Məhkəmə qərarları › İş №2(078)-1096/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1096/2024

28.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1096/2024 28.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun tanınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə müraciət edərək 19 avqust 1973-cü il təvəllüdlü iddiaçı Qurbanova (Hüseynova) Arzu Vaqif qızına Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissisindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X5 07 oktyabr 1992-ci il tarixdə 263 nömrəli nikah akt qeydi ilə nikahı rəsmləşdirib ailə həyatı qurmuşdur. Birgə nikahdan onların övladları 10 aprel 1995-ci il təvəllüdlü X2 və 31 yanvar 2000-ci il təvəllüdlü X4 doğulmuşdur. 05 iyun 1995-ci il tarixdən cavabdeh-mülkiyyətçi Cavabdeh razılığı ilə ona mülkiyyət hüquqi ilə məxsus ünvan 1 ünvanında yerləşən mənzilə köçmüş, qeydiyyata düşməklə yaşamış, ailə üzvləri ilə birlikdə ümumi təsərrüfat aparmış və onların qulluğunda durmuşdur. X5 ilə uşaqları yetkinlik yaşına çatdığından qarşılıqlı razılaşma əsasında 16 mart 2024-cü il tarixli 06 nömrəli akt qeydi ilə nikahları pozulmuşdur. X5 onu həmin mənzildə yaşamağına imkan verməmiş, ona yeni ailə həyatı quracağını və evdən zorla çıxaracağını bildirib hədələməklə evi tərk etməyə məcbur etmiş və iddiaçı 17 aprel 2024-cü il tarixdən evi tərk etmişdir. O, hal-hazırda valideynlərinə məxsus ünvan 2 ünvanında yerləşən evdə məskunlaşmışdır. Valideynlərinə məxsus mənzildə yaşaması ona çətinlik törədir. Onun başqa yaşayış yerdə yaşamağa imkanı yoxdur. Əgər o evdə yaşamasına razı deyillərsə kompensasiya versinlər. İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermişdir. Bildirmişdir ki, hazırda müvəqqəti olsa da atasının, qardaşının evinə sığınıb. Aprel ayının 17-dən evdən məcburi qaydada çıxıb. Ev bina evidir. 3 otaqlıdır. Çətin olsa da, orada yaşamağa məcburdur. Getməyə və yaşamağa başqa yeri yoxdur. Ömrünün çox hissəsini həmin evdə yaşayıb. İndi də qapını açaraq onu evdən çıxarmaqları ona ağır gəlir. Keçmiş qaynanasının dediyi fikirlə razılaşmır. Əgər onun övladlarını da qaynanası böyüdübsə, bəs o 31 il ərzində nə edib? İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası PHŞ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tibbi arayışda qeyd olumuşdur ki, Cavabdeh həmin tarixdə Poliklinikada tibbi müayinə olunmuş, keçirilmiş işemik insultdan sonrakı qalıq əlamətləri, sağ yuxarı ətrafın parezi diaqnozu ilə yataq xəstəsidir. Bunu nəzərə alan məhkəmə cavabdehin xəstəliyini (üzürlü səbəbini) nəzərə alaraq məhkəmə baxış iclasının səyyar formada keçirilməsinə qərar vermiş və onun yaşadığı evdə izahatı alınmışdır. İş üzrə Cavabdeh izahatında iddianı qəbul etmədiyini, iddiaçının onun keçmiş gəlini olduğunu, oğlu ilə gəlini arasındakı nikah münasibətlərinin pozulduğunu, iddiaçının atası evinə getdiyini qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid X6 ifadəsində bildirmişdir ki, iddiaçı onun qardaşının keçmiş həyat yoldaşıdır. Cavabdeh isə atasıdır. İddiaçının o evdə necə yaşayacağını başa düşə bilmir. O evdə bir hadisə olsa kim cavab verəcək? İddiaçının oğlu ev nə vaxtda miras olarsa payını alacaqdır. Lazım gəlsə özü ona çatan payı iddiaçının oğluna verəcəkdir. Məhkəmə baxışı iclasında şahid X1 ifadəsində bildirmişdir ki, cavabdeh onun həyat yoldaşıdır. Arzu onun keçmiş gəlinidir 1992-ci ildə gəlin gəlib. Gələndən indiyə kimi onunla söz-söhbəti olmayıb. Arzu kobud xasiyyətli insan olub. Uşaqları ilə özü məşğul olmuşdur. Onların dərsə yola salınması, dərsləri ilə o məşğul olub. Müəllimə işləyib, yoldaşı alimdir. Keçən bu illər ərzində nə həyat yoldaşına nə də qayınana, qayınatasına heç bir qulluq etməyib. Anlamadığı odur ki, iddiaçı onun bu illər ərzində qoyduğu hörməti başa düşmür. Ev Ədibin adına deyil. Onun anası vəzifəli şəxs olub.ş Dram teatrın yanında olan evləri plana düşüb və əvəzinə anasının adına bu evi veriblər, yəni ev onun anasının şəxsi evidir. Ev Ədibin adına deyil. Oğlu evlənib, evdə gəlin var. Arzu o evdə necə yaşaya bilər? Məhkəmə baxışı iclasında şahid X5 ifadəsində bildirmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşı olub. İddiaçının orada yaşaması mümkün deyil. O ikinci dəfə ailə qurub və həyat yoldaşı həmin evdə yaşayır. Əgər onun adına hər hansı bir əmlak, mülk varsa bölünməsinə razıdır. Hazırki vəziyyətdə birgə yaşayış mümkün deyil. O, idman komandasına başçılıq etdiyi üçün işlə əlaqədar ara-sıra Bakı şəhərində olub. Həmin ev onun adına keçəndən sonra o, iddiaçının orada yaşamasına və ya kompensasiya verilməsinə razılıq verə bilər. Məhkəmə baxışı iclasında şahid X3 ifadəsində bildirmişdir ki, iddiaçı ilə uzaq qohumluğu var. Tibb Texnikomunda bir yerdə oxuyublar. 1992-ci ildə Ceyhunla ailə qurub və mübahisəli evə gəlin köçüb, 2024-cü ilin aprel ayında evdən çıxarıblar. Bildiyi qədəri ilə Arzuya deyiblər ki, Ceyhun evlənib çıx get. Boşandıqdan sonra Arzu 1 ay həmin evdə yaşadı, sonra məcbur çıxdı. Məhkəmə baxışı iclasında şahid X8 ifadəsində bildirmişdir ki, tərəflərlə qonşudur. 18- 19 il qonşuluqda yaşayıblar. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh gəlinidir və İddiaçı cavabdehin oğlu X5 ilə 07 oktyabr 1992-ci il tarixdə rəsmi nikaha qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahdan övladları 10 aprel 1995-ci il təvəllüdlü X2 və 31 yanvar 2000-ci il təvəllüdlü X4 doğulmuş, İddiaçı 05 iyun 1995-ci il tarixdən cavabdeh-mülkiyyətçi Cavabdeh razılığı ilə ona mülkiyyət hüquqi ilə məxsus ünvan 1 ünvanında yerləşən mənzilə köçmüş, qeydiyyata düşməklə yaşamış, ailə üzvləri ilə birlikdə ümumi təsərrüfat aparmışdır. Hazırda da iddiaçı mübahisəli mənzildə pasport qeydiyyatında dayanır. İddiaçı ilə X5 arasındakı nikah qeydi xx.xx.2024-cü il tarixdə tərəflərin qarşılıqlı razılaşması-ərizəsi əsasında pozulmuş və xx.xx.2024-cü il tarixdə Naxçıvan “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən AZ-İ seriyalı 433067 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 04/56 nömrəli məktubda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.09 kv.m olan 3 otaqlı mənzil Naxçıvan şəhər XDM İK-nin 19 avqust 1992-ci il tarixli 540 nömrəli qərarı əsasında 1992-ci ilin noyabr ayında Cavabdeh adına özəlləşdirilmişdir. Lakin həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli məktubu ilə Naxçıvan MR Dövlət Arxiv İdarəsinə mülki işlə bağlı araşdırılma aparılması zərurəti yarandığından ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 59.09 kv.m olan 3 otaqlı mənzilin Cavabdeh verilməsinə dair Naxçıvan şəhər XDM İK-nin xx.xx.1992-ci il tarixli 540 nömrəli qərarının təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi barədə sorğu verilmişdir. Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən sorğuya cavab olaraq xx.xx.2024-cü il tarixli müşayət məktubu ilə göndərilmiş 19 avqust 1992-ci il tarixli 540 nömrəli qərardan məlum olur ki, Naxçıvan şəhər XDM İK-nin iclasında xalq təhsili sistemində çalışan bəzi vətəndaşlar ərizə ilə müraciət edib güzəşt hüquqları olduğundan yaşadıqları dövlət mənzillərinin pulsuz olaraq onların şəxsi mülkiyyətinə verilməsini xahiş etmişlər. (Qərarın 2ci səhifəsində 23-cü sırada Cavabdeh adı qeyd olunub. Ünvan: Azadlıq 64/21). Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı münasibətlərin hüquqi tənzimləməsinin 3 mərhələsini fərqləndirmək lazımdır. 1)Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 01 sentyabr 2000-ci ilədək yəni hazırki Mülki Məcəllə qüvvəyə minənədək yaranmış münasibətlərə 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 cü və 123-cü maddələrinin tələblərinə görə baxılır. 2) 01 sentyabr 2000-ci il tarixdən yaranan münasibətlərə hazırki Mülki Məcəllənin 228-ci maddəsi, 3) 01 oktyabr 2009-cu il tarixdən yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı mülkiyyətçi ilə ailə münasibətləri 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş 1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələri ilə tənzimlənir ki, həmin Məcəllənin 53-cü maddənin tələbinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri İcarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 123-cü maddənin tələbinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Mənzilə digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli mənzil- ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.09 kv.m olan 3 otaqlı mənzil Naxçıvan şəhər XDM İK-nin 19 avqust 1992-ci il tarixli 540 nömrəli qərarı əsasında 1992-ci ilin noyabr ayında Cavabdeh adına özəlləşdirilmişdir və şəxsi mülkiyyətinə verilmişdir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1992-ci il tarixli 2 saylı qərarının 7–ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin dairəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən olunur xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinəəsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Göstərilən normanın 3-ci hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümümi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Göstərilən cəhətlərdən biri mövcud olmadıqda, başqa şəxslər kirayəçinin ailə üzvü hesab oluna bilməzlər. Məhkəmə hesab edir ki, iddiaçı dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh ailə üzvü (oğlu Ceyhun Hüseynov) tərəfindən köçürülmüş, digər ailə üzvləri isə buna etiraz etməmişlər. İddiaçı mübahisəli mənzildə mülkiyyətçi, digər ailə üzvləri, öz əri və onunla birgə nikahından doğulmuş iki övladı ilə birlikdə yaşamaqla, onlarla birgə təsərrüfat apararaq mənzil qanunvericiliyində nəzərdə tutulmuş digər şəxs kimi ailə üzvü statusuna malik olmuş və həmin vaxtdan da mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi Naxçıvan şəhəri, H.Əliyev pr. ev 64 ünvanında yerləşən 21 nömrəli mənzildə yaşayış evində yaşadığından İddiaçı həmin mənzildən istifadə hüququ tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixli 15332 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev pr. ev 64 ünvanında yerləşən 21 nömrəli mənzildən yaşayış evindən yaşayış və istifadə hüququ verilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixli 15332 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar