Məhkəmə qərarları › İş №2(078)-1036/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1036/2022

02.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1036/2022 02.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(078)- 1286/2016 nömrəli məhkəmə əmri ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək cavabdehdən 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə bir uşaq üçün 193 manat olmaqla iki uşaq üçün ümumilikdə 386 manat alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 17 oktyabr 2008-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə 344 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahından 07 avqust 2009-cu il təvəllüdlü X4 və 04 aprel 2011-ci il təvəllüdlü X5 adlı övladları var. Naxçıvan Şəhər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(078)-1286/2016 nömrəli məhkəmə əmri ilə Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi aliment qismində 05 oktyabr 2016-cı il tarixdən tutularaq 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi əmr edilmişdir. Cavabdeh tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli 2(078)-25/2017 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi pozulmuş, boşanmadan sonra 07 avqust 2009-cu il təvəllüdlü X4 və 04 aprel 2011-ci il təvəllüdlü X5 anasının yanında saxlanılmışdır. Cavabdeh tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş icra vərəqəsinin surətindən aydın olur ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-1281/2021 nömrəli 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 05 dekabr 2017-ci il təvəllüdlü X8 və 16 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq X7 verilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixdən hesablanmaqla 16 oktyabr 2020-ci il təvəllüdlü X6 üç yaşı tamam olan günədək hər ay 100 manat miqdarında aliment tutularaq X7 verilməsi, qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmiş və həmin tarixdə icra olunması üçün Goranboy Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 8(078)-119/2022 nömrəli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1286/2016 nömrəli 07 oktyabr 2016cı il tarixli məhkəmə əmrinin və Goranboy Rayon Məhkəməsinin 2(045)-1281/2021 nömrəli 30 noyabr 2021-ci il tarixli qətnaməsi əsasında 30 noyabr 2021-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs İddiaçı Cavabdeh ilə 17 oktyabr 2008-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 07 avqust 2009-cu il təvəllüdlü X4 və 04 aprel 2011-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. İddiaçı aliment tələbi barədə məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(078)-1286/2016 nömrəli məhkəmə əmri ilə Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi aliment qismində 05 oktyabr 2016-cı il tarixdən tutularaq 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi əmr edilmişdir. Cavabdeh tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli 2(078)-25/2017 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah qeydi pozulmuş, boşanmadan sonra 07 avqust 2009-cu il təvəllüdlü X4 və 04 aprel 2011-ci il təvəllüdlü X5 anasının yanında saxlanılmışdır. Alimentin tutulması cavabdehin əmək haqqına yönəldilmiş, lakin hazırda cavabdeh işləmir və aylıq gəliri müəyyən deyil. Qanunvericiliyin tələbinə əsasən Cavabdeh aylıq gəliri müəyyən olunmadığından aliment miqdarını sabit məbləğdə müəyyən olunmalıdır. İddiaçının dediyi qədəri ilə onların yaşamağa şəxsi evləri yoxdur və iddiaçı övladları ilə birlikdə anası evində yaşayır. İddiaçının heç bir yerdə işləməməsi uşaqların saxlanılmasında böyük sıxıntı olur. Cavabdeh işdən çıxandan bəri, yəni 4 ay ərzində hər ay vaxtında 200 manat uşaqların saxlanılmasına pul ödəmişdir. Lakin uşaqlar elə yaş həddindədirlər ki, onların təhsilinə və digər xərclərinə pul lazım olur və iddiaçı ödənilən alimentlə övladarının tələbatını ödəyə bilmir. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh verdiyi izahatında iddianı qəbul etmədiyini, hər ay vaxtında 200 manat aliment ödədiyini, 2-ci həyat yoldaşından doğulan iki övladına da Goranboy Rayon Məhkəməsinin 2(045)-1281/2021 nömrəli 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 05 dekabr 2017-ci il təvəllüdlü X8 və 16 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında eyni zamanda xx.xx.2021-ci il tarixdən hesablanmaqla 16 oktyabr 2020-ci il təvəllüdlü X6 üç yaşı tamam olan günədək hər ay 100 manat miqdarında alimenti X7 ödədiyini, bundan əlavə məhkəmə qərarı ilə pul öhdəliyi və bank borcu olduğunu, 3-cü dəfə ailə qurduğunu, ümumilikdə 4 övladının olduğunu bildirmişdir. Cavabdeh qeyd etmişdir ki, hazırda ordu sıralarından təxris edildiyi üçün işsizdir, və heç bir işlə təmin edilməmişdir. Onun ehtiyacını qardaşı və anası ödəyir. 4 uşağa hər birinə 100 manat olmaqla 400 manat aliment ödəyir. Əlavə məhkəmə qətnaməsi ilə ondan 2000 manat pul tutulması qət olunub. Bundan başqa banka borcu var və hər ay 200 manat kredit ödəyir. Ona hər ay 700 manat zəruri ödəniş edəcəyi pul lazımdır. Məhkəmə qərarı ilə ölkədən çıxışına qadağan olunub. Heç harda 1000 manat əmək haqqı verilən iş yoxdur. Alimentin miqdarı 100 manatdan artıq olarsa ödəmək imkanı olmayacaq. Cavabdeh qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunum 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən olunmasını, 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, məktəbli olmaqla uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Naxçıvan Şəhər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(078)-1286/2016 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək, cavabdehdən hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir və belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Eyni zamanda cavabdehin üç evlilikdən ümumilikdə 4 övladı var və işdə olan sənədlərdən görünür ki, Cavabdeh Goranboy Rayon Məhkəməsinin 2(045)-1281/2021 nömrəli 30 noyabr 2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay 05 dekabr 2017-ci il təvəllüdlü X8 və 16 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və xx.xx.2021-ci il tarixdən hesablanmaqla 16 oktyabr 2020-ci il təvəllüdlü X6 üç yaşı tamam olan günədək hər ay 100 manat miqdarında alimenti X7 ödəyir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə iş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Lakin həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Buna görə də iddia qismən təmin edildiyindən cavabdehdən tutulacaq dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə uyğun olaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli 2(078)-1286/2016 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq 07 avqust 2009-cu il təvəllüdlü X2 və 04 aprel 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 17.10 (on yeddi manat on qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar