altı yüz səksən beş manat otuz beş qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ləğv prosesində olan İddiaçı ASC-dən 72,5 (yetmiş iki manat əlli qəpik) manat və Cavabdeh1 72,5 (yetmiş iki manat əlli qəpik) manat məhkəmə mühasibatlıq ekspertiza xərcləri tutularaq X1,kod 210005,VÖEN **********,müxbir hesab AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi–VÖEN **********,Hesab № AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319, büdcə səviyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar