Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1028/2023 22.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə və İddiaçı2 iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə və İddiaçı2 Cavabdeh qarşı alimentin sabit sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı1 nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 21 iyun 2010-cu il tarixli 2(078)-158/2010 nömrəli qətnaməsi ilə Cavabdeh tutulan alimentin artırılaraq cavabdehdən tutulan alimentin artırılaraq 27 noyabr 2007-ci il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13 noyabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin yarandığını, belə ki, Cavabdeh tutulan Babək Rayon Məhkəməsinin 2014-cü il tarixli qətnaməsinə uyğun olaraq müəyyən edilmiş aliment mələğinin tutulma qaydasının dəyişdirilməsi tələbi çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin 13 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı1 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi təmin olunaraq həmin iddia tələbinə “İddiaçı1 Cavabdeh qarşı alimentin tutulma qaydasının dəyişdirilməsi" tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin icraatında İddiaçı2 Cavabdeh qarşı alimentin sabit sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair 2(078)-1338/2023 nömrəli mülki iş olduğundan məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərardadı ilə 2(078)-1338/2023 nömrəli mülki iş 2(078)-1028/2023 nömrəli işlə birləşdirilərək eyni icraat çərçivəsində baxılması barədə qərardad qəbul edilmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, Cavabdeh ilə Əliyeva (Aslanova) Şəhanə Ramiz qızı 14 dekabr 2006-cı il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 488 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahlarından 27 noyabr 2007-ci il təvəllüdlü X6 adlı övladları vardır. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 29 mart 2009-cu il tarixli 2(078)-25/2009 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaq anasının yanında saxlanılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 21 iyun 2010-cu il tarixli 2(078)-158/2010 nömrəli qətnaməsi ilə Cavabdeh 24 may 2010-cu il tarixdən hesablanmaqla hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi aliment qismində tutularaq 27 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Əliyeva (Əhmədova) Şəhanə Ramiz qızına ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 may 2014-cü il tarixli 2(078)-265/2014 nömrəli qətnaməsi ilə X5 ödənilən alimentin 50 faizi Ərtoğrul Aslanov adına açılmış bank hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh ilə İddiaçı2 14 oktyabr 2010-cu il tarixdə Babək rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə nikah akt qeydləri kitabında 196 nömrə ilə qeyd aparılmışdır. Tərəflərin birgə nikahlarından 13 sentyabr 2011-ci il təvəllüdlü X10 adlı övladları vardır. Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2014-cü il tarixli 2(078)-405/2014 nömrəli məhkəmə əmri ilə Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi aliment qismində tutularaq 13 sentyabr 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı2 ödənilməsi əmr edilmişdir. Babək Rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli 2(079)-219/2014 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdehlər X5 və İddiaçı2 qarşı aliment məbləğlərinin iki uşağa görə əmək haqqının üçdə bir hissəsi miqdarında müəyyən edilməsi və İddiaçı2 ödənilən alimentin 50 faizinin bank hesabına köçürülməsi tələbinə dair iddiası qismən təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 21 iyun 2010-cu il tarixli 2(078)-158/2010 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi aliment qismində tutularaq 27 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Əliyeva (Əhmədova) Şəhanə Ramiz qızına və Naxçıvan Şəhər Məhkəməsinin 16 may 2014-cü il tarixli 2(078)-405/2014 nömrəli məhkəmə əmri ilə Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi aliment qismində tutularaq 13 sentyabr 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı2 ödənilməsi barədə müəyyən olunmuş alimentlərin miqdarının dəyişdirilərək iki uşağa görə Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında müəyyən edilməsi və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq həmin vəsaitin yarısı X5, yarısı isə İddiaçı2 verilməsi, X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı2 xeyrinə tutulan aliment məbləğinin 40 faizi “Cari bank hesabı haqqında (fiziki şəxslər üçün) müqavilə”yə uyğun olaraq "xxxx" ASC-də X7 adına açılmış ******************** nömrəli bank hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı1 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, o, məhkəmədə nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı1 nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia tələbi ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq izahatında bildirmişdir ki, qızı Şəhanə ilə cavabdehin evliliyindən olan 2007-ci il təvəllüdlü X6 artıq 17 yaşındadır. Bu günə qədər ata uşağı ilə maraqlanmayıbdır. Cavabdeh əvvəl hakim işləyirdi və alimenti ödəyirdi. Sonra işləmədi və hər ay 20 manat aliment ödəyirdi. Bu günə qədər kifayət qədər aliment borcu qalıbdır. Uşağın 18 yaşı tamam olmasına 1 il var. Ən az bu il cavabdeh bir övladı olduğunu xatırlasın və alimentini ödəsin. Cavabdeh vəkil işləyir, əlavə iş yeri də vardır, onun 220 manat aliment ödəməyə imkanı çatar. İddiaçının nümayəndəsi qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən digər İddiaçı2 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, 2014-cü ildə cavabdehdən tutulan aliment məbləği onun hakim işləyən dövründə müəyyən olunmuşdur. Emin hakim vəzifəsindən azad olunduqdan sonra alimenti tam ödəmir. Bu gün də aliment borcu vardır. Övladı böyüyüb və təlabatları da artıb. Cavabdeh övladının saxlanımasında ona kömək etmir. O uşağı anasının köməkliyi və qardaşının şəhid pulu ilə böyüdür. Hazırda cavabdeh vəkil işləyir və onun övladı üçün 220 manat aliment ödəməyə imkanı çatar. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin o, xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron ünvanına ərizə göndərərək İddiaçı1 ona qarşı aliment artırılması tələbinə dair işin məhkəmənin icraatınızda olduğunu bildirmiş, barəsində olan iddia ərizəsi ilə əlaqədar olaraq qeyd etmişdir ki, Babək Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 2(079)-219/2014 saylı icra sənədinə əsasən, qazancının üçdə bir hissəsinin xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Əliyeva (Əhmədova) Şəhanə Ramiz qızına və xx.xx.2011-ci il təvəllüdlü X3 üçün İddiaçı2 verilməsi müəyyən edilmişdir. Həmin icra sənədi üzrə işlədiyi müddət ərzində icra sənədi vaxtlı-vaxtında icra edilmiş və əmək haqqının müəyyən edilmiş hissəsi iddiaçı şəxslərə ödənilmişdir. Lakin sonradan tutduğu vəzifədən azad edilmiş və işləmədiyi üçün verilən aliment ödənişlərində fasilələr yaranmış, lakin gəliri olduqca aliment öhdəliyini yerinə yetirilmişdir. Sonradan işsizliyi səbəbindən aliment ödənişlərində müəyyən fasilələr də yaranmışdır. Hazırda isə Naxçıvan şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də hüquqşünas kimi çalışır, əmək haqqısı 700 manatdır. Eyni zamanda vəkillik fəaliyyəti ilə məşğul olsa da, muxtar respublika ərazisində bu sahədə yeni olduğundan gəliri az və qeyri-müəyyəndir. Digər tərəfdən qənaətinə görə iddiaçının tələbinə ayrıca icraatada baxılması qüvvədə olan icra sənədinə uyğun deyil. Belə ki, barəsində olan icra sənədi üzrə bir tərəfə gəlirinin üçdə biri, digər tərəfə isə sabit məbləğdə alimentin ödənilməsi qanuna, eyni zamanda bərabərlik prinsipinə uyğun deyil. Bu baxımdan hesab edir ki, Babək rayon Qahab kənd sakini İddiaçı2 da Mülki Prosessual Məcəlləyə uyğun olaraq hazırki iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cəlb edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən - Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideyin olaraq borcunu dərk edir və vəzifələrin icrasından da yayınmaq niyyəti yoxdur. Məlum səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini üzürlü hal kimi qəbul edib, hazırda ailəli və öhdəsində daha bir azyaşlı övladının olmasını, həmçinin işi və hazırki gəliri nəzərə alınaraq iddia tələbi üzrə qanunauyğun qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçıların alimentin tutulma qaydasının dəyişdirilməkıə sabit pul məbləğində müəyyən edilməsi tələbi ilə müraciət etmələri üçün əsasları olmuşdur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını, cavabdehin öz etirazında bildirdiyi qaydada iki iş yerinin olması (həm şirkətdə hüquqşünas, həm də vəkillik fəaliyyəti ilə məşğul olması) nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçıların tələbi əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 27 noyabr 2007-ci il təvəllüdlü X4 hal-hazırda anası İddiaçı1 himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə 220 (iki yüz) manat miqdarında alimentin müəyyən olunması nəticəsinə gəlir. Eyni zamanda 13 sentyabr 2011-ci il təvəllüdlü X7 hal-hazırda anası İddiaçı2 himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə 220 (iki yüz) manat miqdarında alimentin müəyyən olunması nəticəsinə gəlir. Məhkəmə iddianı hər iki iddiaçıya münasibətdə tam təmin edərkən cavabdehin etirazında bildirdiyi kimi Naxçıvan şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də hüquqşünas kimi işləməsini, eyni zamanda vəkillik fəaliyyəti ilə məşğul olduğunu nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli tərəflərin bu barədə müraciət etdiyi vaxtdan (iddiaçı X5 münasibətdə iddia tələbi dəqiqləşdirildiyi vaxtdan) hesablanmalıdır. Alimentin artırılması tələblərindən tutulmanın əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Ancaq hazırki tələblər alimentin tutulması qaydasının dəyişdirilməsi tələbləridir. Ona görə də iddiaçı X5 münasibətdə alimentin tutulmasının əvvəli iddia tələbini dəqiqləşdirdiyi 13 noyabr 2023-cü il tarixdən, İddiaçı2 münasibətdə isə iddia ərizəsinin məhkəməyə daxil olduğu 13 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin qətnamə alimentə münasibətdə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti nəzərə alınmaqla hər iddia tələbi üzrə 1 illik ödəmənin məcmusu nəzərə alınaraq 46.60 (qırx altı manat altmış qəpik) olmaqla hər iki iddia üzrə ayrılıqda hesablanmaqla ümumilikdə 93.20 (doxsan üç manat iyirmi qəpik) manat Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı1 Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. Babək Rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli 2(079)-219/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Cavabdeh 13 noyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 220 (iki yüz) manat miqdarında aliment tutularaq 27 noyabr 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı1 ödənilsin. İddiaçı2 Cavabdeh qarşı alimentin sabit sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair iddiası təmin edilsin. Babək Rayon Məhkəməsinin 21 avqust 2014-cü il tarixli 2(079)-219/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulması qaydası dəyişdirilsin. Cavabdeh 13 sentyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay sabit məbləğdə 220 (iki yüz) manat miqdarında aliment tutularaq 13 sentyabr 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı2 ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Cavabdeh hər iki iddia tələbi üzrə 93.20 (doxsan üç manat iyirmi qəpik) dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1028/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1028/2023
22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver