Məhkəmə qərarları › İş №2(077)-93/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-93/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-93/2021 06.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kreditin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq,bankla Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı kredit müqaviləsinə əsasən 3826,62 (üç min səkkiz yüz iyirmi altı manat altmış iki qəpik) manat məbləğində əsas borcun, 753,94 (yeddi yüz əlli üç manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 4580,56 (dörd min beş yüz səksən manat əlli altı qəpik) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ASC ilə Cavabdeh arasında 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə 24 ay müddətinə illik 25% hesablanmaqla 4500 manat məbləğində kredit vermişdir.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəməmişdir.Ona görə də,tərəflər arasında 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 12 fevral 2020-ci il tarixli 01 saylı əlavə saziş imzalanmışdır.Həmin sazişə əsasən kredit müqaviləsi üzrə illik faiz dərəcəsi azaldılaraq 20% və qalıq borc 3930 manat müəyyən edilmişdir.Kredit müqaviləsinə dəyişikllik edilərək güzəşt edilməsinə baxmayaraq cavabdeh qalıq borcunu ödəməmişdir. Cavabdehin imzaladığı kredit müqaviləsinə görə 14.12.2020-ci il tarixə əsas borc 3826,62 manat və faiz borcu 753,94 manat hesablanmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, İddiaçı ASC ilə 12 iyul 2019-cu il tarixdə kredit müqaviləsi imzalamış və bir müddət ödənişlərini vaxtında etmişdir.Lakin sonradan maddi vəziyyəti pisləşmiş ona görə də,ödəmələrində gecikmələr yaranmışdır.Hazırda borcunu hissə-hissə ödəyə bilər. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib,iş materiallarını tam,hərtərəfli və ətraflı tədqiq edərək hesab edir ki,iddia aşağıdakı göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% hesablanmaqla 4500 məbləğində kredit verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 12 fevral 2020-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki,kredit müqaviləsinin 1.2 və 1.4 bəndlərinə dəyişiklik edilərək kreditin məbləği 3930 manat və illik faiz dərəcəsi 20% müəyyən edilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 12 fevral 2020-ci il tarixli 01 saylı əlavə sazişə 01 nömrəli Əlavədən görünür ki, Cavabdeh 3930 manat məbləğində almış olduğu krediti 12.03.2020-ci il tarixindən başlayaraq ilk 3 ay 70 manat,sonrakı aylar 315,95 manat ödəniş etməklə 12.07.2021-ci il tarixinədək ödəməli idi. - İddiaçı ASC-nin 14.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 12 fevral 2020-ci il tarixli 01 saylı əlavə saziş üzrə 14.12.2020-ci il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 3826,62 manat əsas borc və 753,94 manat faiz borcu olmaqla ümumilikdə 4580,56 manat borc təşkil edir. - İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş 14.12.2020-ci il tarixli 03/122 saylı xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X3 ödənilmiş 21.12.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı ASC ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilərək 24 ay müddətinə illik 25% hesablanmaqla 4500 manat məbləğində kredit verilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir.Daha sonra tərəflər arasında 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 12 fevral 2020-ci il tarixli 01 saylı əlavə saziş imzalanmış,kredit müqaviləsinin 1.2 və 1.4 bəndlərinə dəyişiklik edilərək kreditin məbləği 3930 manat və illik faiz dərəcəsi 20% müəyyən edilmişdir.Cavabdehə borcun ödənilməsi barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcunu ödəməmişdir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən kredit müqaviləsi üzrə 3826,62 manat əsas borc və 753,94 manat faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə 3826,62 manat məbləğində əsas borc,753,94 manat faiz borcu olmaqla,cəmi 4580,56 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli SF/271-19 saylı saylı kredit müqaviləsi üzrə Cavabdeh 3826,62 (üç min səkkiz yüz iyirmi altı manat altmış iki qəpik) manat məbləğində əsas borc,753,94 (yeddi yüz əlli üç manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 4580,56 (dörd min beş yüz səksən manat əlli altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar