Məhkəmə qərarları › İş №2(078)-1007/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1007/2022

22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1007/2022 22.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3217 (üç min iki yüz on yeddi) manat pulun və ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçı X1 iddianı müdafiə edərək bildirmişdir ki, o Cavabdeh 2019-cu ilin aprel ayından tanıyır. Hər ikisi birlikdə dekor, foto çəkiliş və reklam çəkilişləri ilə fəaliyyət göstərib, 2021-ci ilin iyun ayına kimi birlikdə pul qazanmışdılar. Həmin vaxtdan sonra ayrılmışdılar. Lakin ayrılarkən Rzanın ona 3217 manat işdən və əldən nəğd şəkildə aldığı borcu qalmışdır. O Rzadan həmin borcunun qaytarılmasını dəfələrlə tələb etməsinə baxmayaraq hərdən bir bəhanə gətirib bundan yayınmışdır. O münasibətlərinin korlanmaması üçün onun bu xoşagəlməz hərəkətlərinə dözüb, qaytaracağına ümid etmişdir. Ancaq onun birmənalı olaraq ona olan borcunu qaytarmaq istəmədiyini görüb, onunla üz-üzə görüşüb, borcunu qaytarmasını təkrar tələb edəndə, o pulu qaytarmaqdan boyun qaçırıb məhkəməyə müraciət etməsini bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, 3240 manat cavabdeh ona pul borcludur. 1240 manat pulu iki nəfərin yanında alıb, əlavə olaraq 100 manat Sizin marketin qarşısında 1 kartdan cavabdehə pul çəkib vermişdir, fevral ayında ondan 100 manat əlavə olaraq borc pul alıb, 250 manat gətirdiyi dekor güllərin pulunu ona verməyib, 375 manat da əlavə borcu vardır. Fevral ayında onda pul istədi o da 100 manat pul vermişdir. Pulu verəndə ikisi idilər. Buna şahidi sübutu yoxdur. “Dəyirmançı” kafeyə dekor güllər vermişdir, pulunu Rza verməli idi. 500 manatdan 250 manatını verdi. 250 manat hələ də qalır. 375 manat pul da “Dekoriya Naxçıvanda” işləmişdir, ona çatan puldan 375 manatını hələ vermir. Dedi loteriya oynayıb verəcək, ancaq verməyibdir. O Rza ilə birlikdə “Dekoriya Naxçıvan”da işlədikləri zaman Rza ona çatası pulu özü mənimsəyib. Həmin pulla bağlı da növbəti məhkəmə iclasında məhkəməyə şahid gətirəcəkdir. X5 Naxçıvanda işi danışmışdı. Pulu ona verə bilməzdilər. Hətta keçən məhkəmə iclasında Rza bildirdi ki, həmin pulu Uzunobada çəkiliş edəndə dekorlardan istifadə edərək əvəzləşdirib. Qeyd etdiyi halları nəzərə alıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, iddiaçıdan 1 kart vasitəsilə 100 manat borc almışdır. Fevral ayı iddiaçı ona 100 manat pul verməyib. Yalan danışır. Əlavə 360 manat kredit borcu və sezonda işlədikləri 792 manat borcu var. Onu da təsdiqləyir. Başqa iddiaçıya heç bir borcu yoxdur. Sədrlik edənin suallarına cavab olaraq cavabdeh bildirmişdir ki, “Dekoriya Naxçıvanda” işlədiyi pulunu iddiaçı özü alıb. “Dəyirmançı” kafeyə gətirdikləri güllərin pulunu vermişdir, qalan pulu özü şərik idi və birlikdə gül gətirib verdikləri üçün verməmişdir. Ondan iddiaçıya borcu yoxdur. 1240 manat borc söhbəti olmayıb. İddiaçı bunu təsdiq etsə də həmin pulu verməyəcək. Çünki o işlətdiyi ona aid dekorların pulunu verməlidir. Qırdıqlarını düzəltməlidir. Qeyd etdiklərini nəzərə alıb qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid X2 ifadəsində bildirmişdir ki, o iddiaçı Məhərrəmi də cavabdeh Rzanı da yaxşı tanıyır. Onlarla birlikdə müəyyən vaxtlarda işlər görmüşdür. Rza hazırda mənə 5000 manat borcludur. Neçə dəfə özünə deyibdir, ancaq pulunu verməkdən imtina edir. Dəfələrlə aidiyyatı qurumlara bununla bağlı müraciət etsə də heç bir nəticəsi yoxdur. Rza ilə Məhərrəmin arasında 1300 manat qədər pul məsələsi ilə bağlı söhbətdə iştirak etmişdir. Rza Məhərrəmə 1300 manat qədər pul verməli idi. Dəfələrlə Məhərrəm bu barədə Rzaya deyib. Hətta bir dəfə də onun yanında Rzadan pulunu istədi. Onların yanında başqa vəzifəli şəxslər də var idi. Hətta həmin şəxs Məhərrəmə dedi ki, pulu o versin, Rza ona borclu qalsın, bu məsələ açılmasın. O, Məhərrəm, Rza və bir-iki əlavə şəxs bir yerdə oturub söhbət zamanı Məhərrəm Rzadan borcunu istəyibdir. O da dedi verəcək. Borcun tam məbləğini xatırlamır, ancaq 1300 manata qədər idi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən maddənin dispozitiv şərtinə görə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürülmüşdür. Belə ki, pulun verilməsinə münasibətdə sübutetmə yükü iddiaçının, verilmiş pulun qaytarılmasına münasibətdə sübutetmə yükü cavabdehin üzərinə düşür. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı Fərruz oğlunun məhkəməyə ünvanladığı iddia ərizəsində 3217 (üç min iki yüz on yeddi) manat pulu cavabdehdən tələb etmiş, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə münasibət bildirən iş üzrə Cavabdeh iddiaçıya 1 kart vasitəsilə 100 manat borcu olduğunu, əlavə 360 manat kredit borcu olduğunu və sezonda işlədikləri 792 manat borcu olduğunu bildirmiş, əlavə heç bir borcu olmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeh iş üzrə İddiaçı ümumilikdə 1252 (bir mi iki yüz əlli iki) manat borclu olduğunu etiraf etməsini cavabdeh tərəfindən borcun etirafı kimi qiymətləndirir və hesab edir ki, iş üzrə İddiaçı həmin hissədə iddia tələbini sübutetmə vəzifəsindən azad edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin ona 3217 (üç min iki yüz on yeddi) manat pul borcu olduğunu bildirmişdir. Cavabdeh isə iddiaçıya 792 manat sezonda işlədiyi pul, 360 manat kredit borcu və 100 manat birkartdan verdiyi borc olaraq ümumilikdə 1252 (bir min iki yüz əlli iki) manat borclu olduğunu bildirmişdir. Cavabdehin etirafı iddiaçını iddia tələbinin 1252 (bir min iki yüz əlli iki) manat məbləğində olan hissəsini sübut etməkdən azad etsə də qalan məbləğdə borcun olmasına dair tələbini iddiaçı sübuta yetirməlidir. İddiaçı tələbini sübuta yetirmək üçün şahid ifadəsini məhkəməyə təqdim etmişdir. Şahid ifadəsində borcun məbləğinin 1300 manata qədər olduğunu bildirmişdir. Cavabeh izahatında iddiaçıya 1240 manat məbləğində borcu olmadığını, iddiaçı sübuta yetirsə belə həmin pulu verməyəcəyini, onun dekorlarından istifadə etdiyini bildirmişdir. Məhkəmə şahid ifadəsini və cavabdehin bildirdiyi arqumenti qarşılıqlı təhlil edərək iddiaçının bu hissədə tələbini sübuta yetirdiyi qənaətinə gəlir. Ona görə ki, cavabdeh ümumiyyətlə iddiaçıya 1240 manat borclu olduğunu bildirmir. Cavabdeh həmin pul qarşılığında iddiaçının onun dekorlarından istifadə etdiyini bildirir. Bu halı isə sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə 1240 manat borca münasibətdə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halı sübuta yetirməsi nəticəsinə gəlir. Həmçinin iddiaçı güllərin satışından əldə edilən pulun yarısının cavabdehin ona vermədiyini, həmin məbləğin 250 manat təşkil etdiyini bildirmişdir. Cavabdeh izahatında pulun yarısının ona verilməməsinə əsas olaraq gül satışının şərik olaraq görülməsi, ona görə satışdan əldə edilən pulun yarısı olan 250 manat pulun iddiaçıya vermədiyini bildirmişdir. Lakin cavabdeh iddiaçı ilə gül satışının şərik olaraq həyata keçirməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə issiaçının həmin hissədə də tələbinin əsaslı olması nəticəsinə gəlir. Bundan əlavə iddiaçı 100 manat cavabdehə borc verməsini və “Dekoriya Naxçıvan”da işlədikləri zaman 375 manat cavabdehin ona pul verəcəyinin olmasına dair tələbi olduğunu bildirməsinə baxmayaraq həmin tələblərinin təsdiqi üçün mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi cavabdehlə arasında olan vatsap yazılarında belə həmin borcun cavabdeh tərəfindən təsdiq edilməsinə dair hər hansı hal mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı öz tələbini qeyd edilən hissələrdə sübuta yetirə bilmədiyindən həmin hissələrdə tələbi əsaslı deyildir və təmin edilməməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 2742 (iki min yeddi yüz qırx iki) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Belə ki, İddiaçı borcun məbləğinin 3217 (üç min iki yüz on yeddi) manat olmasına dair mötəbər sübutlarını məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddiaçıya ümumilikdə 1252 (bir min iki yüz əlli iki) manat olduğunu etiraf etsə də məhkəmə tərəfindən sübta etirilmiş məbləğdə pul borcunun olmamasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 19592 nömrəli qəbzlə ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 44.30 (qırx dörd manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 2742 (iki min yeddi yüz qırx iki) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 19592 nömrəli qəbzlə ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 44.30 (qırx dörd manat otuz qəpik) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. İddia tələbi qalmış hissədə rədd olunsun. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar