Məhkəmə qərarları › İş №2(078)-1012/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1012/2021

04.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1012/2021 04.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı-cavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh iştirakı ilə, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair iddia ərizəsi və cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları ilə birlikdə əri Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququ verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qarşılıqlı iddianın qəbul edilməsi haqqında qərardadı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış və istifadə hüququnun verilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul olunmuşdur. Məhkəmə baxışı iclasında iddiaçı-cavabdeh qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, Cavabdeh ilə 28 avqust 2009-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində nikaha daxil olaraq qaynatası X5 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçdüyünü, Yanarla birgə nikahdan 12 fevral 2010-cu il təvəllüdlü X9 və 14 dekabr 2011-ci il təvəllüdlü X6 doğulduğunu, həmin gəlin köçdüyü evin vərəsəlik qaydasında əri Cavabdeh adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində qeydə alınıb Çıxarış verildiyini, hal-hazırda həmin evdə ayrı-ayrı otaqlarda yaşadıqlarını, Yanarın işləyib evə qazanc gətirmədiyini, ev əşyalarını satıb spirtli içkiyə verib içdiyini, evdə heç bir səbəb olmadan dava-dalaş yaratdığını, onu və iki azyaşlı övladını evdən çıxmağa məcbur etdiyini, yaşamağa başqa yerinin olmadığını, işləyib aldığı əmək haqqı ilə ancaq keçindiklərini, valideynlərinin evi isə darısqal və balaca olduğundan iki övladı ilə birlikdə orada yaşamaqlarının mümkünsüz olduğunu, Cavabdeh ilə birlikdə həmin evdə yaşadıqları müddətdə kredit götürüb, həm də valideynlərinin köməkliyi ilə yenidən tikib təmir etdiklərini, iki uşağı ilə o ev tikilib başa çatanadək özünün də orada fəhlə kimi işləməklə birgə yaşadıqlarını, hazırda nikahlarının pozulması barədə iddia tələbinə əsasən məhkəmə tərəfindən barışıq üçün vaxt verildiyini, evin mülkiyyətçisi olan Cavabdeh ailə üzvü kimi həmin yaşayış evindən yaşayış və istifadə hüququnun olduğunu göstərərək, uşaqları ilə birlikdə əri Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququ verilməsinə dair qətnamə qəbul edilməsini, qarşılıqlı iddianın isə əsassız olduğundan rədd olunmasını xahiş etdi. Məhkəmə baxış iclasında cavabdeh-iddiaçı qismində izahat verən Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, iddianı isə qəbul etməyərək, atasının 2003-cü ildə vəfat etdiyini, iddiaçının gəlin gələndə atasının olmadığını, iddiaçının 2009-cu ildə həmin evə gəlin gəldiyini, 2 uşaqlarının olduğunu, uşaqların saxlanılması üçün aliment ödədiyini, boşanma tələblərinin də məhkəmənin icraatında olduğunu, İddiaçı evdən çıxmağını istədiyini, mənzilin 3 otaqdan ibarət olduğunu, hərənin 1 otaqda qaldığını, uşaqların da İddiaçı ilə qaldığını, həmin mənzilin vərəsəlik qaydasında atasından qaldığını, İddiaçı gəlin köçərkən həmin evin atasının adına olduğunu, 2000-ci ilin sentyabrından qüvvədə olan Mülki Məcəllənin normalarının tətbiq olunmalı olduğunu, atası ilə İddiaçı arasında müqavilə bağlanmadığını, hazırda evi öz adına keçirdiyini, evin tam mülkiyyət hüququ ilə ona məxsus olduğunu, evdə 4 paylı mülkiyyətçinin olduğunu, onların paylarını götürdüklərini, 2018-ci ildə anasının, bacılarının payının bilindiyini, ona qalan hisəsini də özünün qəbul etdiyini, İddiaçı ona məxsus evdə istifadə hüququnun olmadığını, onu evindən çıxarmaq istədiyini, birgə yaşamaqlarının mümkün olmadığını, iddiasının təmin olunmasını, İddiaçı iddiasının isə rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş: AZ-İ seriyalı, 516137 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, Cavabdeh ilə X10 arasında 28 avqust 2009-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 307 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir. AZ-İİ seriyalı, 503880 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, iş üzrə tərəflərin 12 fevral 2010-cu il tarixdə X19 adlı uşaqları doğulmuşdur. AZ-İİ seriyalı, 666335 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, iş üzrə tərəflərin 14 dekabr 2011-ci il tarixdə X16 adlı uşaqları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(078)-139/2018 nömrəli qətnaməsinin surətinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 23.4 kv.m, torpaq sahəsinin ölçüsü 0.0487 ha olan fərdi yaşayış evində X2, X3, X7 və Cavabdeh hər birinin 1/4 hissə payının olması müəyyən olunmuşdur. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"dan aydın olur ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93.45 kv.m (torpaq sahəsinin ölçüsü 0.0319 ha) olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/41 nömrəli reyestr kitabının 7999 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********87-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 09.09.2020). Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 21 avqust 2020-ci il tarixdə verilmiş 1175 inventar nömrəli Daşınmaz Əmlakın Texniki Pasportuna (fərdi yaşayış evi) və 30 noyabr 2020-ci il tarixli, 4709 nömrəli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayışa əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli, 04/536 nömrəli məktuba əsasən, Naxçıvan şəhəri, 1-ci küçə (Əzizbəyov) 83 ünvanında 319.32 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 93.95 m2 olan 3 otaqlı fərdi yaşayış evi 09 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmış, onun adına 1175 inventar nömrəli Texniki Pasport və MH ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Naxçıvan MR-in Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli, 04/639 nömrəli məktuba əsasən, Naxçıvan şəhəri, 1-ci küçə (Əzizbəyov) 83 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına olmuşdur. 12 may 2007-ci il tarixdə Naxçıvan şəhər 1-ci DNK-da qeydiyyata alınan 2/v-83a nömrəli Vərəsəlik Şəhadətnaməsi əsasında fərdi yaşayış evi İntiqam Əliyevin vərəsələri X3, Cavabdeh, X2 və X7 adına keçirilmişdir. Vərəsələrin qarşılıqlı razılığı əsasında fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 300 m2 hissəsi X3, X7 və X2 adına, yaşayış evinin 187 m2 torpaq sahəsi yaşayış evi və bələdiyyədən aldığı 137 m2 torpaq sahəsi ilə birlikdə 09 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. 12 may 2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüquqları haqqında Şəhadətnamənin surətinə əsasən, 05 aprel 2004-cü ildə vəfat etmiş X4 vərəsələri arvadı X11, övladları Cavabdeh, X12 və X13r. Şəhadətnamənin verildiyi əmlak: ünvan 2-də 1096.7 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı, 15.5 kv.m yaşayış, 30.7 kv.m qeyri-yaşayış, o cümlədən 7.9 kv.m köməkçi hissədən ibarət şəxsi mülkün 1/3 hissəsi. 12 may 2007-ci il tarixli Qanun üzrə vərəsəlik hüquqları haqqında Şəhadətnamənin surətinə əsasən, 27 mart 1984-cü ildə vəfat etmiş X8 vərəsələri qızı X17, oğlu X20 və mərhum oğlu X4 vərəsələri- həyat yoldaşı Sona, övladları Yanar, Kübra və Arzudur. Şəhadətnamənin verildiyi əmlak: ünvan 2-də 1096.7 kv.m torpaq sahəsində yerləşən 1 otaqlı, 15.5 kv.m yaşayış, 30.7 kv.m qeyri-yaşayış, o cümlədən 7.9 kv.m köməkçi hissədən ibarət şəxsi mülkün 1/3 hissəsi. Məhkəmə iddia ərizəsinin dəlillərini araşdırıb işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ, İV hissəsi), ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli və açıq araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəməyə belə nəticəyə gəlir ki, ilkin iddia İddiaçı uşaqları ilə birlikdə Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququ verilməsi tələbi və Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair qarşılıqlı iddia tələbi rədd olunmalıdır. İş üzrə tədqiq olunmuş sübutlardan aydın olur ki, İddiaçı Cavabdeh ilə 28 avqust 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla icarədarı cavabdehin atası X14 olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə razılıq ilə, hər hansı bir qeyd-şərtsiz gəlin köçmüş, hazırda da orada yaşamaqla, həmin evdən yaşayış və istifadə hüququ əldə etmişdir. Naxçıvan şəhəri, 1-ci küçə (Əzizbəyov) 83 ünvanında 319.32 m2 torpaq sahəsində yerləşən ümumi sahəsi 93.95 m2 olan 3 otaqlı fərdi yaşayış evi 09 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında mütənasiblik prinsipini geniş təhlil edərək, onu insan hüquqlarının müdafiəsinin əsas prinsipi kimi təsbit etmişdir. Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, ictimai maraqla fərdin hüquqları arasında ədalətli balansın axtarışı bütün Avropa hüquq sisteminin xarakterik xüsusiyyətidir. Bu balansın təmin olunması üçün mütənasiblik təmin olunmalıdır. Həmçinin qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərlərlə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğurmamalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi və Mülki Məcəllənin 228-ci maddəsi ayrı-ayrılıqda vətəndaşların mənzildən istifadə etmək hüququnu tənzimləyərək bu hüququn müxtəlif şərtlərlə həyata keçirilməsini müəyyənləşdirir. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və qeyd olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2009-cu il tarixdən əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1.-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 34.1-ci maddəsinə əsasən, şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Yuxarıda göstərilənlərlə müəyyən olunur ki, İddiaçı cavabdehin atası X4 mülkiyyətində olmuş onun evinə gəlin köçmüş, bu zaman onun evə köçməsi, orada yaşaması ilə bağlı onun qarşısında hər hansı bir şərt qoyulmamış, onun bütün cehiz əşyaları da həmin evə yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının gəlin köçən zaman bütün cehiz əşyalarının – mebellər, yatacaq ləvazimatları və sair gəlin köçdüyü evə gətirməsi onun həmin evə müvəqqəti deyil, əvvəlki yaşayış yerini itirərək daimi yaşamaq üçün gəlməsini təsdiq edən dəlillərdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında nikah pozulmamış və məhkəmə qərarı əsasında xitam verilməmiş, tərəflərin birgə yaşadıqları müddətdə həmin evdə iki övladları dünyaya gəlmişdir. Məhkəmə ilkin iddia tələbinin təmini üçün əsas görmür ona görə ki, İddiaçı hazırda həmin mənzildə uşaqları ilə yaşayır, istifadə hüququ məhdudlaşdırılmamış və nikaha xitam verilməmişdir. Məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, hər iki iddia tələbi rədd olunduğuna görə, ödənilmiş dövlət rüsumları iş üzrə tərəflərə aid hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmişhаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbləri rədd edilsin. İddiaçı uşaqları ilə birlikdə Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış və istifadə hüququ verilməsi tələbinə dair iddiası rədd olunsun. Cavabdeh İddiaçı qarşı fərdi yaşayış evindən məcburi çıxarılma tələbinə dair iddiası rədd olunsun. İddia qaldırılarkən ödənilmiş dövlət rüsumları iş üzrə tərəflərə aid hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar