Məhkəmə qərarları › İş №2(078)-1104/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1104/2022

15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1104/2022 15.11.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babək Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(079)-392/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 11 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 193 (yüz doxsan üç) manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, Cavabdeh ilə 23 may 2020-ci İl tarixdə ailə qurub 06 iyul 2020-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində nikahlarını rəsmiləşdirdiklərini, həmin nikahdan 11 aprel 2021-ci il tarixdə Nazlı adlı bir qız övladının doğulduğunu, lakin onun iddiası əsasında cavabdehlə aralarında olan nikahın Babək Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(079)-392/2021 nömrəli qətnaməsi ilə pozulduğunu, həmin qətnaməyə əsasən Nazlının onun yanında saxlanıldığını və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (yüz) manat miqdarında alimentin tutularaq ona verilməsinin qət edildiyini, övladı ilə birlikdə Naxçıvan şəhərində atası evində yaşadığını, hal-hazırda işləsə də qazancının elə də yüksək olmadığını, 350 manat aldığını,ödənişli ali təhsil aldığını, valideyinlərinin köməkliyi ilə uşağına baxdığını, bu səbəbdən də, maddi imkanının yaxşı olmadığını, cavabdehin Nazlıya ödədiyi 100 (yüz) manat alimentin onun maddi tələbatını qarşılamağa yetmədiyini, aldığı ailmentin bu gün Nazlının təminatını ödəmədiyini və tək qadın olaraq bunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini, alimentin qət olunduğu tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunduğunu və bunun da ailə büdcəsinə təsir etdiyini, bu səbəbdən də, övladının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istədiyini, bunları nəzərə alaraq, Babək Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(079)-392/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 11 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 193 (yüz doxsan üç) manat olmaqla sabit pul məbləğində alimentin Cavabdeh tutularaq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh iddianı qəbul etmədiyini, iddiaçının uşaqla görüşünə maneə yaratdığını, sürücü olduğunu, iş olmadığından işləmədiyini, təyin olunmuş alimenti anasının ödədiyini, hazırda yenidən ailə qurduğunu, yoldaşının hamilə olduğunu, atasına məxsus evdə qaldığını, uşağı saxlamağın hər iki valideynin borcu olduğunu, qazancının və gəlirinin olmadığının nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qanuni qərar verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Babək Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(079)-392/2021 nömrəli qətnaməsinin surətinə əsasən, Cavabdeh ilə X7 arasında 06 iyul 2020-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış və nikahın bağlanılması haqqında akt qeydləri kitabında 89 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından olan 11 aprel 2021-ci il təvəllüdlü X6 anası X3 yanında saxlanmış, mülki iş üzrə Babək Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(079)-392/2021 nömrəli qərardadı ilə müəyyən edilmiş uşağın saxlanılması üçün müvəqqəti alimentin tutulması ləğv edilmiş və həmin qərardad əsasında cavabdeh tərəfindən qətnamənin qəbul edildiyi günədək, yəni 09 dekabr 2021-ci il tarixədək ödənilmiş aliment məbləğinin nəzərə alınıb 27 iyul 2021-ci il tarixdən hesablanmaqla, 11 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 100 (yüz) manat miqdarında alimentin tutularaq, uşağın anası X4 ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı, 400318 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətinə əsasən, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “İbrahimli” soyadı verilmişdir. AZ-İV seriyalı, 633741 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 11 aprel 2021-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Məhkəmə izahatlara və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşaq böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği artırılmalıdır. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində bir uşağa 140 (yüz qırx) manat miqdarında aliment tutulması məqsədəuyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Babək Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(079)-392/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 11 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 (yüz qırx) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddia qismən təmin edilsin. Babək Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2(079)-392/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 11 aprel 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində 140 (yüz qırx) manat miqdarında aliment tutularaq, anası İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar