Məhkəmə qərarları › İş №2(078)-1070/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1070/2023

31.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1070/2023 31.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(078)-548/2015 nömrəli qətnaməsi ilə Cavabdeh bir uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılmaqla, 26 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən X7 iddianı müdafiə edərək, tərəflərin 01 aprel 2014-cü il tarixdə Babək rayon Yuxarı Uzunoba kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyində rəsmi olaraq nikah qeydiyyatından keçməklə evləndiklərini, həmin evlilikdən 26 fevral 2015-ci il tarixdə qızları X2 doğulduğunu, tərəflərin xasiyyətləri tutmadığından, yola gedə bilmədiklərindən, birgə nikahda olsalar da, faktiki olaraq ayrı yaşadıqlarından, uşağın atası isə onun saxlanılmasında iştirak etmədiyindən, övladı ilə maraqlanmadığından, uşağına heç bir maddi köməklik, dəstək göstərmədiyindən iddiaçının 2015-ci ildə bir uşağın saxlanılması üçün cavabdehdən sabit məbləğdə aliment tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-548/2015 nömrəli, 10 iyul 2015-ci il tarixli qətnaməsi ilə, 17 iyul 2015-ci il tarixdən hesablanmaqla, hər ay sabit məbləğdə 100 manat miqdarında alimentin tutularaq, 26 fevral 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıya ödənilməsinin qət edildiyini, keçən 8 il ərzində Cavabdeh alimentdən əlavə uşağına heç bir əlavə köməklik göstərmədiyini, uşağının qayğılarının artmasını, onun böyüməsini, məktəbə getdiyindən əlavə xərclərin əmələ gəldiyini nəzərə almadığını, övladının normal yaşaması üçün ödədiyi alimentin kifayət etmədiyini düşünmədiyini, iddiaçının təkcə onun getdiyi hazırlıq kurslarına ayda 100 manat pul ödədiyini, bu səbəbdən də, iddiaçının alimentin miqdarının artırılması qərarına gəldiyini, bunları nəzərə alaraq, Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(078)-548/2015 nömrəli qətnaməsi ilə Cavabdeh bir uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılmaqla, 26 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit məbləğdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi qismində izahat verən X9 iddianı qismən qəbul etdiklərini, cavabdehin hazırda işsiz olduğunu, xəstəliyi ilə əlaqədar işləyə bilmədiyini, onun yardımı ilə müalicə aldığını, aliment məbləğinin dəyişdirilib 140 manat olmasına etirazlarının olmadığını, bunların nəzərə alınıb, qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: AZ-İİİ seriyalı, 309273 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 26 fevral 2015-ci il tarixdə X5 adlı uşaqları doğulmuşdur. AZ-İ seriyalı, 221285 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, Cavabdeh ilə X10 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Abdullayeva” soyadı verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(078)-548/2015 nömrəli qətnaməsinin surətinə əsasən, Cavabdeh 17 iyul 2015-ci il tarixdən hesablanmağa başlamaqla hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarında alimentin tutularaq 26 fevral 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzinin 14 avqust 2023-cü il tarixli arayışına əsasən, Cavabdeh (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək və məşğulluq” altsisteminə əsasən hazırda adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Məhkəmə izahatlara və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaq böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək sabit məbləğdə artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği dəyişdirilməlidir. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(078)-548/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 26 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə münasib olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(078)-548/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 26 fevral 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar