Məhkəmə qərarları › İş №2(077)-91/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-91/2025

11.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-91/2025 11.03.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(077)-384/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, cavabdehdən birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 245 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2003-cu il təvəllüdlü X6, xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(077)-384/2018 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında xx.xx.2002-ci ildə Şuşa rayon Qeydiyyat şöbəsi tərəfindən 37 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan olan üç övladının onun yanında qalması və uşaqların saxlanması üçün cavabdehin aylıq qazancının 1/2 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən hər ay 3 uşağin saxlanması üçün ümumilikdə 100 manat ödəniş edilirdi. 100 manat aylıq ödənişi belə vaxtı-vaxtında ödəmirdi. Hazırda 3 övladından ikisi yetkinlik yaşına çatmışdır. xx.xx.2010-cu il təvəllüdlü X2 maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir və hesab edir ki, uşağın böyüməsi ilə əlaqədar 100 manat aliment kifayət etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şuşa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(077)-384/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Əliyeva (Ağayeva) Samirə Sarvan qızının Cavabdeh qarşı “nikahın pozulması, uşağın onun himayəsində saxlanılması və aliment tələbinə dair” iddiası qismən təmin edilmiş, tərəflər arasında Şuşa rayon VVADQ şöbəsində xx.xx.2002-ci il tarixində 37 sayla qeydə alınmış nikahın pozulması, xx.xx.2003-cü il təvəllüdlü X3, xx.xx.2005-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 anasının himayəsində saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanması üçün cavabdehin aylıq qazancının 1/2 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/2- 01195 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində keçirilən mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi tələbatlarının təmin edilməsi,hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir,istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün,istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər.Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar.Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(077)- 384/2018 saylı qətnaməsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh məhkəməyə aylıq əmək haqqının 130 manat təşkil etməsi barədə arayış təqdim etmiş və məhkəmə bunu nəzərə alaraq, onun əmək haqqının 1/2 hissəsi miqdarında aliment tutulmasını qət etmişdir. (səhifə 3, 10-cu abzas) “AZEMİS Elektron məhkəmə" informasiya sistemində olan Əmək müqaviləsi məlumatına görə, Cavabdeh "xxxx" MMC-də direktor vəzifəsində işləyir və aylıq əmək haqqı 200 manat təşkil edir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Məhkəmə hesab edir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(077)- 384/2018 saylı qətnaməsi qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində artımlar olmuşdur və ən azından onun əmək haqqısı 3 dəfə artmışdır. Belə ki, qətnamənin qəbul edildiyi 2018-ci ildə minimum əmək haqqının və cavabdehin arayışına əsasın onun əmək haqqısının 130 manat təşkil etdiyi nəzərə alınarsa, hazırda cavabdehin əmək haqqısı ən az 400 manat təşkil etməlidir. Belə olan halda, məhkəmənin qəldiyi qənaətə görə, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı alimentin məbləğinin dəyişdirilməsi ilə bağlı iddia qaldırması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə nəzərdə tutulmuş əsaslar mövcuddur. Məhkəmə, işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanmaqla, İddiaçı Cavabdeh birgə nikahından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X2 minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehin qazancının (başqa gəlirlərinin) 1/2 hissəsi miqdarında aliment tutulması qət ediləndən sonra minimum əmək haqqının məbləği, buna müvafiq olaraq da, bir neçə dəfə artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatlarını, eyni zamanda, iddiaçı tərəfindən alimentin məbləğinin dəyişdirilməsi üçün cavabdehin maddi vəziyyətinin dəyişməsi ilə bağlı sübutlar təqdim olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan aliment miqdarı 200 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı Qərarının 8.4-1-cü bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarına əlavə edilmiş 8.11-1-ci yarımbəndində göstərilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Beləliklə, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəsini aldıqdan sonra, xx.xx.2025-ci il tarixdən hesablanmaqla, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. (200AZN:400AZN=0,50) Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(077)-384/2018 saylı qətnaməsi ilə təyin edilən alimentin məbləği dəyişdirilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, 24 yanvar 2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 (sıfır tam yüzdə əlli) misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar