Məhkəmə qərarları › İş №2(078)-1117/2022

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1117/2022

05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1117/2022 05.12.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(078)-69/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 18 dekabr 2016-cı il təvəllüdlü X1 və 14 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 193 (bir yüz doxsan üç) manat olmaqla, 2 uşağa görə cəmi 386 (üç yüz səksən altı) manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 14 may 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Onların 18 dekabr 2016-cı il təvəllüdlü X4 və 14 may 2018-ci il təvəllüdlü X5 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi iddiaçının tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2020-ci il tarixli, 2(078)-69/2020 nömrəli qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə uşaqlar anasının yanında saxlanılmaqla, Cavabdeh 05 mart 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 14 may 2015-ci il tarixdə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 18 dekabr 2016-cı il təvəllüdlü X4 və 14 may 2018-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən nikahları onun tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(078)-69/2020 nömrəli qətnaməsi ilə pozulmuş və həmin qətnamə ilə uşaqlar onun yanında saxlanılmaqla, Cavabdeh 05 mart 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində bir uşağa 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Hal-hazırda iki uşağı ilə birlikdə kirayədə yaşayır. Heç bir yerdə işləmir. Belə ki, əvvəllər işləyib ayda 500 manat əmək haqqı alsa da sonra diplomu tanınmadığı üçün işdən çıxarılıb. Hazırda kurslara gedir və tez bir zamanda işlə təmin ediləcək. Yalnız valideynlərinin köməkliyi ilə tələbatlarını ödəməyə çalışır. Valideynlərinin də maddi imkanı o qədər də yaxşı deyil. Övladları böyüyür və onların maddi tələbatları da günü-gündən artır. Zəminə 1-ci sinifə, Tunar isə 1 nömrəli uşaq bağçasına gedir. Uşaqların maddi tələbatları ödəməkdə çətinlik çəkir, ödənilən 240 manat aliment pulu ilə övladlarının qidalanma, təhsil, müalicə xərclərini qarşılamır. Eşitdiyinə görə cavabdeh “Karadeniz” restoranında kassir işləyir, lakin o, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmir, çünki bəzi iş yerləri var ki, onlar rəsmi sənəd təqdim etmirlər. Sonuncu məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, hazırda yeni işə düzəlib, Nəqşicahanda ixtisası üzrə işləyir və əmək haqqı 500 manat təyin edilibdir. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, heç yerdə işləmir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti də atası verirdi, lakin hazırda atası da işləmir. Əgər alimentin miqdarı artırılarsa o, həmin artırılmış miqdarı verə bilməyəcək. İddiaçının özünün imkanı var. Valideynlərinin evi olduğu halda kirayə yaşayır. Sadəcə dolana bilmədiyini bildirir. Əgər maddi imkanı pisdirsə nəyə görə atasının evi olaola özü ayrı kirayədə yaşayır. Onun hər ay ödədiyi 240 manat alimenti iddiaçının məhz kirayə pulu verdiyini zənn edir. İddiaçı düzgün danışmır. O heç bir yerə işləməsi barədə dövlət orqanının sənədini təqdim etmişdir. Qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2020-ci il üçün yaşayış minimumunun bir uşaq üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmiş, həmin vaxt məhkəmə qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, iki uşağa görə cəmi 240 (iki yüz qırx) manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. 2020-ci ildən 2 il müddət keçdiyindən həmin müddət ərzində uşaqların gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi phş Naxçıvan şəhər Məşğulluq Mərkəzi tərəfindən verilmiş 10 oktyabr 2022-ci il tarixli 176 nömrəli arayışda qeyd olur ki, Abbaslı X2 işsiz kimi qeydiyyatda deyil və işsizlikdən sığorta ödənişi almayıb. İddiaçının maddi vəziyyətində olan dəyişikliyi, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə bütün qeyd edilənləri, 18 dekabr 2016-cı il təvəllüdlü X1 və 14 may 2018-ci il təvəllüdlü X3 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşaqların həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 145 (bir yüz qırx beş) manat olmaqla, iki uşaq üçün ümumilikdə 290 (iki yüz doxsan) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin “Karadeniz” restoranında kassir işləməsinə dair konkret və mötəbər sübutlar təqdim etmədiyini, cavabdehin işləməməsi barədə arayış təqdim etdiyini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(290-240)=600 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 22.54 (iyirmi iki manat əlli dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 05 mart 2020-ci il tarixli 2(078)-69/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 145 (bir yüz qırx beş) manat olmaqla, iki uşaq üçün ümumilikdə 290 (iki yüz doxsan) manat miqdarında aliment tutularaq 18 dekabr 2016-cı il təvəllüdlü X1 və 14 may 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 22.54 (iyirmi iki manat əlli dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar