Məhkəmə qərarları › İş №2(078)-1074/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1074/2025

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1074/2025 12.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh suyun axıdılması nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: suyun axıdılması nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi) Hаkim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X5 iclas kаtibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı suyun axıdılması nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdeh qarşı suyun axıdılması nəticəsində dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 38.36 kv.m olan mənzilə və həmin mənzildə olan əşyalara dəymiş 3000 (üç min) manat ziyanın və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 38.36 kv.m olan mənzil tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin binada ondan üstə mərtəbədə yəni Naxçıvan şəhəri, ünvan 1 ünvanında qonşusu Cavabdeh yaşayır. Belə ki, Cavabdeh özünə məxsus mənzildən suyun axıdılması nəticəsində ona məxsus mənzilin yataq otağı və orada yerləşən paltar şkafına, evin koridoruna, sanitar qovşağına, və mətbəxin tavanına və divarlarına, evdəki listur əşyalarına, led işıqlarına və elektrik xətlərinə ziyan vurulmuşdur.

3. Onun mənzili əvvəllər də qonşusu Cavabdeh tərəfindən suyun axıdılması nəticəsində subasmaya məruz qalmışdır. Bununla bağlı Mənzil İstismar İdarəsinin 01 iyul 2025-ci il tarixdə tərtib olunmuş aktında öz əksini tapmışdır. Onun mənzilinə və əşyalarına dəyən ziyan 3000 (üç min) manat təşkil edir. Qeyd olunan məbləğin ödənilməsi ilə bağlı 04 iyul 2025-ci il tarixdə pretenziya ərizəsi ilə Cavabdeh müraciət olunmuşdur. Cavabdeh 05 iyul 2025-ci il tarixdə rəsmi olaraq pretenziya məktubunu almış, lakin iddiaçıya vurulmuş ziyanın ödənilməsi ilə bağlı münasibət bildirməmişdir. İddiaçı məcbur qalaraq mənzilinə və oradakı olan əşyalarına dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.

4. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1, 170.2, 21, 1096-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh evə baxıb təmir elətdirmək istəmişdir. Lakin bundan əvvəl də gəlib baxmış lakin heç bir şey etməmişdir. Onlar tərəfindən evin təmir olunmasını istəmir. İddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o qədər xərc yoxdur. İmkanı zəifdir 500 manat maaş alır, razılıqla həll edilsin. Yoldaşı da xəstədir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.

Sübutların tədqiqi:

7. İş materiallarında olan, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın Notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alımışdır.

8. İş materiallarında olan, 01 iyul 2025-ci il tarixli Aktdan görünür ki, 30 iyun 2025-ci il tarixdə İddiaçı məxsus Naxçıvan Şəhər, ünvan 2 ünvanına üst qonşu Cavabdeh məxsus Naxçıvan şəhər ünvan 3 ünvanından suyun axması nəticəsində ziyan dəymişdir. İddiaçı məxsus evin yataq otağı, evin kolidoru, sanitar qovşağı və kuxnanın tavanı, divarları və evdəki bir çox əşyalar və elektrik xətləri zərər görmüşdür. Cavabdeh evinə baxış keçirilən zaman hamam otağındakı su krantının qırılması səbəbindən bu halın baş verməsi aşkarlanmışdır. Bundan əvvəllər də bir neçə dəfə bu hal təkrarlanmış və İddiaçı məxsus mənzil su basmaya məruz qalmışdır. Vətəndaş Cavabdeh qonşuya dəymiş ziyan bildirilsə də o, razılığa gəlməkdən və köməklik gösdərməkdən imtina etmişdir.

9. İş materiallarında olan, 04 iyul 2025-ci il tarixli, İddiaçı tərəfindən yazılmış, Cavabdeh göndərilmiş Pretenziya ərizəsindən görünür ki, 3000 (üç min) manat pulun 5 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edəcəyi qeyd olunmuşdur.

10. İş materiallarında olan, 07 oktyabr 2025-ci il tarixli, 956 saylı ekspert rəyindən görünür ki, baxış zamanı və mülki iş materiallarında olan Naxçıvan şəhəri 6 Saylı Mənzil İstismar İdarəsinin rəisi X2 və həmin idarənin əməkdaşlarının şəxsi imzaları ilə təsdiq edilmiş xx.xx.2025-ci il tarixli aktının göstəricilərini nəzərə alaraq, Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 26-da yerləşən 42 saylı mənzilinə onun üst mərtəbəsində yerləşən 44 saylı mənzilinin hamam otağında quraşdırılan su krantının qırılması səbəbindən suyun axıdılması müəyyən edilmişdir. Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 26-da yerləşən 42 saylı mənzilə su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün mənzildə görülməli təmir-bərpa işlərinin sərf ediləcək (həmin inşaat materiallarının yenisi ilə əvəz olunması) müxtəlif növ inşaat materiallarının növü və həcmi Mənzilin ayrı-ayrılıqda 9.23 m2 və 4.35 m2 olan sahələrinin tavanında alçıpan üzərində düşmüş sarımtıl su sızma ləkələrinin aradan qaldırılması üçün alçıpan təbəqələrinin sökülməsi, yerinə yenisinin vurulması, üzərlərinə alçı məhlulunun və sulu boya qatının çəkilməsi və künclərə plastik paduqaların vurulması 13.58 kv.m, yaşıl alçıpan təbəqə 5 ədəd, alçı üzlük hamarlama 1 kisə, sulu boya 4 litr, şrub 1 qutu, plastik paduqa 24 p/m, kiçik ölçülü plastik materialdan olan çıraqaltı 1 ədəd, mənzilin tərkibində sahəsi 2.53 m2 olan hissənin divarlarının qaşınması, üzərinə yenidən alçı məhlulunun və sulu boyanın vurulması və sahələri 9.23 m2 və 4.35 m2 olan tikililərin divarlarına vurulan divar kağızlarının cuzi qopan hissələrinin kley ilə yenidən yapışdırılması 2 kv.m, alçı üzlük hamarlama 2 kq, sulu boya 0.5 litr, divar kağız kleyi 1 qutu, sadə plastik spot elektrik çıraqları 3 ədəd, mənzilin su sızma nəticəsində sıradan çıxmış elektrik sisteminin bərpa olunması, spot lampaların alçıpan tavanlara quraşdırılması (usta pulu və materialları ilə birlikdə), əlavə və nəqliyyat xərcləri (yüklərin qaldırılması, tikinti materiallarının müxtəlif məsafələrə daşınması, zibilin daşınması) razılaşma yolu ilə smeta cədvəlində əks olunmuşdur.

11. İş materiallarında olan, X1 18 noyabr 2025-ci il tarixli, NQM 081-10/25 saylı rəyinə əsasən, mənzildə əşyalara, materiallara və xidmətlərə çəkiləcək xərclər 984.00 (doqquz yüz səksən dörd) manat təşkil edir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

15. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Tətbiq edilən prosessual hüquq normaları:

Mülki Prosessual Məcəllə

18. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

19. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

20. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

26. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

32. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

33. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

34. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).

35. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

36. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.

37. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

38. Məhkəmə qeyd edir ki, iş üzrə həqiqətin müəyyən edilməsi üçün iddiaçının tələbinə iki hissəli yanşma aparılmalıdır. Belə ki, ilkin olaraq iddiaçının mənzilinə cavabdeh tərəfindən suyun axıdılıb-axıdılmadığı, ikincisi isə su axıdılmışsa zərərin vurulub-vurulmadığı və zərərin məbləği müəyyən edilməlidir.

39. Məhkəmə iddiaçının mənzilinə cavabdeh tərəfindən suyun axıdılıb-axıdılmadığı hissədə a.ağıdakıları qeyd edir:

40. İş materiallarıda olan 01 iyul 2025-ci il tarixli Aktdan müəyyən olunur ki, 30 iyun 2025-ci il tarixdə İddiaçı məxsus Naxçıvan Şəhər, ünvan 2 ünvanına üst qonşu Cavabdeh məxsus Naxçıvan şəhər ünvan 3 ünvanından suyun axması nəticəsində ziyan dəymişdir. İddiaçı məxsus evin yataq otağı, evin kolidoru, sanitar qovşağı və kuxnanın tavanı, divarları və evdəki bir çox əşyalar və elektrik xətləri zərər görmüşdür. Cavabdeh evinə baxış keçirilən zaman hamam otağındakı su krantının qırılması səbəbindən bu halın baş verməsi aşkarlanmışdır. Bundan əvvəllər də bir neçə dəfə bu hal təkrarlanmış və İddiaçı məxsus mənzil su basmaya məruz qalmışdır.

41. Həmçinin, məhkəmə tərəfindən qeyd edilən faktla bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və ekspert tərəfindən məhkəməyə təqdim olunmuş həmin rəyə əsasən, iddiaçının Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 26-da yerləşən 42 saylı mənzilinə onun üst mərtəbəsində yerləşən 44 saylı mənzilinin hamam otağında quraşdırılan su krantının qırılması səbəbindən suyun axıdılması müəyyən edilmişdir.

42. Həmçinin cavabdeh tərəfindən qeyd edilən halları təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, cavabdeh məhkəmə iclasında onun mənzilindən iddiaçıya məxsus mənzilə suyun axıdıldığını qəbul etmişdir.

43. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus mənzilə cavabdeh tərəfindən suyun axıdılması öz təsdiqini tapdığından, ikinci etapda qeyd edilən pozuntu zamanı iddiaçıya dəymiş zərər müəyyən edilməldir.

44. Məhkəmə qeyd edir ki, iddiaçı cavadeh tərəfindən suyun axıdılması zamanı mənzilinə və oradakı əşyalara 3000 manat ziyan vurulduğunu iddia etmiş, cavabdeh isə həmin məbləğlə razılaşmayaraq məbləğğin şişirdilmiş olduğunu bildirmişdir.

45. Məhkəmə iddiaçıya məxsus mənzilə və oradakı əşyalara dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədilə əmtəəşünaslıq ekspertizası təyin etmiş və məhkəmə təqdim edilmiş ekspert rəyi ilə mənzilə və oradakı əşyalara dəyən ziyanın məbləğinin 984(doqquz yüz səksən dörd) manat olduğu müəyyən edilmişdir.

46. Belə ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 noyabr 2025-ci il tarixli, 081-10/25 nömrəli rəyindən görünür ki, baxış keçirilən mənzildə əşyalara, materiallara və xidmətlərə çəkiləcək xərclər: Mənzilin ayrı-ayrılıqda 9.23 m2 və 4.35 m2 olan sahələrinin tavanında alçıpan üzərində su sızma ləkələrinin aradan qaldırılması üçün alçıpan təbəqələrinin sökülməsi, yerinə yenisinin vurulması, üzərində alçı məhlulun və sulu boya qatının çəkilməsi və künclərə plastik paduqaların vurulması (usta pulu) ümumi 150 manat; yaşıl alçıpan təbəqə ümumi 55 manat, alçı üzlük 25 kq, ümumi 7 manat; sulu boya ümumi 12 manat, sulu boya rulonu ümumi 6 manat, şotku 3 manat, şrub 4 manat, plastik paduqa (sadə) 48 manat, kiçik ölçülü plastik material olan çıraqaltı 3 manat, mənzil sahəsi 2.53 m2 olan hissənin divarlarının qaşınması, üzərində alçı məhlulun və sulu boyanın vurulması və sahələri 9.23 m2 və 4.35 m2 olan tikililərin divarlarına vurulan divar kağızlarının cüzi qopan hissələrinin kley ilə yapışdırılması (usta pulu) 15 manat, alçı üzlük ümumi 1 manat, sulu boya ümumi 5 manat, divar kağızı kleyi ümumi 6 manat, mənzilin su sızma nəticəsində sıradan çıxmış elektrik sisteminin bərpa olunması, spot lampaların alçıpan tavanlara quraşdırılması (usta pulu və materialla birlikdə) ümumi 30 manat, sadə plastik spot elektrik çıraqları ümumi 9 manat, əlavə və nəqliyyat xərcləri (yüklərin qaldırılması, tikinti materiallarının müxtəlif məsafələrə daşınması, zibilin daşınması) ümumi 30 manat, listur 190 manat, mətbəx mebeli ümumi 160 manat, şkaf ümumi 250 manat olmaqla, ümumilikdə 984.00 (doqquz yüz səksən dörd) manatdır.

47. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə və oradakı əşyalara dəymiş ziyan ekspertiza rəyləri ilə müəyyən olunduğundan və dəymiş ziyanın məbləği 984.00 (doqquz yüz səksən dörd) manat təşkil etdiyindən, iddiaçı 3000 manat ziyan dəydiyini, cavabdeh isə daha az ziyan dəydiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia qismən təmin edilməklə cavabdehdən dəymiş ziyan olaraq 984.00 (doqquz yüz səksən dörd) manat iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Beləliklə məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə 50 (əlli) manat məbləğində dövlət rüsumunun 16.40 (on altı manat qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır.

50. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia qismən təmin edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın 67.20 (altmış yeddi manat, iyirmi qəpik) manat hissəsi İddiaçı, 32.80 (otuz iki manat səksən qəpik) manat hissəsi isə Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

51. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 100.80 (yüz manat səksən qəpik) manat hissəsi İddiaçı, 49.20 (qırx doqquz manat iyirmi qəpik) manat hissəsi isə Cavabdeh tutularaq “X3” MMC-nin hesabına köçürülməlidir.

52. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 984.00 (doqquz yüz səksən dörd) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə 50 (əlli) manat məbləğində dövlət rüsumunun 16.40 (on altı manat qırx qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın 67.20 (altmış yeddi manat, iyirmi qəpik) manat hissəsi İddiaçı, 32.80 (otuz iki manat səksən qəpik) manat hissəsi isə Cavabdeh tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142330, büdcə səviyyəsinin kodu: 2, Müxbir hesab AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naçxıvan MR Maliyyə Nazirliyi, VÖEN **********, AZ21NABZ********************) hesabına köçürülsün. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 150 (bir yüz əlli) manatın 100.80 (yüz manat səksən qəpik) manat hissəsi İddiaçı, 49.20 (qırx doqquz manat iyirmi qəpik) manat hissəsi isə Cavabdeh tutularaq “X3” MMC-nin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar