Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1110/2021 04.11.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit borcu üzrə ödənilməmiş pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ödəməli olduğu kredit borcuna görə 60 (altmış) manat, kredit borcunu ödəmədiyi hər gün üçün cərimə şəklində 420 (dörd yüz iyirmi) manat və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 500 (beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Gənclik və Ticarət mərkəzində məişət avadanlığı mağazasında işləyir, həmin mağazanın sahibidir və onunla Cavabdeh arasında 19 iyun 2020-ci il tarixdə M10080 nömrəli kredit müqaviləsi bağlanmış, müqavilənin şərtinə əsasən Redmi 9 markalı telefonu 455 manata almağa razılıq vermiş, həmin məbləğdən ilkin ödəniş etmədən pulu 8 (səkkiz) ay müddətinə qaytarılması ilə bağlı öhdəlik götürmüş, cavabdeh ilk vaxtlar kredit borcundan hissə-hissə olaqla 395 manatı qaytarmış, lakin kredit borcundan qalmış 60 (altmış) manat borc pulu 2020-ci ilin 8-ci ayından bu günədək geri qaytarmamışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə ödəməli olduğu borcu geri verməkdən boyun qaçırmışdır. İddiaçı qeyd etmişdir ki, M10080 nömrəli kredit müqaviləsinə görə aralarındakı razılığa əsasən cavabdehin ona ödəməli olduğu kredit borcunun yubadılmasına görə hər gün üçün 1 (bir) AZN cərimə hesablanacağını razılaşaraq öhdəsinə götürmüşdür. Bu səbəbdən də cavabdehin ona 19 iyun 2020-ci il tarixli M10080 nömrəli kredit müqaviləsi üzrə 8 (səkkiz) ay ərzində ödəməli olduğu kredit borcunu bu günədək ödəmədiyi 2020-ci ilin avqust ayından hər gün üçün 1 (bir) manatdan olmaqla 420 (dörd yüz iyirmi) manat pulun da ona ödənilməsini istəyir. İddiaçı O.Bayaramov sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 19 iyun 2020-ci il tarixli M10080 nömrəli kredit müqaviləsindən aydın olur ki, həqiqətən həmin tarixdə ********** VÖEN nömrəsi ilə fəaliyyət göstərən İddiaçı ilə Cavabdeh arasında qeyd olunan müqavilə bağlanmış və müqavilənin şərtinə əsasən Cavabdeh dəyəri 455 manat olan Redmi 9 markalı mobil telefon alır. Müqavilənin şərtinə əsasən Cavabdeh ilkin ödəniş etmədən pulu 8 (səkkiz) ay müddətinə qaytarılması ilə bağlı öhdəlik götürmüşdür. Müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün qalan malın dəyərinin 1% miqdarında kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı izahatında qeyd etmişdir ki, cavabdeh ilk vaxtlar kredit borcundan hissə-hissə olaqla 395 manatı qaytarmış, lakin kredit borcundan qalmış 60 (altmış) manat borc pulu 2020-ci ilin 8-ci ayından bu günədək geri qaytarmamışdır. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə qeyd edilən maddi hüquq normalarını hazırkı münasibətlərə tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmışdır. Öhdəliyin mahiyyəti isə ondan ibarətdir ki, kredit müqaviləsində müəyyən edilmiş mobil telefonu iddiaçı cavabdehin sərəncamına vermək öhdəliyini götürmüş, iddiaçı təşkilat müqavilə ilə götürmüş olduğu öhdəliyi lazımınca və vaxtında icra etmiş, cavabdeh isə iddiaçının müqavilə üzrə götürmüş olduğu öhdəliyə münasibətdə üzərinə götürmüş olduqları öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, iddiaçı müqavilə üzrə öhdəliyi lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməmiş və buna görə də müvafiq məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı Cavabdeh 19 iyun 2020-ci il tarixli M10080 nömrəli kredit müqaviləsinə əsasən 420 (dörd yüz iyirmi) manat cərimə borcunun tutulmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan normalar baxımından məhkəmə hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu əsas borca-60 (altmış) manata münasibətdə tənasübsüz şəkildə yüksək olduğundan azaldılaraq, 20 (iyirmi) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalı, iş üzrə Cavabdeh 19 iyun 2020-ci il tarixli M10080 nömrəli kredit müqaviləsi üzrə 60 (altmış) manat əsas borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla ümumilikdə 80 (səksən) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilməlidir. İddia tələbi qalmış hissədə rədd olunmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 15.09.2021-ci il tarixdə 17191 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 3.33 (üç manat otuz üç qəpik) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. İş üzrə Cavabdeh 19 iyun 2020-ci il tarixli M10080 nömrəli kredit müqaviləsi üzrə 60 (altmış) manat əsas borc və 20 (iyirmi) manat cərimə borcu olmaqla ümumilikdə 80 (səksən) manat məbləğində pul alınaraq iş üzrə İddiaçı verilsin. İddia tələbi qalmış hissədə rədd olunsun. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 15.09.2021-ci il tarixdə 17191 nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 3.33 (üç manat otuz üç qəpik) manat Cavabdeh alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1110/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1110/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver