Məhkəmə qərarları › İş №2(078)-104/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-104/2024

14.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-104/2024 14.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh5 Mansur oğlunun və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X5, Cavabdeh5 Mansur oğluna və Cavabdeh4 qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 3550 (üç min beş yüz əlli) manat pulun və ödənilmiş 55.5 (əlli beş manat əlli qəpik) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı 20 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəməyə digər cavabdehlərin prosesə cəlb olunması barədə ərizə ilə müraciət edərək Cavabdeh2, X5, Cavabdeh5 Mansur oğlu, Cavabdeh3 və Cavabdeh4 əlavə cavabdehlər qismində məhkəmə prosesinə cəlb edilməsinə etirazının olmadığını bildirmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh2, X5, Cavabdeh5 Mansur oğlu, Cavabdeh3 və Cavabdeh4 hazırki mülki iş üzrə prosesə digər cavabdehlər qismində cəlb edilmişdir. 06 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə iclası zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh3 və Cavabdeh2 qarşı iddiasının olmadığını, buna görə də iddia tələbinin həmin şəxslərə münasibətdə azaldılması, iddia tələbinə onun cavabdehlər Cavabdeh1, X4, Cavabdeh5 Mansur oğluna və Cavabdeh4 qarşı pul tələbi” çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə “İddiaçı cavabdehlər Cavabdeh1, X4, Cavabdeh5 Mansur oğluna və Cavabdeh4 qarşı pul tələbi” çərçivəsində baxılmasına qərar verilmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, o, 2022-ci ildə Novxanıda aldığı torpaq sahəsində ev tikmişdir. Evini təmir etmək üçün uzun illərdir tanıdığı Məhərrəm müəllimdən evdə işləyəcək usta olub-olmamasını soruşmuşdur. Məhərrəm müəllimdən gəc ustası istəyib. O da Bayram ustanı və Davud ustanı məsləhət gördü. Ustalarla həm tavan həm divar olmaqla gəcin şkaturkasını, ağlama və qaralamanı kavdratı 6 manata danışıb razılaşıblar. Onlar 28 dekabr 2022-ci ildə gəlib evdə işlədilər. O, ustaların bütün ehtiyaclarını ödəyirdi. Bakıya getmək üçün pulları olmadığından bilet pulunu da özü veribdir. Səhəri Davud orada işlədikdən sonra xəstələndi və Bayram usta tək qaldı. Məhərrəm müəllim dedi yenə adam var deyək gəlsin. O da razılaşdı. Sonra İlkin və Tağı gəldi. Gəlmək üçün pulları yox idi. Kartlarına 80 manat pul atıb. 250 manat gələn vaxt vermişdir ki, kirayə tapsınlar. Özü də onlarla bərabər kirayə axtarıb. He bir iş görmədən 330 manat verib. Əvvəllər çox yaxşı işlədilər. İşin ortasında Məhərrəm, İlkin və Bayram Tağını uzaqlaşdırdılar və onun son haqqhesabını kəsdilər. Tağı ilə işləmək istəmədilər, o da qarışmadı. İlkin çox içib özünü apara bilmədi, 10-15 gün işə gəlmədi, gecə içib ona zəng edirdi. Sonra görmüşdür ki, biləyini kəsib, Məhərrəm müəllimdən onun kənarlaşdırılmasını istəyib. Bayram ustanın işindən razıdır. Keyfiyyətsiz iş görmüşdülər. Divara reyka qoymuşdur, ustaların yanında əl belə keçə bilərdi. Özləri bilir ki, 380 kisə gəc yararsız hala salıblar. Naxçıvana qayıdıb yenidən 175 kisə gəc vurub, Bayram usta bilir, 100 kisədən artıq ağdağ, sətən alçı alıb. Bayram usta divarı düzəldib, həm çapıb həm çəkib. Məhərrəm müəllimə şəxsən əlinə 4500 manat pul verib. Verdiyi pulun müqabilində isə onun ustaları heç bir görməyib. Hazırda Cavabdeh1 və onun sayəsində evində işləyən ustalar ona 2750 manat pul ödəməlidir. Eyni zamanda gətirdiyi ustaların düzgün işləmədikləri sayəsində 800 manat da əlavə ziyana duşüb. Tavana gəc vura bilmədilər. Buna görə də tavanı başqa şəxslərə vurdurub. Ona görə 3550 manat pul tələb edir. Məhərrəmin kartına 300 manat pul vurub. İndiyə qədər Məhərrəmə 3900 manata kimi pul verib. Bu işdə ancaq Məhərrəmi tanıyıb, pulları da ona verib. Ustaların hamısını Məhərrəm tanıyır. Onun verdiyi 5400 manat pulu həqiqətən də Məhərrəm ustalara verib. Hələ hördükləri əyri darvaza divarını söküb təzədən 1000 manat xərc çəkib tikdirib. Hazırda Tağı, İlkin, Bayram və Məhərrəm onun pulunu qaytarmalıdır. Qorxmaz ancaq fəhlə olub. Onunla bağlı tələbi yoxdur. Davudla da bağlı tələbi yoxdur. Bu şəxslərə çəkdiyi bütün xərclər və tikinti xərcləri hamısı yazılı şəkildə qalır. İlk dəfə cavabdehlərə 3900 manat pul verib. Cavabdeh kimi qeyd edilən Cavabdeh5 axıra qədər evində işlədi, işdə olan ütün nöqsanları özü tək aradan qaldırdı. Ondan razıdır və ona qarşı əvvəl heç bir tələbi yox idi. Əsas tələbi cavabdeh Məhərrəm və Tağıya qarşı idi. O indi Bayramdan da pulunu tələb edir. Tağıya 900 manat pul verib. Sonra da ondan xahiş etdi ki, övladının təhsil haqqını ödəməlidi ona 400 manat pul versin. O da Tağıya kömək üçün 400 manat pul verib. Tağı 400 manatı qaytarıb. Ancaq gördüyü nöqsanlı işin nəticəsində və artıq ödədiyi pulu qaytarmayıb. Cavabdeh2lə bağlı heç bir tələbi yoxdur. Həmin ilk dəfə verdiyi 3900 manat pulu 3 nəfər -Tağı, Bayram və İlkin arasında 1300 manat olmaqla bölünüb. X7 özlərindən uzaqlaşdırmaq istədi və ona dedi ki, “Tağı işi bacarmır”. Tağıdan 400 manatı tələb etdi, Tağı da həmin 400 manatı oğlunun kartına köçürərək bildiridi ki, həmin 400 manatın 200 manatı Bayrama 200 manatı da İlkinə çatacaq. Oğlu da aparıb pulu onlara verdi. Yəni Tağı ona 400 manat pul verməyib. İlkinə üstüstə 150 manat+80 manat yol pulu+250 manat (qohumu xəstə olub)+200 manat (ayrıca alıb)+200 manat (ailə vəziyyəti ilə bağlı)+400 manat da müxtəlif vaxtlarda pul verib. Gah dedi imkanı yoxdur, gah dedi qohumu xəstədir. Gah dedi ailə problemi var. Bu pulları həmin işləyən vaxt İlkinə verib. Tağı dedi oğlunun ödəniş haqqını keçirtməlidir. 700 manatın üzərinə də 300 manat qoyub 1000 manat Tağıya pul verib. Əlavə 1850 manat da İlkinə ayrıca pul verib. Həmin pul da 3-ü arasında bölüb. İlkinin ayıq vaxtı yox idi. Ancaq sərxoşluqla məşğul idi. 6 manata gəc, şkaturka işi, 4 manat 50 qəpikdən kv.m çölün şkaturkası, içərinin şkaturkası 4 manat 50 qəpik, 110 kv.m sahənin arxa çöl hissəsi 4 manat 50 qəpikdən, şkaturka 240 kv.m hissə 2 manat 50 qəpikdən, 412 kv.m 2 manat 50 qəpikdən 91 kv.m hissəyə isə yerin şapını danışmışdılar. 412 kv.m içərinin gəc işi 2 manat 50 qəpikdən qaralama kimi razılaşmışlar. Başqa usta ağlamanı 1 manat 50 qəpikdən vuracaqdı. 1-ci mərtəbəyə 91 kv.m hissəyə yerin şapı verilib. Tavana gəc vurulmayıb. O işləri başqa ustalar edib. Bir ədəd blok qoyulub. Həmin işləri ümumi görüləcək işin hesabına qatmışdı, çünki o cür razılaşmışdır. Məsələnin həlli üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Ekspert rəyi ilə razı deyil. O, ümumilikdə 5800 pul verib, rəydə isə 4000 manat göstərilib. Tağını çıxartdılar. Tağıya deyib ki, “getmə, gəl yarı işlə pulunu verəcəm”. 5-6 ay işi yubatdılar. Əyri çəkdilər. Buna görə də əlavə xərc çəkib. Elə bil ki, 380 kisə gəci çölə atıb. Sonra yenidən gəc almalı olub. O, Məhərrəm müəllim və İlkin oturub evin dəyərləndirilməsini aparıblar. Həmin vaxt deyib ki, “divarı bərbad hala qoyubsuz. Pulu neçədən sizə, neçədən də Bayram ustaya verim?” Dedilər ki, 2.5 manat bizə, 2.5 manat Bayram ustaya ver. 3900 manat üç usta birlikdə işləyəndə verib. 1900 manat Bayramla İlkin işləyəndə verib. Ümumilikdə 5800 manat pul verib. Görülən iş isə 2000 manatdır. Hesablamışdır ki, Bayram, Tağı və İlkinin üçünün birlikdə gördüyü işlərdən 757 manat Bayram ustanın, 757 manat İlkinin və 157 manat Tağının ona borcu vardır. Dəyilən ziyan 800 manatdır. 266 manat hər birinə pul düşür. Yenidən material alınıb Bayram işləyib. İlkinlə Bayram birlikdə işlədikləri vaxt isə verilən 1900 manatdan 446 manat Bayram və 446 manat İlkin ustanın borcu var. Ümumilikdə Bayram ustanın 1469 manat, İlkin ustanın 1469 manat, Tağı ustanın 419 manat borcu var. O, İlkinə də pul lazım olanda da pulu Məhərrəm müəllimlə Bayrama verib. İlkinə şəxsən 1 dəfə 20 manat verib. Evin 8 pəncərəsi var, Tağı isə 15 pəncərə olduğunu iddia edir. Çöl tərəfin şkaturkasını 4.5 manat razılaşıblar, lakin Tağı iddia edir ki, 6 manata hesablanıb. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı də dediyi kimi, iddiaçı evinin təmiri üçün xx.xx.2022-ci ildə ondan işi bilən peşəkar ustalar istədi. O da böyük məmnuniyyətlə qəbul edib ona Naxçıvan şəhərindən olan ustalardan təşkil edib. Bu işlə məşğuldur, yəni imkanlı şəxslərin evlərində iş götürüb işləyir. Qadir müəllim ona zəng vuranda ustalarla birlikdə idi. O hətta Qadir müəllimə telefonda dedi ki, “sən hardan bildin kim, mən elə ustaların yanındayam?”. Davud usta ilə Bayram ustanı Qadirlə tanış edib. Ustalar işləmək üçün Bakı şəhərinə gedib. Qadir ilk vaxt ona 1800 manat pul verdi. O, həmin pulu Qadir müəllimin yanında ustalara verib. Ustaların hətta Bakı şəhərində qalmaq xərclərini, getməklərinə də Qadir köməklik etdi. Tağını, Qorxmazı və İlkini də işləmələri üçün Qadirin evinə dəvət edib. Özü də Bakı şəhərində müəyyən müddət üçün yaşadığı üçün ara-sıra gəlib evin təmirinə baş çəkirdi. O, Qadirin pulundan 250 manat Bayram ustaya pul verib. Hətta Qadir də onların işini bəyəndi. X8 ustaya 100 manat pul verib. Pulların əksəriyyəti ustalarda olduğu halda və Qadir müəllim də ustalar tərəfindən ziyana uğrayıbsa burada o niyə cavabdeh kimi iştirak etməlidir? Axı onda pul yoxdur. Hazırda Bayram ustada 2050 manat, İlkin ustada 2400 manat, Tağı ustada isə 900 manat Qadirin pulu var. Yaxşı olardı ki, elə məhz onlar cavabdeh qismində iştirak etsin. Qorxmazda isə heç nə yoxdur. O fəhləlik edib. Dəfələrlə Qadirə deyib ki, ilk dəfəyə ustalara 3900 manat pul verməsin, lakin Qadir onu eşitmədi. Hazırda 1000 manat pul İlkində, 850 manat da pul Bayramda olmalıdır. Qum daşımaq, sement boşaltmaq ayrıca fəhlə pulu kimi hesablanmalıdır. Gəcin kv.m orta bazar qiyməti 6 manatdan hesablanır. Orta bazar qiyməti var. Hər bir şey qarşılıqlı razılaşma ilə olur. İndi muxtar respublikanın heç yerində şkaturkanı 6 manata vurmurlar. İş götürəndə vətəndaşın maddi imkanını nəzərə alır. Ustaların Qadir müəllimə borcu var. Əgər onun da bu işdə səhvi, Qadir müəllimə borcu varsa ödəməyə hazırdır. İlkin dedi ki, Tağı ilə anlaşa bilmir. Ona görə də Tağını yola salıblar. O, işin öz aralarında razılaşmanın tərəfdarı olub. Qadir müəllim ona ustalara vermək üçün 1850 manat verib. O da pulun 50 manatını götürüb daha sonra həmin pulu hissə-hissə qaytarıb. Məhkəmə iclası zamanı Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o əslində orada 900 manatlıq yox, daha artıq işləyib. Həmin 1830 manat pul İlkində olub. Onun 400 manat qədəri ilə kirayə qalıblar. 300 manatdan da çox yemək-içmək alıblar. Onlar suvaq və hörgü işləri görüb. Sement qum boşaldıb. 2.5 manata gəc çəkib. Ancaq onu əliboş yola salıblar. Onun işini 50 qəpikdən hesablayıblar. Naxçıvandan Bakıya gedəndə 6 manata razılaşıblar. Hər kvadratda 1 manat Məhərrəm müəllimə veriləcəkdi. Ona 900 manat verdilər. Həmin pulun 50 manatını Məhərrəm müəllimə verib. Bəlkə də o, 4000-5000 manatlıq iş görüb. Ancaq zəhmət haqqını qanuni formada verməyiblər. Ona cəmi 850 manat çatıb. Gəcin və şkaturkanın qiymətləri 4 manat-4.50 manata razılaşmışdılar. Guya onun işini bəyənmədilər. Ancaq o həmin evdə həm usta, həm də fəhlə kimi işləyib. Hər kvadratı 2.5 manata hesabladılar ki, onun da 1 manat fəhləyə, 1.5 manat da 3 nəfərə bölünüb ki, hərəsinə 50 qəpik düşüb. Guya 419 manat borcu var. O iddianı qəbul etmir. Cavabdeh X5 istər məhkəmə hazırlıq iclasında, istərsə də 14 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında mobil telefon vasitəsilə məhkəmə prosesinə bağlanaraq verdiyi izahatında bildirmişdir ki, burada əsas Cavabdeh5dır. O, 600 manat pul alıb. Bu işləri gördüyü zaman ona çox pul verilməliydi, amma verilmədi. Kvadratını 6 manata razılaşmışdılar. Pul bölgüsü məsələsinə Bayram baxırdı. 800 manat pul almalı idi, lakin ala bilməyib. 1.5 ay işləyib. Onun heç bir borcu yoxdur. İşə ilk başlanandan gördüyü işləri video görüntüyə çəkib. Razılıqları o cür olmayıb. Onlar qum sement boşaldıb. Əlavə pul hesablanırdı. Tağı işi yarıda bilmədi. İşi yarımçıq görürdü. Qadir müəllim pulu Məhərrəm müəllimə, o da Bayrama verirdi. Onların pulunu Bayram verirdi. Mayakları o atmayıb. Bayrama hər hansı borcu yoxdur. O, kirayə yaşadıqları evin pulunu da onun üstünə salıb. İddiaçı ondan 1400 manat pul tələb edir. Lakin onun iddiaçıdan hər hansı tələbi, narazılığı və borcu yoxdur. Məhkəmə iclası zamanı Cavabdeh5 Mansur oğlu iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Məhərrəm müəllim onlara iş olduğunu deyib. O da Davud usta ilə işləmək üçün Bakı şəhərinə gedib. Davud xəstələndiyi üçün işə gəlməmiş, sonra Tağı ilə İlkin gəlmişdir. Onlara deyib ki, “mayakı atıram siz doldurun”. İlkin dedi ki, özüm atacam. İlkin mayakı əyri atdı. Onlar qaralama vurdu. O, kvadratını 6 manat razılaşıb. Əgər axıra qalsaydı pulu böləcəkdilər. İçəri hissə 420 kv.m olardı. Arxa tərəf 110 kv.m olarda. Ağlı-qaralı, yan tərəfi 486 manatı 300 manata saldılar. 420 kv.m-i 6 manatdan razılaşıblar. Məbləği 2520 manat. 28 gün 3 nəfər işləyib. İçərinin işini tam bitirmədilər. 70 kv.m hissəsi qaldı. Qaralama əyri idi. Çünki İlkin mayakı səhv atmışdı. Ona görə də 175 kisə əlavə gəc alındı. Tağının niyə uzaqlaşdırıldığını bilmir. Tağının hesabını İlkinlə Məhərrəm müəllim kəsdi. Bütün işləri gəci, şkaturka 2.5 manata hesablanıb. Çöl hissə 786 manat edirdi. Ümumi işdən 450 manat fəhləyə verilib. Fəhlənin günü 25 manat idi. Tağının pulunu verib dedilər ki, “sənə 900 manat pul çatır”. 350 kv.m işi 2.50 manata görüb. İlkin ondan 230 manat pul alsa da hələ qaytarmayıb. 100 manat da İlkinin əvəzindən kirayə verib. İlkin boynuna almasa da mayakı o atıb. Gördüyü işlərin hamısını yazıb. Qadir müəllim haqlıdır. Həqiqətən yenidən gəc, ağdağ, sətən alçı alınıb və yenidən iş görülübdür. Mayak səhv olduğundan bütün vurulmuş gəc çapılıb yerə tökülüb, əlavə olaraq Qadir müəllim gəc alıb o işləyib. Hesablansın əgər borcu varsa ödənilsin. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Hazırki halda iddia tələbinin qanuni əsası podrat müqaviləsində irəli gələn münasibətlərdir. Podrat müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 760.1-ci maddəsinə görə əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə araşdırmasının nəticələrindən məlum olmuşdur ki, görüləsi işlərin həyata keçirilməsi üçün tərəflər arasında həmin şərtlərin və qarşılıqlı öhdəliklərin müəyyənləşdirildiyi yazılı podrat müqaviləsi bağlanmamış, yazılı müqavilənin olmaması isə faktiki olaraq sifarişçi ilə podratçı, yəni iddiaçı ilə cavabdeh arasında hansısa öhdəliklərin yaranmasını müəyyən etməyə imkan verməmişdir. Şifahi podrat müqaviləsi üzrə öhdəlikdlərin olmasını və həmin öhdəliklərin yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki işin məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı istər məhkəməyə ünvanladığı iddia ərizəsində, istərsə də məhkəmə iclası zamanı verdiyi izahatında hazırda cavabdehlərin ona ümumilikdə 3550 (üç min beş yüz əlli) manat borcu olduğunu, dəfələrlə cavabdehlərdən pulunu tələb etsə də, bu pulun geri qaytarılmadığını diqqətə çatdırmış və məhz bu xüsusatların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(078)-104/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, eksertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış, ekspertin 23 avqust 2024-cü il tarixli 10/2230 nömrəli rəyindən aydın olmuşdur ki, Bakı şəhəri, Abşeron rayonu Novxanı qəsəbəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 110 kv.m ibarət olan çöl hissəsinin şkaturkası, 240 kv.m olan içəri hissəsinin şkaturkasının, 412 kv.m olan ümumi gəcin qaralamasının vurulmasının və tavanın gəcinin (qaralama) vurulması, birinci mərtəbədə 91 kv.m yerə şap verilməsi və birinci mərtəbədə 1 kolonun qurulması ilə bağlı görülən işlərin orta bazar qiymətinin (usta və fəhlə pulu) dəyəri təqribən 4000 manat məbləğində təşkil etdiyi müəyyən edilmişdir. İşə məhkəmədə baxılarkən tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhərində yerləşən fərdi yaşayış evinin təmir işinin aparılması üçün Cavabdeh1 müraciət etmiş, onun vasitəsilə digər cavabdehlərlə razılaşmışdır. İlk olaraq iddiaçı hazırda cavabdeh olan Cavabdeh5 Mansur oğlu, X5 və Cavabdeh4 hər üçünün birlikdə işlədiyi müddətdə görüləcək işin müqabilində haqqını əvvəlcədən 3900 manat ödəmiş, daha sonra isə Cavabdeh5 Mansur oğlu və X3 ikisinin birlikdə işlədiyi müddətdə görüləcək işin haqqını 1900 manat olaraq ödəmişdir. Hər iki halda iddiaçının görüləcək işin haqqını əvvəlcədən ödəməsi sübuta yetirilmişdir. Tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmış, Cavabdeh1 isə iddiaçı ilə digər cavabdehlər arasında bağlanmış həmin podrat müqaviləsinin tərəfi-podratçısı olmamışdır. Ustalara veriləcək məbləğin Cavabdeh1 verilməsi, məhz iddiaçının yanında pulun bütövlükdə digər cavabdehlərə verilməsi də bu halı təsdiq edir. Belə ki, işə baxılan zaman müəyyən edilmişdir ki, müqavilə üzrə danışıqlar-hansı işin görülməsi, onun müqabilində hansı məbləğə danışılması məhz iddiaçı ilə cavabdehlər İlkin Quliyev, Cavabdeh4, Cavabdeh5 arasında razılaşdırılmışdır. Cavabdeh1 bu mərhələdə hərəkəti cavabdehləri-ustaları iddiaçı ilə tanış etmək olmuşdur. Ustaların əldə edəcəyi məbləğdən müəyyən hissənin ona ödənilməsi ilə bağlı razılıq isə Cavabdeh1la digər cavabdehlər-ustalar arasında olub ki, bunun hazırki iddiaçının tələbinə hər hansı aidliyi müəyyən edilmir. Ona görə də iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilməlidir. Tərəflərin izahatlarından görünür ki, Cavabdeh4 ilə iddiaçı arasında olan şifahi podrat müqaviləsinin şərti sifarişçininiddiaçının təşəbbüsü ilə pozulmamışdır. Bu hal həm iddiaçının, həm də cavabdehlərin izahatları ilə sübuta yetirilir. Cavabdeh4 işin icrası başa çatmadan müqaviləyə xitam verilməsi, onun son hesabının ödənilməsi işə baxılarkən sübuta yetirilmişdir. Eləcə də həmin vaxtdan sonra keçən müddət ərzində Cavabdeh4 ona razılaşdırılmış məbləğin az olaraq hesablanıb verilməsi barədə hər hansı mübahisəsinin olması barədə məhkəmədə iddia qaldırmadığını bildirmişdir. Bununla yanaşı cavabdeh X5 ilə bağlanmış şifahi podrat müqaviləsinin şərtlərinin cavabdehin hərəkətləri nəticəsində pozulması da işə baxılan zaman müəyyən edilmişdir. Belə ki, istər iddiaçı, istər cavabdehlərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdehin işə münasibəti həmin müqavilə şərtlərinin pozulması ilə nəticələnmişdir. Cavabdeh5 Mansur oğlu ilə İddiaçı arasında bağlanmış podrat müqaviləsi üzrə iş tam icra edilmiş və iş başa çatdırılmışdır. Belə olan halda iddiaçının müqavilə bağlandıqdan sonra işin nəticəsində deyil, əvvəlcədən ödədiyi məbləğ hər bir cavabdehə münasibətdə hesablanaraq artıq ödənilmiş məbləğ iddiaçıya qaytarılmalıdır. Eləcə də istər iddiaçının istərsə də cavabdehlərin izahatlarından da aydın olur ki, hər üç cavabdeh X5, Cavabdeh4 və Cavabdeh5 Mansur oğlunun birlikdə gördükləri işdə nöqsanlar olmuş, iş keyfiyyətli şəkildə yerinə yetirilməmişdir. Ustaların qoyduqları mayakın düzgün olmaması nəticəsində görülmüş iş üzrə istifadə edilən gəc tamamilə yararsız vəziyyətdə düşmüş və çapılaraq yenidən iddiaçı əlavə xərc çəkmiş və iş təkrarən görülmüşdür. Bu hal Cavabdeh5 Mansur oğlunun izahatı ilə sübuta yetirilmişdir və məhz işin keyfiyyətinə və təkrarən görülməsinə görə Cavabdeh4 son hesabı kəsilərkən nəzərə alınmış, eləcə də X4 məhz həmin qiymətdən yenidən ödənişdə razılıq əldə edilmişdir. Eyni zamanda cavabdeh X3 əvvəlcədən aldığı pul müqabilində işi başa çatdırmadan müqavilə şərtlərini pozması məhkəmə tərəfindən bu qənaətə gəlməyə əsas verir ki, X5 gördüyü işdən artıq məbləğdə vəsaiti iddiaçıya qaytarmalıdır. Bununla yanaşı işə baxılarkən müəyyən edilmişdir ki, işin keyfiyyətsiz görülməsi nəticəsində iddiaçı əlavə xərc çəkmişdir. Həmin vurulan zərərin əvəzi də məhz cavabdehlərin gördükləri işin müqabilində alınaraq iddiaçıya qaytarılmalıdır. Belə ki, iddiaçının 380 kisə gəcinin yararsız hala düşməsi, əvəzində yenidən gəc və digər materiallar alınaraq işin görülməsi sübuta yetirilir. Belə olan halda Cavabdeh4 işlədiyi müddət, X3 işlədiyi müddət və Cavabdeh5 Mansur oğlunun işlədiyi müddət nəzərə alınmalı (hər üç cavabdehin 28 gün birlikdə işləməsi izahatları əsasında müəyyən edilir) və vurulmuş zərərin 800 manat olaraq qiymətləndirilməklə pulun 266 manatının hər birindən alınaraq iddiaçıya qaytarılması əsaslı hesab edilir. Eləcə də məhkəmə məhkəmə tikinti texniki ekspertizasının rəyini sübut kimi qiymətləndirir. Belə ki, ekspert rəyində başa çatdırılmış ümumi işin dəyərinin 4000 manat təşkil etməsi müəyyən edilir. Həmin işin qüsuru nəzərə alınmalı, iddiaçının cəmi olaraq ödədiyi 5800 manat puldan çıxılmalı və qalan pul vəsaiti artıq ödənilmiş pul vəsaiti olaraq iddiaçıya qaytarılmalıdır. İddiaçı bildirmişdir ki, ümumilikdə Bayram ustanın 1469 manat, İlkin ustanın 1469 manat, Tağı ustanın 419 manat borcu var. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, görülmüş işin dəyəri 4000 manat təşkil edir. İddiaçının ümumilikdə cavabdeh ustalara verdiyi məbləğ 5800 manat təşkil edir və bu məbləğ cavabdehlər tərəfindən də təsdiq edilir. Həmin rəydən 1800 manat pulun iddiaçı tərəfindən cavabdehlərə görülmüş işdən artıq pulun verildiyi müəyyən edilir. Vurulmuş ziyanın məbləğinin isə qüsurlu işin nəticəsində 800 manat olması iddiaçı tərəfindən bildirilmiş, həmin qüsurlu işin olması və Cavabdeh5 Mansur oğlu tərəfindən aradan qaldırması öz təsdiqini tapmışdır. İddia tələbindən pulun məbləği 3550 (üç min beş yüz əlli) manat olaraq göstərilmişdir. İddiaçı hər üç cavabdehə münasibətdə borclu olduqları məbləğ 3357 (üç min üç yüz əlli yeddi) manat təşkil edir. Buna görə də iddia qismən təmin edilməli 419 (dörd yüz on doqquz) manat Cavabdeh4, 1469 (bir min dörd yüz altmış doqquz) manat X2 və 1469 (bir min dörd yüz altmış doqquz) manat Cavabdeh5 Mansur oğlundan tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 27202 nömrəli qəbzlə ödənilmiş 55.5 (əlli beş manat əlli qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh5 Mansur oğlundan, X2 və Cavabdeh4 tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat cavabdehlər Cavabdeh5 Mansur oğlundan, X2 və Cavabdeh4 tutularaq X1 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 419 (dörd yüz on doqquz) manat, X2 1469 (bir min dörd yüz altmış doqquz) manat və Cavabdeh5 Mansur oğlundan 1469 (bir min dörd yüz altmış doqquz) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi Cavabdeh1 münasibətdə və qalan hissədə əsassız olduğundan rədd edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 27202 nömrəli qəbzlə ödənilmiş 55.5 (əlli beş manat əlli qəpik) manat dövlət rüsumunun 53.60 (əlli üç manat altmış qəpik) cavabdehlər Cavabdeh5 Mansur oğlundan, X2 və Cavabdeh4 alınaraq iddiaçıya qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 50 (əlli) manat cavabdehlər Cavabdeh5 Mansur oğlundan, X2 və Cavabdeh4 tutularaq X1 Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin (Kod: 210005 VÖEN: **********, Müxbir hesab № AZ41NABZ********************). Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar