Məhkəmə qərarları › İş №2(077)-8/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-8/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-8/2021 24.06.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbinə dair iddia qaldıraraq,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsinə əsasən 20500 (iyirmi min beş yüz) manat əsas borc,4834,91 (dörd min səkkiz yüz otuz dörd manat doxsan bir qəpik) manat faiz borcu,10516,38 (bir on min beş yüz on altı manat otuz səkkiz qəpik) manat cərimə borcu,3650,85 (üç min altı yüz əlli manat səksən beş qəpik) manat müqavilənin bitdiyi tarixdən 28.01.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5% faiz borcu olmaqla,cəmi 39502,14 (otuz doqquz min beş yüz iki manat on dörd qəpik) manat borc, 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 25710,50 (iyirmi beş min yeddi yüz on ABŞ dolları əlli sent) ABŞ dolları əsas borc,11640,58 (bir on bir min altı yüz qırx ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları faiz borcu,10414,32 (bir on min dörd yüz on dörd ABŞ dolları otuz iki sent) ABŞ dolları cərimə borcu,2266,95 (iki min iki yüz altmış altı ABŞ dolları doxsan beş sent) ABŞ dolları müqavilənin bitdiyi tarixdən 28.01.2020-ci il tarixə kimi gecikdirilmiş vaxt üçün illik 5% faiz borcu olmaqla,cəmi 50032,35 (əlli min otuz iki ABŞ dolları otuz beş sent) ABŞ dolları borc,ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 60 (altmış) manat rüsum və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun hesablanaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi,tutmanın Cavabdeh3 məxsus Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56 ünvanında yerləşən 60 kv.m ümumi,47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı,40 nömrəli mənzilinə yönəldilməsi,həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi,tutma mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3,Cavabdeh4 və X4 həmin mənzildən çıxarılması,həmin mənzilin boşaldılması və ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi,satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank borcluya mənzilini təmir etdirmək məqsədilə 24 ay müddətinə illik 22% hesablanmaqla 60000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 07 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmış və müqaviləyə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Daha sonra bankla Cavabdeh1 arasında 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi imzalanmış və müqaviləyə əsasən borcluya mənzilini təmir etdirmək məqsədilə 23 aprel 2018-ci il tarixədək illik 24% hesablanmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir.Hər iki kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh3 arasında 07 iyul 2014-cü il tarixli 219/1 və 23 aprel 2015-ci il tarixli 219/2 saylı ipoteka müqavilələri imzalanmış və müqaviləyə əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsində yerləşən 56 nömrəli,60 kv.m ümumi,47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 40 nömrəli mənzili banka ipotekaya qoymuşdur.Müqavilə bağlanan an cavabdehlərə üzərlərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtlı-vaxtında ödəməmişdir.Hazırda 28.01.2020-ci il tarixinə cavabdehin banka olan borcu 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə 20500 manat əsas borc,4834,91 manat faiz borcu,10516,38 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanan 3650,85 manat faiz brorcu olmaqla,cəmi 39502,14 manat və 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi üzrə 25710,50 ABŞ dolları əsas borc,11640,58 ABŞ dolları faiz borcu,10414,32 ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanan 2266,95 ABŞ dolları faiz borcu olmaqla,cəmi 50032,35 ABŞ dolları təşkil edir. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında çıxış edən İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki,İddiaçı ASC-dən götürdüyü krediti bir müddət vaxtlı-vaxtında ödəmişdir.Lakin sonradan devalivasiya ilə əlaqədar maddi vəziyyəti pisləşmiş və borcunu ödəyə bilməmişdir.Hazırda bankın ondan tələb etdiyi faiz və cərimə borcu çox yüksəkdir və həmin məbləğləri ödəməyə imkanı yoxdur. Cavabdehlər Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 fikrini nəzərə alaraq,işə cavabdehlər Cavabdeh2,Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib,işdəki sənədləri,sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 22% olmaqla 60000 manat məbləğində borc pulun verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - Kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 60000 manat məbləğində almış olduğu krediti 07.08.2014-cü ildən başlayaraq hər ay 3112,69 manat ödəniş etməklə 07.07.2016-cı il tarixədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 iyul 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki,Cavabdeh2 bank qarşısında 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 iyul 2014-cü il tarixli 219/1 saylı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası DƏDRX tərəfindən 17.04.2011-ci il tarixində 1368 nömrəli reyestr kitabında 125030 nömrəli vərəqində,reyestr nömrəsi **********51-05101-093022,qeydiyyat nömrəsi **********,qeydiyyatı aparılmış MA seriyalı ******* №li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi yerləşən 56 nömrəli,60 kv.m ümumi,47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 40 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur.İpoteka predmetinin dəyəri 95000 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 16.07.2014-cü il tarixdə 1368 nömrəli reyestr kitabının 125030 nömrəli vərəqində,reyestr nömrəsi **********51-05101-093022,qeydiyyat nömrəsi ********** qeydə alınmış RX ******* seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56,40 nömrəli mənzil İddiaçı ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri MKTD Yasamal rayonu MKTB 57 saylı MKİSnin 04.07.2014-cü il tarixli 1256 saylı arayışından görünür ki,Cavabdeh3 həqiqətən Bakı şəhəri,R.Rüstəmov küçəsindəki 56 nömrəli,5 mərtəbəli evin,4 –cü mərtəbəsində,47 kv.metr sahəsi olan 3 otaqlı 40 nömrəli mənzildə yaşayır.Həmin mənzildə daimi qeydiyyatda olanlar Cavabdeh3,X6 və X7r. - Azərbaycan Respublikası Beyləqan rayon Şərq kənd icra hakimiyyəti tərəfindən 20.06.1992-ci il tarixdə verilmiş Vİ-ЖГ №257024 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki,Cavabdeh5 ilə X5 20 iyun 1992-ci il tarixdə nikahlarını qeyd etdirmişlər.Nikah bağlandıqdan sonra ərə Vəliyev,arvada Vəliyeva soyadı verilmişdir. - 08.07.2014-cü il tarixli ərizədən görünür ki,Cavabdeh5 Bakı şəhəri, Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56,40 nömrəli mənzilin banka ipotekaya qoyulmasına etiraz etmir,əgər gələcəkdə Cavabdeh3 tərəfindən götürülən öhdəliklər pozularsa,həmin təqdirdə bank tərəfindən məhkəmədə heç bir iddia tələbi irəli sürülmədən ipotekaya qoyulan ümumi birgə əmlaklarını ən geci 1 ay ərzində tam boşaldılmasını,birdəfəlik təhvil verilməsini öhdəsinə götürmüşdür. - 08.07.2014-cü il tarixli ərizədən görünür ki,Cavabdeh4 Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56,40 nömrəli mənzilin banka ipotekaya qoyulmasına etiraz etmir,əgər gələcəkdə Cavabdeh3 tərəfindən götürülən öhdəliklər pozularsa,həmin təqdirdə bank tərəfindən məhkəmədə heç bir iddia tələbi irəli sürülmədən ipotekaya qoyulan ümumi birgə əmlaklarını ən geci 1 ay ərzində tam boşaldılmasını,birdəfəlik təhvil verilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsindən görünür ki,bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 24% olmaqla 30000 ABŞ dolları məbləğində borc pulun verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - Kredit ödəniş cədvəlindən görünür ki,Cavabdeh1 30000 ABŞ dolları məbləğində almış olduğu krediti 23.05.2015-ci ildən başlayaraq hər ay 1176,99 ABŞ dolları ödəniş etməklə 23.04.2018-ci il tarixədək ödəməli idi. - İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 23 aprel 2015-ci il tarixli 219/2 saylı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası DƏDRX tərəfindən 17.04.2011-ci il tarixində 1368 nömrəli reyestr kitabında 125030 nömrəli vərəqində,reyestr nömrəsi **********51-05101-093022,qeydiyyat nömrəsi **********,qeydiyyatı aparılmış MA seriyalı ******* №li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi yerləşən 56 nömrəli,60 kv.m ümumi,47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 40 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 08.05.2015-ci il tarixdə 1368 nömrəli reyestr kitabının 125030 nömrəli vərəqində,reyestr nömrəsi **********51-05101-093022,qeydiyyat nömrəsi ********** qeydə alınmış RX ******* seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56,40 nömrəli mənzil İddiaçı ASC tərəfindən ipoteka ilə yüklü edilmişdir. - İddiaçı ASC tərəfindən cavabdehlərə göndərilmiş 25.09.2019-cu il tarixli **********888 saylı,26.09.2019-cu il tarixli **********902 saylı,22.01.2020-ci il tarixli,**********057 və **********055 saylı xəbərdarlıqlardan görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. - İddiaçı ASC tərəfindən 27.01.2020-ci il tarixdə verilmiş **********083 saylı və 27.01.2020-ci il tarixli **********086 saylı ərizələrdən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsindən 22.01.2020-ci il tarixli **********57 saylı bildirişin qeydə alması xahiş edilmişdir. - İddiaçı ASC-nin 03.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 28.01.2020-ci il tarixinə 20500 manat məbləğində əsas borc,4834,91 manat məbləğində faiz borcu,10516,38 manat məbləğində cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 3650,85 manat məbləğində faiz borcu olmaqla, cəmi 39502,14 manat məbləğində borcu vardır. - İddiaçı ASC-nin 03.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 28.01.2020-ci il tarixinə 25710,50 ABŞ dolları məbləğində əsas borc,11640,58 ABŞ dolları məbləğində faiz borcu,10414,32 ABŞ dolları məbləğində cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 2266,95 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 50032,35 ABŞ dolları məbləğində borcu vardır. - X8 ödənilmiş 10.07.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. - ƏMDK-nin Elektron Xidmətlər Portalının 03.02.2020-ci il tarixli çıxarışlarından görünür ki, İddiaçı ASC ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 20 manat məbləğində dövlət rüsumu və 40 manat məbləğində xidmət haqqı ödəmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr 2020-ci il tarixli 9/3705 saylı ekspert rəyi ilə Cavabdeh1 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə 07.07.2016-cı il tarixinə əsas borcu 19132,29 manat,faiz borcu 2572,23 manat,28.01.2020-ci il tarixinə əsas borcu 17266,01 manat,faiz borcu 1522,77 manat,23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi 23.04.2018-ci il tarixinə əsas borcu 25171,89 ABŞ dolları,faiz borcu 14532,57 ABŞ dolları,28.01.2020-ci il tarixinə əsas borcu 25171,89 ABŞ dolları,faiz borcu 16752,89 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə prosesində iddiaçının nümayəndəsi ekspert rəyi ilə razı olmadığından iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2021-ci il tarixli 9/5769 saylı ekspert rəyi ilə Cavabdeh1 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə 07.07.2016-cı il tarixinə əsas borcu 22966,61 manat,faiz borcu 3173,57 manat,28.01.2020-ci il tarixinə əsas borcu 20500 manat,faiz borcu 3540,89 manat,23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi 23.04.2018-ci il tarixinə əsas borcu 25171,89 ABŞ dolları,faiz borcu 14532,57 ABŞ dolları,28.01.2020-ci il tarixinə əsas borcu 25171,89 ABŞ dolları,faiz borcu 16752,89 ABŞ dolları müəyyən edilmişdir. - “xxxx” MMC-nin 29.03.2021-ci il tarixli 0587/21/KREDO saylı mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki,Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56 ünvanındakı 5 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan 60 m2 ümumi sahədən ibarət,40 nömrəli mənzilin bügünkü orta baza qiyməti 100000 manat,likvid qiyməti 90000 manat təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC-nin 17.06.2021-ci il tarixli **********348 saylı hesabdan çıxarışdan görünür ki,23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borc üzrə 4289,50 ABŞ dolları və faiz borcu üzrə 3984,50 ABŞ dolları məbləğində ödəniş etmişdir. - Ləğv prosesində olan İddiaçı ASC-nin 17.06.2021-ci il tarixli **********349 saylı hesabdan çıxarışdan görünür ki,07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 39500 manat əsas borcdan və 16628,20 manat faiz borcundan ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən etmişdir ki,İddiaçı ASC ilə Cavabdeh1 arasında 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi bağlanmış və cavabdehə 24 ay müddətinə illik 22% hesablanmaqla 60000 manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 07 iyul 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır.Həmçinin bankla Cavabdeh1 arasında 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi imzalanmış və cavabdehə 36 ay müddətinə illik 24% hesablanmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh3 arasında 07 iyul 2014-cü il tarixli 219/1 və 23 aprel 2015-ci il tarixli 219/2 sayl ipoteka müqavilələri imzalanmış və o mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsində yerləşən 56 nömrəli binadakı 40 nömrəli mənzili ipotekaya qoymuşdur.Cavabdehin 28.01.2020-ci il tarixinə 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə 20500 manat əsas borc,4834,91 manat faiz borcu,10516,38 manat cərimə borcu,gecikdirilmiş vaxt üçün hesablanmış 3650,85 manat faiz borcu olmaqla,cəmi 39502,14 manat borc və 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi üzrə 25710,50 ABŞ dolları əsas borc,11640,58 ABŞ dolları faiz borcu,10414,32 ABŞ dolları cərimə borcu,gecikdirilmiş vaxt üçün hesablanmış 2266,95 ABŞ dolları faiz borcu olmaqla,cəmi 50032,35 ABŞ dolları borc hesablanmışdır. Həmçinin,məhkəmə prosesində Cavabdeh1 iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə iddia tələbinin rədd olunmasını xahiş etsə də,məlum olmuşdur ki,qeyd edilən kredit müqaviləsi üzrə cavabdeh sonuncu dəfə 24.04.2018-ci il tarixdə 1000 manat məbləğində ödəniş etdiyindən iddia müddəti ötürülməmişdir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,cavabdeh Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyinə görə 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə 20500 manat əsas borc və Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2021-ci il tarixli 9/5769 saylı ekspert rəyi ilə müəyyən edilmiş 3173,57 manat faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 3650,85 manat faiz borcu, 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi üzrə 25171,89 ABŞ dolları əsas borc,11640,58 ABŞ dolları faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 2266,95 ABŞ dolları faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən,dəbbə pulu (cərimə,penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə,kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə ödənilməsi tələb edilən 10516,38 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 317 manat, 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi üzrə ödənilməsi tələb edilən 10414,32 ABŞ dolları dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 1164 ABŞ dolları həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 07 iyul 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Məhkəmə hesab edir ki,zaminlik müqaviləsinin şərtləri AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir.Həmçinin Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki,müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin,verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər.Bu baxımdan məhkəmə qeyd edir ki,07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir.Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.Bu halda müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrasının vaxtının hansı andan çatdığıdır.İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviəsində tərəflər razılaşmışlar ki,borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə,ödəniş cədvəlinə uyğun ödəyir,birinci ödəniş 07.08.2014-cü il tarixdə, sonuncu ödəniş 07.07.2016-cı il tarixdə həyata keçirilməli idi.Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci 07.07.2016-cı il tarixdə qaytarılmasını razılaşdırmışlar. Məhkəmə hesab edir ki,07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da,iddiaçı zaminə qarşı 07.07.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş,əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi,eləcə də,bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.Həmçinin məhkəmə qeyd edir ki,zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir.Buna görə də,onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə,ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinin tələbinə görə əsas öhdəliyin,yaxud onun bir hissəsinin vaxtında icra olunmaması,əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətinin ardıcıl olaraq iki dəfə pozulması,ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab olunur. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki,ipoteka predmeti olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56 ünvanında yerləşən 60 kv.m ümumi,47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı,40 nömrəli mənzilin likvid dəyəri mütəxəssis rəyində qeyd edildiyi kimi 90000 manat müəyyən edilməlidir. Məhkəmə həmçinin,hesab edir ki, tələb ipoteka predmeti olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56 ünvanında yerləşən 60 kv.m ümumi,47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı,40 nömrəli mənzilə yönəldilməli,həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin hərracdan satılandan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki,cavabdehlər qeyd edilən halda mənzili tərk etmələri barədə iddiaçı qarşısında notariat qaydada təsdiqlənmiş yazılı ərizələri olduğundan bu hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu,həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu,habelə 40 manat xidməti haqqı olmaqla,ümumilikdə 90 manat məbləğindəki məhkəmə xərcinin 45 manatı cavabdehə aid edilməlidir. İş üzrə məhkəmə ekspertizası üzrə 390 manat məbləğində məhkəmə xərci vardır. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ekspertiza xərcinə görə 195 manat iddiaçıdan, 195 manat isə Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli, 07 iyul 2014-cü il tarixli 657/1 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 20500 manat əsas borc,3173,57 manat faiz borcu,317 manat cərimə borcu,gecikdirilmiş vaxt üçün hesablanmış 3650,85 manat faiz borcu olmaqla,cəmi 27641,42 manat məbləğində borc, 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi üzrə 25171,89 ABŞ dolları əsas borc,11640,58 ABŞ dolları faiz borcu,1164 ABŞ dolları cərimə borcu,gecikdirilmiş vaxt üçün hesablanmış 2266,95 ABŞ dolları faiz borcu olmaqla,cəmi 40243,42 ABŞ dolları borc, ödənilmiş 45 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməli,tələb ipoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56 ünvanında yerləşən 60 kv.m ümumi,47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı,40 nömrəli mənzilə yönəldilməli,əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcu tutularaq İddiaçı ASC-yə ödənilməli,ipoteka predmetinin likvid dəyəri 90000 manat müəyyən edilməli,ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 çıxarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 iyul 2014-cü il tarixli 657/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 20500 (iyirmi min beş yüz) manat əsas borc,3173,57 (üç min yüz yetmiş üç manat əlli yeddi qəpik) manat faiz borcu,317 (üç yüz on yeddi) manat cərimə borcu,3650,85 (üç min altı yüz əlli manat səksən beş qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla,cəmi 27641,42 (iyirmi yeddi min altı yüz qırx bir manat qırx iki qəpik) manat borc, 23 aprel 2015-ci il tarixli 1015 saylı kredit müqaviləsi üzrə 25171,89 (iyirmi beş min yüz yetmiş bir ABŞ dolları səksən doqquz sent) ABŞ dolları əsas borc,11640,58 (bir on bir min altı yüz qırx ABŞ dolları əlli səkkiz sent) ABŞ dolları faiz borcu,1164 (bir min yüz altmış dörd) ABŞ dolları cərimə borcu,2266,95 (iki min iki yüz altmış altı ABŞ dolları doxsan beş sent) ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla,cəmi 40243,42 (qırx min iki yüz qırx üç ABŞ dolları qırx iki sent) ABŞ dolları borc ödənilən vaxtı manata məzənnəsi ilə və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumları tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb ipoteka predmeti olan Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56 ünvanında yerləşən 60 kv.m ümumi,47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı,40 nömrəli mənzilə yönəldilsin. İpoteka predmetinin likvid dəyəri 90000 manat müəyyən edilsin. İpoteka predmeti olan Cavabdeh3 məxsus Bakı şəhəri,Nizami rayonu,R.Rüstəmov küçəsi,ev 56 ünvanında yerləşən 60 kv.m ümumi,47 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı,40 nömrəli mənzil açıq hərracda satılsın,onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcu ödənilsin İpoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay müddətində Cavabdeh3,Cavabdeh4 və Cavabdeh5 tərəfindən boşaldılsın. Məhkəmə xərci olaraq İddiaçı ASC-dən 195 manat və Cavabdeh1 195 manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34 CTRE******************** saylı hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar