Məhkəmə qərarları › İş №2(078)-1116/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1116/2022

22.12.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1116/2022 22.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 (iki min) manatın alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, o bəzi mebellərin sifarişi məqsədilə 17 oktyabr 2020-ci il tarixdə Naxçıvan şəhəri Xətai məhəlləsində yerləşən mebel istehsalı sexinə yaxınlaşmış, orada mebel sexinin rəhbəri kimi özünü təqdim edən Cavabdeh ilə qarşılıqlı razılaşma əsasında bəzi mebellərin (hamam və dəhliz dolabı, mətbəx mebeli, qapılar) hazırlanmasını qeyd olunan tarixdə sifariş vermişdir. Müvafiq qaimə fakturası əsasında satıcı malların 1 ay, yəni noyabr ayı ərzində təhvil verməsini öz öhdəsinə götürmüşdür. Qeyd olunan qaimə fakturada həmin sifarişlərə görə ödəniləcək ümumilikdə 6000 (altı min) manatın, 2000 (iki min) manatını ödəmişdir. Sifarişi təhvil aldığı zaman qalan məbləği ödəyəcəyi barədə razılaşmışlar. Qeyd olunan tarixə sifarişləri təhvil almaq üçün sexə yaxınlaşdığı zaman Cavabdeh bir sıra bəhanələr gətirərək sifarişin hazır olmadığını qısa müddətdə hazır olacağını bildirmiş, iddiaçı həmin mebel istehsalı sexinin rəhbəri Cavabdeh bu barədə öz iradını bildirmişdir. Üzərindən 1 ay keçdikdən sonra sexə yaxınlaşan zaman yenə sifarişlərin tam hazır olmadığını yalnız qapıların qismən hazır olduğunu, həmin qapılara baxdıqda isə onların sifariş verildiyi şəkildə hazırlanmadığını görmüşdür. İddiaçı qapıları götürməkdən imtina edərək ödədiyi 2000 manatı Cavabdeh geri qaytarmasını tələb etmişdir. Cavabdeh qısa zamanda ödənişi geri qaytaracağını bildirmişdir. İddiaçının bir neçə dəfə həmin sexə getməyinə baxmayaraq istəyinə nail ola bilməmişdir. Bu barədə Naxçıvan MR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etmiş, oranın bəzi əməkdaşları ilə birlikdə mebel sexinin rəhbəri Cavabdeh ilə görüşmüş, 30 yanvar 2021-ci il tarixdə onunla qarşılıqlı razılaşma aktı tərtib etmişlər. Cavabdeh borclu olduğu 2000 manatın 200 manatını 31 yanvar 2021-ci il tarixdə, geri qalan 1800 manatın isə 6 ay ərzində qaytarılmasını öz öhdəsinə götürmüşdür. Həmin akt imzalarla təsdiq edilmiş, lakin Cavabdeh borclu olduğu ödənişi ödəməkdən yayınmışdır. Bu səbəbdən də, İddiaçı öz hüquqlarının qanuni müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X3 ifadəsində Amalın dostu olduğunu, Amalın ona mebel sifarişi vermək istədiyini bildirdiyini, sonra Cavabdeh mebel sifariş verdiyini, Amalın ona ilkin ödəniş olaraq 2000 (iki min) manat məbləğində pul verdiyini, bir neçə dəfə də birlikdə gedərək həmin sifarişlərin hazır olub-olmadığını cavabdehdən soruşduqlarını, lakin Məşərzanın sifarişi hazır etmədiyini, Amalın da məcbur qalaraq pulunu geri istədiyini, Məşərzanın pulu onların yanında qaytaracağını dediyini, lakin hələ də pulu qaytarmadığını bildirdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X4 ifadəsində Amalın dostu olduğunu, Amalın Cavabdeh mebel sifariş verdiyini, Amalın ona ilkin ödəniş olaraq 2000 (iki min) manat məbləğində pul verdiyini, Amalın dostu olduğu üçün bütün bunlardan məlumatı olduğunu, bir neçə dəfə də birlikdə gedərək həmin sifarişlərin hazır olub-olmadığını cavabdehdən soruşduqlarını, lakin Məşərzanın sifarişi hazır etmədiyini, Amalın da məcbur qalaraq pulunu geri istədiyini, cavabdehin hələ də pulu qaytarmadığını bildirdi. Məhkəmə iclası zamanı ifadə verən şahid X5 ifadəsində cavabdeh Məşərzanın onun oğlu olduğunu, Məşərzanın hazırda xəstə olduğunu, Bakı şəhərində müalicə olunduğunu, həqiqətən də Amal və Məşərzanın arasında mebel hazırlanması barədə razılaşma olduğunu, Amalın ümumi sifarişinin məbləğinin 6000 (altı min) manat etdiyini, oğlu ilə Amalın ilkin olaraq 2000 (iki min) manatın ödənilməsi, sifariş hazır olduqdan sonra isə qalan pulun ödənilməsi barədə razılaşdıqlarını, Amalın 2000 (iki min) manatı Məşərzaya verdiyini, lakin sonra sifarişi vaxtında hazırlayıb çatdıra bilmədiklərini, özünün də oğlu ilə birlikdə sexdə işlədiyini, ona görə də hər şeydən məlumat olduğunu, Amalın sifarişini hazırlaya bilməsə də oğlu tərəfindən onun pulunun hələ də qaytarılmadığını, oğlunun səhhəti yaxşılaşan kimi pulu hissə-hissə iddiaçıya qaytaracağını bildirdi. İddia ərizəsinə əlavə edilmiş qaimə fakturadan görünür ki, hamam dolabı, mətbəx mebeli, qapılar və koridor dolabının hazırlanması üçün ümumi məbləğ olan 6000 (altı min) manatdan 2000 (iki min) manatı 17 oktyabr 2020-ci il tarixdə İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, həmin izahat və ifadələri iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlardır. Məhkəmənin iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı isə onu qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından aydın olur ki, cavabdeh Nəsibov X2 şəhəri, M.Əzizbəyov küçəsi döngə 8, ev 2 ünvanında rəsmi qeydiyyatdadır. Cavabdehə məhkəmə sənədləri, yəni iddia ərizəsinin surəti, məhkəmənin məhkəmə bildirişləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada göndərilmiş, həmçinin həmin sənədlər onun elektron kabinetinə yerləşdirilmişdir. Həmçinin cavabdehə telefonoqram verilmiş və ona sms bildiriş göndərilmişdir. Qeyd olunan məhkəmə sənədlərində cavabdehə iddia tələbinə qarşı etirazının olduğu halda bildirişi aldıqdan sonra bunu əsaslandıran dəlil və sənədləri məhkəməyə və ya iddiaçıya təqdim etməsi izah olunsa da, Cavabdeh ona qarşı olan iddia tələbini təkzib edən hər hansı bir etiraz və ya sübutu məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin təmin edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Həmin məcəllənin 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin məcəllənin 762-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məcəllənin 769-cu maddəsinə görə əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin məcəllənin 776-cı maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan razılaşmadan aydın olur ki, onlar arasındakı razılaşmaya əsasən iddiaçı (sifarişçi) hamam dolabı, dəhliz dolabı, mətbəx mebeli və qapıların hazırlanması üçün cavabdehə (podratçıya) 6000 (altı min) manat məbləğində pul verməyi öhdəsinə götürmüş, cavabdeh (podratçı) isə həmin pul məbləğinin qarşılığında hamam dolabı, dəhliz dolabı, mətbəx mebeli və qapıları hazırlayaraq iddiaçıya (sifarişçiyə) verməyi öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (sifarişçi) aralarındakı razılaşmaya əsasən qeyd olunan məbləğdə pulun bir hissəsini yəni 2000 (iki min) manatı cavabdehə (podratçıya) qabaqcadan vermiş, cavabdeh (podratçı) isə həmin məbləği alaraq onun qarşılığında hamam dolabı, dəhliz dolabı, mətbəx mebeli və qapıları hazırlayaraq iddiaçıya verməyi öhdəsinə götürmüş, iddiaçı hamam dolabı, dəhliz dolabı, mətbəx mebeli və qapılar təhvil verildikdən sonra pulun qalan hissəsini ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək razılaşmada göstərilən hamam dolabı, dəhliz dolabı, mətbəx mebeli və qapıları iddiaçıya təhvil verməmişdir. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərinin bir qismini icra edərək, müqavilə üzrə cavabdehə ödəməli olduğu məbləğin 2000 (iki min) manatını cavabdehə ödəmiş, cavabdeh isə tərəflər arasındakı razılaşma üzrə müəyyən olunmuş şərtlər daxilində əşyanın dəyərinin bir hissəsinin qabaqcadan ödənilməsinə, həmin məbləğin qarşılığında əşyanı iddiaçıya verməsinə dair öhdəlik götürməsinə baxmayaraq, həmin əşyanı hazırlayıb iddiaçıya verməkdən yayınmışdır. Öhdəliklərin icra etməsini sübut etmək vəzifəsinə gəldikdə isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçının cavabdehlə aralarında olan podrat müqaviləsindən irəli gələn öhdəliyinin bir hissəsini yerinə yetirməsi yəni 2000 (iki min) manat məbləğində pulu cavabdehə ödəməsi mülki iş üzrə məhkəmə iclasında dindirilən şahidlərin ifadəsi və qaimə faktura ilə öz təsdiqini tapır. İddiaçı tərəfin tələbinin əsassızlığı və eyni zamanda tərəflər arasındakı podrat müqaviləsi üzrə öz öhdəliklərini icra etməsinə dair sübutetmə vəzifəsi cavabdehin üzərinə düşsə də o bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsi üzrə iddiaçı üzərinə düşən öhdəliyin bir hissəsini yerinə yetirsə də cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş iddiaçıya verməli olduğu mebelləri ona təhvil verməmiş, onun verdiyi pulu da iddiaçıya qaytarmamışdır. Bu halda cavabdeh aradan qalxmış əsasla iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş olsa da, işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, hazırda həmin əsas aradan qalxmışdır. Cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə iddiaçının ona verdiyi pul məbləğinin ödənilməmiş hissəsini ona qaytarmalıdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddia tələbində göstərilən pul məbləğinin iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 2000 (iki min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 40 (qırx) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -2000 (iki min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. 2000 (iki min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar