Məhkəmə qərarları › İş №2(078)-1108/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1108/2021

19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1108/2021 19.10.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2018-ci il tarixli 2(078)-266/2018 nömrəli qətnaməsi ilə Cavabdeh 18 avqust 2009-cu il təvəllüdlü X2 və 26 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş hər ay qazancının 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnaməsinə dəyişiklik edilərək hər uşağa hər ay sabit məbləğdə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat alimentin tutularaq övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 10 oktyabr 2008-ci il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların nikahlarından 18 avqust 2009-cu il tarixli X4 və 26 iyun 2013-cü il təvəllüdlü X3 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2018-ci il tarixli 2(078)-266/2018 nömrəli qətnaməsi ilə pozulmuş və boşanmadan sonra 18 avqust 2009-cu il təvəllüdlü X4 və 26 iyun 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 29 may 2018-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu iş üzrə İddiaçı Cavabdeh ilə 10 oktyabr 2008-ci il tarixdə Culfa rayon Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların nikahlarından 18 avqust 2009-cu il tarixli X4 və 26 iyun 2013-cü il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Tərəflər arasındakı nikah qeydi Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2018-ci il tarixli 2(078)-266/2018 nömrəli qətnaməsi ilə pozulmuş və boşanmadan sonra 18 avqust 2009-cu il təvəllüdlü X4 və 26 iyun 2013-cü il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 29 may 2018-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Həmin vaxtdan cavabdeh hər ay iki uşaq üçün ümumilikdə 100 manat aliment ödədiyini, bundan başqa uşaqların heç bir ehtiyacının ödənilməsində iştirak etmədiyini, ödənilən 100 manat alimentlə uşaqların ehtiyaclarını qarşılana bilmədiyini, böyüdükləri üçün təlabatlarının, gündəlik xərclərinin də artdığını, həmin xərclərin qarşılanmasında iddiaçının çətinlik çəkdiyini, bildirən Vəkil sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, barmen işləyir və 300 manat əmək haqqı alır. İki aydır ki, uşaqları üçün 150 manat aliment ödəyir. İddiaçı Türkiyə Respublikasının İğdır şəhərində yaşayır, yeməkxanada kassir işləyir. İddiaçının anası da həmin yerdə yaşayırdı, lakin hazırda onlar İzmir şəhərinə köçüblər. 8 aydır uşaqlarını görə bilmir. Onun ümumi əmək haqqısı 300 manatdır, iddiaçı isə ondan əmək haqqısından da artıq aliment tələb edir. Onun daha artıq məbləğdə aliment ödənilməsinə maddi imkanı yoxdur. Cavabdeh sonda qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb, həmçinin toplanmış sübutları tədqiq edib onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Məhkəmə 2018-ci il üçün yaşayış minimumunun bir uşaq üçün 154 manat məbləğində müəyyən edildiyini, Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2018-ci il tarixli 2(078)-266/2018 nömrəli qətnaməsi ilə Cavabdeh 29 may 2018-ci il tarixdən başlayaraq hər ay aylıq qazancının üçdə bir hissəsi miqdarında alimentin tutulmasının qət olunduğunu, cavabdehin bu illər ərzində hər ay cəmi 100 manat aliment ödədiyini, 2018-ci ildən 3 il müddət keçdiyini, həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmadığını və iddiaçının maddi vəziyyətinin dəyişməsinin mümkün olan hallarını nəzərdən keçirib hesab edir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməldir. Məhkəmə 18 avqust 2009cu il təvəllüdlü X2 və 26 iyun 2013-cü il təvəllüdlü X1 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşağın xüsusi qulluq və qidalanmaya ehtiyacını və həyat şərtlərinə uyğun gündəlik tələbatlarını, nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(220-100)=1440 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh 18.86 (on səkkiz manat səksən altı qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 may 2018-ci il tarixli 2(078)-266/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 110 (bir yüz on) manat olmaqla, iki uşaq üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat miqdarında aliment tutularaq 18 avqust 2009-cu il təvəllüdlü X2 və 26 iyun 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 18.86 (on səkkiz manat səksən altı qəpik) manat manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar