Məhkəmə qərarları › İş №2(078)-1096/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1096/2025

30.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1096/2025 30.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin ödənilməsi üsulunun dəyişdirilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq 05 dekabr 2008ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ona ödənilməsi barədə Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-196/2020 nömrəli 04 iyun 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin ödənilməsi üsulunu dəyişərək, sabit məbləğdə 246 (iki yüz qırx alrtı) manat miqdarında (ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən edilməklə) aliment tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aramızda 28 aprel 2006cı il taixdə Naxçıvan şəhər VVADQ-da bağlanılmış nikah Naxçıvan şəhər Məhkəməsinin 2(078)-196/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin Məhkəmənin 2(078)-196/2020 nömrəli, 04 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən övladları 08 aprel 2007-ci il təvəllüdlü X5 və 05 dekabr 2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay aylıq qazancının (və ya) başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq mənə ödənilməsi qət olunmuşdur. 08 aprel 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmışdır. Bildirmişdir ki, Cavabdeh hal-hazırda işləmir. Ona görə də o alimentin sabit pul məbləğində tutulmasını istəyir. Hal-hazırda ödənilən aliment uşağın saxlanılmasında kifayət etmir. Ona görə də alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində tutulmasını xahiş etmişdir. Uşaq böyüdükcə onların maddi tələbatı da artır. Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu 246 (iki yüz qırx altı) mana təşkil edir. Qeyd etmək istəmişdir ki, alimentin artırılması tələbi ilə bağlı Naxçıvan mediasiya təşkilatına müraciət etdim, lakin Cavabdeh X3 iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı izahatında izahatında alimentin tutulma qaydasının dəyişdirilərək sabit məbləğdə alimentin tutulmasını istədiyini, uşaqlarından birinin yetkinlik yaşına çatdığını, yalnız bir övladının yetkinlik yaşına çatmadığını, 2008-ci il təvəllüdlü olduğunu, bir uşaq üçün aliment tələb etdiyini, özünün müəllimə işlədiyini, kirayədə qaldığını, 400 manat kirayə ödədiyini, alimentin tutulma qaydasının dəyişdirilərək sabit məbləğdə bir uşağı üçün 246 manat məbləğində aliment təyin olunmasını istədiyini bildirərək iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və iştirak etməməsi ilə bağlı məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbini rəhbər tutaraq Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmənin qiymətləndirməsi: Naxçıvan şəhər Nikah evinin xx.xx.2025-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə, əsasən, nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsinin xx.xx.2011-ci il tarixli AZ- İİ 331782 nömrəli doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, X6 xx.xx.2008-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli AZ- İ 400448 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı və Cavabdeh nikahları xx.xx.2020-ci ildə pozulmuşdur. X2 xx.xx.2025-ci il tarixli X3 (İMS) İştirak edilməməsi barədə arayışa, əsasən, Cavabdeh sessiyada iştirak etməmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(078)-196/2020 nömrəli qətnaməsi və İddiaçı şəxsiyyət vəsiqəsinin surəti iş materiallarına əlavə edilmişdir. Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçıların alimentin tutulma qaydasının dəyişdirilməklə sabit pul məbləğində müəyyən edilməsi tələbi ilə müraciət etməsi üçün əsasları olmuşdur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 05 dekabr 2008-ci il təvəllüdlü X4 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 200 (iki yüz) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddiaçının işlədiyini, uşağı saxlamaq hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb iddianın qalan hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 200 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,5 mislində (400 x 0,5 = 200 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Beləliklə məhkəmə belə hesab edir ki, alimentin tutulmasına diar cavabdehin ərizəsi 18 iyul 2025-ci il tarixdə məhkəməyə təqdim edildiyindən müəyyən edilən alimentin miqdarı 2025-ci il üzrə ölkə üzrə minimum əmək haqqına münasibətdə müəyyən edilməli, sonrakı artımlar nəzərə alınmaqla həmin vaxt minimum əmək haqqının misli həddində təyin edilməlidir. 2025-ci il üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə 05 dekabr 2008-ci il təvəllüdlü X4 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay cavabdehin xeyrinə sabit məbləğdə hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulmasını ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən lakin azırki vəziyyətdə bir illik aliment məbləğinin hesablanması mümkün olmadığından hazırki iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq (qiymətləndirilməyən iddialar üzrə 100 manat) 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(078)-196/2020 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin tutulması qaydası dəyişdirilsin.. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq 05 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə rədd edilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar