Məhkəmə qərarları › İş №2(078)-1067/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1067/2022

08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1067/2022 08.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı 26 sentyabr 2022-ci ildə iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli, 2(078)-1366/2016 nömrəli qətnaməsində nəzərdə tutulan alimentin miqdarının artırılaraq Cavabdeh 08 fevral 2012-ci il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək-bir uşağın saxlanılması üçün 193 (bir yüz doxsan üç) manat olmaqla iki uşağın saxlanılmasına 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, o, Cavabdeh ilə 02 may 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, onların birgə nikahlarından iki övladı- 08 fevral 2012-ci il təvəllüdlü X5 və 19 iyun 2015-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh uşaqlara baxmadığından o məcbur qalıb aliment tələbi barədə iddia qaldırmış, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(078)-1366/2016 nömrəli qətnaməsi əsasında bir uşağa 85 manat olmaqla, iki uşağın saxlanılmasına 170 manat aliment müəyyən olunmuşdur. Aralarında ailə münasibəti pozulduğundan nikahın pozulması tələbi barədə məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2019cu il tarixli, 2(078)-581/2019 nömrəli qətnaməsi əsasında nikahları pozulmuş az yaşlı övladları onun yanında qalması müəyyən edilmişdir. Uşaqlar onunla birlikdə yaşayır. Yaşamağa şəxsi evləri olmadığından uşaqları ilə birlikdə kirayədə yaşayır və öz aldığı məvaciblə ancaq kirayəni ödəyir. Cavabdehin ödədiyi bir uşağa 85 (səksən beş) manat olmaqla iki uşağın saxlanılmasına 170 (bir yüz yetmiş) manat aliment uşağın maddi tələbatını qarşılamağa bəs eləmir. Uşaqlar elə yaş həddindədirlər ki, onların təhsilinə və digər xərclərinə pul lazım olur. Uşaqların saxlanmasına müəyyən olunmuş aliment uşaqların saxlanılma xərcini ödəmir. Uşağın yaşı artdıqca xərcləri də artır. Bu gün verilən alimentlə iki uşağın təminatını ödəmək çox çətindir. Cavabdeh yaxşı qazanc əldə edir. İddiaçı hesab edir ki, bugünkü gün bir uşağın saxlanılması üçün ayda 193 (bir yüz doxsan üç) manat olmaqla iki uşağın saxlanılmasına 386 (üç yüz səksən altı) manat yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı var. Mediasiyaya müraciət etmiş, mediasiya prosesində cavabdeh iştirak etsə də razılaşmadıqları üçün mediasiyada arayış verərək məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı məhkəmədə izahat verərək izahatında Cavabdeh ilə 02 may 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, onların birgə nikahlarından 08 fevral 2012-ci il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X4 dünyaya gəldiyini, Cavabdeh uşaqlara baxmadığından onun məcbur qalıb aliment tələbi barədə iddia qaldırdığını, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(078)-1366/2016 nömrəli qətnaməsi əsasında bir uşağa 85 manat olmaqla, iki uşağın saxlanılmasına 170 manat aliment müəyyən olunduğunu, aralarında ailə münasibətləri pozulduğundan nikahın pozulması tələbi barədə məhkəməyə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(078)-581/2019 nömrəli qətnaməsi əsasında nikahlarının pozulduğunu, az yaşlı övladlarının onun yanında qalmasının müəyyən edildiyini, hazırda da uşaqların onunla birlikdə yaşadığını, yaşamağa şəxsi evləri olmadığından uşaqları ilə birlikdə kirayədə yaşadığını, öz aldığı məvaciblə ancaq kirayəni ödədiyini, cavabdehin ödədiyi bir uşağa 85 (səksən beş) manat olmaqla iki uşağın saxlanılması üçün ümumilikdə 170 (bir yüz yetmiş) manat alimentin uşaqların maddi tələbatını qarşılamağa çatmadığını, uşaqların təhsilinə və digər xərclərinə pul lazım olduğunu, uşaqların saxlanması üçün müəyyən olunmuş alimentin uşaqların saxlanılma xərcini ödəmədiyini, uşağın yaşı artdıqca xərclərinin də artdığını, bu gün verilən alimentlə iki uşağın təminatını ödəməyin çox çətin olduğunu, cavabdehin yaxşı qazanc əldə etdiyini, onun da uşaqlarını saxlamaq vəzifəsinin olduğunu, uşaqların ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyindən məcbur qalaraq alimentin artırılması üçün məhkəməyə müraciət etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh izahatında iddiaçı ilə 02 may 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, onların birgə nikahlarından 08 fevral 2012-ci il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X4 dünyaya gəldiyini, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(078)-1366/2016 nömrəli qətnaməsi əsasında bir uşağa 85 manat olmaqla, iki uşağın saxlanılmasına 170 manat aliment müəyyən olunduğunu, Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(078)-581/2019 nömrəli qətnaməsi əsasında nikahlarının pozulduğunu, az yaşlı övladlarının iddiaçının yanında qalmasının müəyyən edildiyini, uşaqlarının saxlanılması üçün müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödədiyini, özünün hazırda hərbiçi işlədiyini, ikinci dəfə ailə qurmadığını, bankdan kredit götürdüyünü, hazırda banka kredit borcu ödədiyini, bir uşaq üçün 100 manatdan artıq aliment ödəməyə maddi imkanının çatmayacağını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşin faktiki və mübahisəsiz halları bundan ibarətdir ki, iş üzrə tərəflər arasında 02 may 2011-ci il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahından 08 fevral 2012-ci il təvəllüdlü X5 və 19 iyun 2015-ci il təvəllüdlü X7 adlı övladları doğulmuş, tərəflər arasındakı nikah Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(078)-581/2019 nömrəli qətnaməsi əsasında pozulmuş, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(078)- 1366/2016 nömrəli qətnaməsi əsasında bir uşağa 85 manat olmaqla, iki uşağın saxlanılmasına 170 manat alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan halların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(078)-581/2019 nömrəli və Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(078)-1366/2016 nömrəli qətnaməsindən iş üzrə tərəflər arasında 02 may 2011-ci il tarixdə Naxçıvan Şəhər Nikah evində nikahın bağlanması və bunun 118 nömrə ilə qeydə alınması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİİ seriyalı, 306799 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 19 iyun 2015-ci il təvəllüdlü X7 adlı övladlarının olması; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ seriyalı, 666468 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin 08 fevral 2012-ci il təvəllüdlü X5 adlı övladlarının olması; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(078)-1366/2016 nömrəli qətnaməsinin surətindən Cavabdeh 20 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 85 (səksən beş) manat olmaqla, cəmi 170 (bir yüz yetmiş) manat miqdarında alimentin tutularaq 08 fevral 2012-ci il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsinin qət edilməsi; - iddia ərizəsinə əlavə edilmiş Naxçıvan Şəhər Məhkəməsinin 22 avqust 2019-cu il tarixli, 2(078)-581/2019 nömrəli qətnaməsinin surətindən X6 ilə Cavabdeh arasında 02 may 2011-ci il tarixdə Naxçıvan Şəhər Nikah Evində bağlanmış 118 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 08 fevral 2012-ci il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X4 anası X2 yanında saxlanılmasının qət edilməsi; -iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli, AZ-İ seriyalı, 221741 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən iş üzrə tərəflərin arasındakı nikahın pozulması və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 17 may 2021-ci il tarixdə 61 nömrə ilə qeyd aparılması aydın olur. Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-ci il tarixli, 2(078)-1366/2016 nömrəli və 22 avqust 2019-cu il tarixli, 2(078)-581/2019 nömrəli qətnamələri ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Hazırki mülki iş üzrə mübahisəli hal isə iddiaçının sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılmasını tələb etməsidir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-ci il tarixli, 2(078)- 1366/2016 nömrəli qətnaməsi ilə hər ay sabit pul məbləğində bir uşağa 85 manat olmaqla, 2 uşağa görə cəmi 170 manat miqdarında aliment müəyyən edildikdən sonra yetkinlik yaşına çatmayan uşaqların böyüdükcə artan təlabatlarını, sosial-iqtisadi göstəricilərin dəyişilməsini, uşaqlar üçün yaşayış minimumunun artmasını, bu müddət ərzində cavabdehin bir uşaq üçün ödədiyi 85 (səksən beş) manatdan başqa iddiaçıya uşağın tələbatlarının ödənilməsi üçün əlavə yardım etməməsini, nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, hər ay sabit pul məbləğində bir uşağa 125 (yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manat miqdarında aliment cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində iddiaçının üzərinə düşməsini iddiaçının diqqətəlayiq mənafeyi kimi nəzərə alaraq hər bir uşaq üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğin (193 manatın) yarısından çoxunun hər ay sabit pul məbləğində bir uşağa 125 (yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan) manat məbləğində müəyyən edilmişdir. İddiaçının tələbi aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində təyin olunması ilə bağlı olsa da, məhkəmə aliment məbləğinin artırılaraq yaşayış minimumu həddində yəni 193 manat məbləğində təyin edilməsinin qeyri mümkünlüyünü onunla izah edir ki, iddiaçı alimentin artırılmasını istədiyi sabit pul məbləğində alimentin miqdarı ilə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir, yuxarıda qeyd edilən maddi hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi uşaqlara münasibətdə valideynlər bərabər hüquq və vəzifələrə malikdir, yəni hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər şəkildə öhdəlik daşıyır. Həmçinin məhkəmə qeyd olunan nəticəyə gələrkən alimentin iddiaçı tərəfindən tələb olunduğu miqdarda müəyyən edilməsi üçün işə baxılması zamanı əlavə əsasların (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilməməsini nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin qanunun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki Prosessual Məcəllənin 112.1 və 112.1.6-cı maddələrinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti – ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin artırılması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın qiyməti bu cür iddialarda ödəmənin artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən, həmçinin iddia üzrə ödəmənin artırıldığı məbləğin bir il üçün nəzərdə tutulan miqdarı 1000 manatdan çox olduğundan, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 17 (on yeddi) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(078)-1366/2016 nömrəli qətnaməsi ilə 08 fevral 2012-ci il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılmalı; -08 fevral 2012-ci il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilməli; -miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı; - iddia qalan hissədə rədd edilməli; - Cavabdeh 17 (on yeddi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin olunsun. Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli, 2(078)-1366/2016 nömrəli qətnaməsi ilə 08 fevral 2012-ci il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılsın. 08 fevral 2012-ci il təvəllüdlü X1 və 19 iyun 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 125 (yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq uşaqların anası İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 17 (on yeddi) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar