Məhkəmə qərarları › İş №2(078)-1013/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1013/2021

20.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1013/2021 20.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı Akcan (Əliyeva) Mahirə Elbəyi qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Akcan (Əliyeva) Mahirə Elbəyi qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Akcan (Əliyeva) Mahirə Elbəyi qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(078)-139/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği artırılmaqla 28 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat alimentin tutularaq onun xeyrinə ödənilməsi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün təkbaşına ödədiyi 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 12 iyun 2009-cu il tarixdə Culfa rayon Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 28 avqust 2010-cu il təvəllüdlü X2 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi Culfa Rayon Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli 2(089)-2/2012 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 28 avqust 2010-cu il təvəllüdlü X2 anasının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq Cəfərquliyeva (Akcan (Əliyeva)) Mahirə Elbəyi qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(078)-139/2020 nömrəli qətnaməsi ilə Culfa Rayon Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli 2(089)-2/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 28 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 80 (səksən) manat miqdarında aliment tutularaq Akcan (Əliyeva) Mahirə Elbəyi qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə iclası zamanı izahat verən iddiaçı Akcan (Əliyeva) Mahirə Elbəyi qızı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 12 iyun 2009-cu il tarixdə Culfa rayon Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 28 avqust 2010-cu il təvəllüdlü X2 doğulmuşdur. İddiaçı qeyd etmişdir ki, xasiyyətləri uyğun gəlmədiyi üçün aralarındakı nikah qeydi Culfa Rayon Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli 2(089)- 2/2012 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra 28 avqust 2010-cu il təvəllüdlü X2 anasının yanında saxlanılmaqla onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq Cəfərquliyeva (Akcan (Əliyeva)) Mahirə Elbəyi qızının xeyrinə ödənilməsi qət olunmuşdur. Daha sonra o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(078)-139/2020 nömrəli qətnaməsi ilə Culfa Rayon Məhkəməsinin 10 yanvar 2012-ci il tarixli 2(089)-2/2012 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 28 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 80 (səksən) manat miqdarında alimentin tutulması qət olunmuşdur. Cavabdehin 80 manat aliment ödədiyini, bundan başqa uşağın heç bir ehtiyacının ödənilməsində iştirak etmədiyini, ödənilən 80 manat alimentlə ehtiyaclarını qarşılana bilmədiyini, oğlu böyüdüyü üçün təlabatlarının, gündəlik xərclərinin də artdığını, həmin xərclərin qarşılanmasında çətinlik çəkdiyini, özünün ikinci qrup gözdən əlil olduğunu, 260 manat pensiya aldığını, heç bir yerdə işləmədiyini bildirən İddiaçı (Əliyeva) sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, uzun müddətdir ki, işsizdir və buna görə də qətnamədə müəyyən olunmuş məbləğdə-80 manat aliment ödəyir. Özünün ikinci dəfə ailə həyatı qurduğunu, ikinci evliliyindən də üç övladının doğulduğunu, birinci nikahından olan övladının saxlanılmasına aliment ödədiyi kimi, ikinci evliliyindən də olan uşaqlarını düşünmək məcburiyyətində olduğunu, lakin hazırda iddiaçının tələb etdiyi aliment məbləğinin çox yüksək olduğunu, 80 (səksən) manatdan artıq aliment ödəməyin onun maddi imkanı xaricində olduğunu bildirən Cavabdeh qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Məhkəmə 2020-ci il üçün yaşayış minimumunun bir uşaq üçün 170 manat məbləğində müəyyən edildiyini, həmin vaxt məhkəmə tərəfindən Cavabdeh hər ay sabit məbləğdə 80 (səksən) manat miqdarında aliment müəyyən edildiyini, 2020-ci ildən 1 il müddət keçdiyini, həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmadığını və cavabdehin maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməldir. Məhkəmə 28 avqust 2010-cu il təvəllüdlü X1 hal-hazırda anası Akcan (Əliyeva) Mahirə Elbəyi qızının himayəsində yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə 90 (doxsan) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(90-80)=120 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh 15.40 (on beş manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı könüllü olaraq mediasiya prosesi aparılması üçün müraciət etmiş və xərcini ödəmişdir. Belə olan halda həmin xərcin cavabdehdən tutulması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 03 fevral 2020-ci il tarixli 2(078)-139/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 90 (doxsan) manat miqdarında aliment tutularaq 28 avqust 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Akcan (Əliyeva) Mahirə Elbəyi qızına ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 15.40 (on beş manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar