Məhkəmə qərarları › İş №2(078)-1104/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1104/2021

24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1104/2021 24.09.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin notariusun üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin üzərinə alqı-satqı müqaviləsiin bağlanması və dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında həmçinin, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) tələbinə dair iddialara baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli qərarının 5-ci bəndinin 1-ci hissəsinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Azərbaycan Respublikası dövlət notrait ofisləri inzibati orqan hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə iddia tələbinin mahiyyətinə görə inzibati mübahisədir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalı və ona hazırki tələblə müvafiq qaydada inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyin tələbinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosessual qanunvericilikdə mübahisənin məhkəmə aidiyyətinə görə geri qaytarılması da Azərbaycan Respublikası MPM-in 152.1.3cü maddəsi ilə tənzimlənir. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər tərəfimdən araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh1 tərəfindən qaldırılan iddia tələbində Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin üzərinə alqı-satqı müqaviləsinin bağlanması və dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulmasını tələb edir ki, öhdəliyin qoyulması inzibati icraat çərçivəsində baxıla bilən tələb hesab edilir. İddiaçılar mülki məhkəmədə üçüncü şəxslərin razılığı olmadan alqı-satqı aparılmasına dair notariat orqanı tərəfindən verilmiş imtinadan şikayətlə bağlı xüsusi icraat (mübahisə vardırsa iddia icraatı) qaydasında məhkəməyə müraciət edə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 16 sentyabr 2021ci il tarixdə 20939 №-li qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdeh Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin notariusun üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı həmin iddia tələbi ilə bağlı Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmə hüququ izah olunsun. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına 16 sentyabr 2021-ci il tarixdə 20939 №-li qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar