Məhkəmə qərarları › İş №2(078)-1101/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1101/2023

27.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1101/2023 27.07.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı X1 qarşı özbaşına tikilmiş hissənin sökülməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı nümayəndə vasitəsilə X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iki tikilinin sökülməsi, xəritənin dəyişdirilməsi, qeyriqanuni olaraq verilmiş layihənin ləğv edilməsi, şəxsi maraqlara uyğun olaraq sərhədlərin dəyişdirilməsi, Bakı-Naxçıvan yoluna çəkilən xərcin və sənədlərə çəkilən xərcin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin məzmununa əsasən, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddiaçının tələbi dedikdə, onun cavabdehləri müəyyən hərəkətləri etməyə və müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi konkret tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. İddiaçı və ya ərizəçi tərəfindən məhkəməyə müraciət olunarkən hər bir halda tələb iddia ərizəsində bir qayda olaraq konkret ifadə olunmalıdır. Yəni, tələbin nədən ibarət olduğu anlaşılmalıdır. Lakin məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq tərəfimdən araşdırılarkən İddiaçı iddia ərizəsində öz iddia tələbini konkret ifadə etmədiyi aşkar olunmuşdur. Belə ki, İddiaçı iddia ərizəsində xəritənin dəyişdirilməsini, layihənin ləğv edilməsini, şəxsi maraqlara uyğun olaraq sərhədlərin dəyişdirilməsini xahiş etmiş, bununla da, tələbə dair qeyri-müəyyənlik yaratmışdır. İddia ərizəsi nümayəndə qismində Nümayəndə tərəfindən imzalanmış, lakin iddia ərizəsinə nümayəndənin İddiaçı qohumu olmasını, yəni qohumluq əlaqəsini təsdiq edən sənəd (nümayəndənin şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnaməsinin surəti) əlavə edilməmişdir. Bununla da, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması nəticəsini yaratmışdır. İddia ərizəsinə cavabdehin hərəkəti nəticəsində tikilinin sökülməsi barədə sübut təqdim olunmamışdır. İddia ərizəsinə tələbə uyğun sübutlar təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2 və 149.2.3-cü maddələrinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1 və 152.1.2-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı və Nümayəndə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığına görə, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 20 iyul 2023-cü il tarixli, 1463 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı X1 qarşı özbaşına tikilmiş hissənin sökülməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 20 iyul 2023-cü il tarixli, 1463 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. İddiaçı və Nümayəndə izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar