Məhkəmə qərarları › İş №2(078)-1137/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1137/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1137/2024 15.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə ərizə göndərərək, iddia müddətinin ötürüldüyünü bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə işlə əlaqədar olaraq yaxın münasibəti olmusdur. 2002-ci ildə Rəsul Naxçıvan səhəri 57 deyilən sahədə mağazasını satmağı ona demişdir. 0nunla razılaşmış, mağazanı 5000 (beş min) ABŞ dolları məbləğində pula almışdır. Pulu verdikdən sonra mağazanın sənədləşdirilməsini istəmiş, Rəsul ona mağazanın sənədini vermişdir. Baxmışdır ki, mağaza onun adına deyil. Mağaza qardaşı X2 adınadır. Aldığı mağazanı adına keçirmək üçün Rəsula alqı-satqı müqaviləsi aparmaqdan ötrü Notariat Kontoruna getməyi təklif etmişdir. Nə o, nə də qardaşı Ramiz alqı-satqı aparmaq üçün onunla birlikdə Notariusa getməmişlər. Həmin vaxtdan bu günə qədər Rəsul onun pulunu qaytaracağını və pulu verə bilməsə əvəzinə 2 sot torpaq verəcəyini bildirmişdir. Ona məlumdur ki, onun başqa yerdə torpaq sahəsi yoxdur. Yaşadığı evdə isə ona verəcəyi 2 sot torpaq yoxdur. Daha doğrusu Rəsul onu aldatmış, aldığı pulu isə qaytarmaq istəmir. Son vaxtlar hətta telefonlarına cavab vermir, onu aldadır. Rəsul qardaşı ilə birlikdə alqı-satqı etmədiklərinə görə onlar mağazanın sökülməsini əvvəlcədən bildiklərindən onu aldadıb 5000 ABŞ dolları məbləğində pulunu almışlar. 2004cü ildə həmin yerdə olan bütün mağazalar sökülmüşdür. Dükanları dövlət nümayəndələri sökdükdən sonra heç kəsə bir qəpik belə pul vermədilər. 2 il dükanı işlətmişdir. İndiyə qədər Rəsul tərəfindən ona bir qəpik belə verilməyib. Ancaq tikinti materialları satmışdır, həmin dükanda satış etmirdi, anbar kimi malı yığırdı, oradan aparıb yerlərdə satırdı. Dükan söküləndə dedilər ki, nə materiallar var götürün. Ancaq dəmir qapını götürmüşdür. Bu şifahi alqı-satqı 2002-2003-cü illərdə olub. 2500 dollar ABŞ pulu dükanda Rəsula vermişdir. 2500 ABŞ dolları da bir il içərisində vermişdir. Onu çox qısnamışdır ki, gedək dükanı rəsmiləşdirək. Axırda gətirib ona verdiyi sənəddə baxmışdır ki, dükan Rəsulun qardaşı Ramizin adına imiş. Cavabdehin arvadı demişdir ki, “ Nüsrət qardaş, bizim hazırda imkanımız yoxdur. Rəsul hələ xəstədir”. Heç vaxt həmin dükanı kirayə kimi işlətməmişdir. Səyyari alverlə məşğul olurdu. İrandan ancaq tikinti məhsulları gətirirdi. 2500 ABŞ dolları dükanda Rəsula verəndə orada ikisindən başqa heç kim yox idi. 2004-2005-ci illərdə mağaza sökülmüşdür. Bu illər ərzində dəfələrlə pulunu tələb edəndə gündə bir bəhanə edirdi. Heç bir orqana Rəsulun ondan aldığı pulla bağlı şikayət və müraciət etməmişdir. Çünki utanmışdır. Duz çörək kəsmişlər. Qarşı tərəfin fikri ilə qətiyyən razı deyil. Keçən məhkəmə iclasında qeyd edirdi ki, guya o Rəsulun dükanında satıcı işləmişdir. İndi də deyir ki, o dükanın müqabilində Rəsula 2000 ABŞ dollar pul vermişdir. Şahidlər də olduğu kimi təsdiq etdilər. Ona görə də iddianın təmin edilməsi xahiş olunur. Məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh neçə illər birlikdə işləyiblər. İddiaçı tikinti materialları alıb-satıb Cavabdeh onu aldadıb öz adına olmayan dükanı iddiaçıya şifahi razılıqla 5000 ABŞ dolları müqabilində satıb. Qarşı tərəfin fikri ilə razılaşmır. Cavabdehin vəkili keçən məhkəmə iclasında tamam fərqli izahat verirdi. İndi də deyir ki, Rəsul deyir ki, Nüsrət 5000 ABŞ dolları deyil, dükan üçün 2000 ABŞ dolları verib. Demək ki, Nüsrət öz iddiasında haqlıdır. Mağaza söküləndə belə qapını Nüsrət aparmışdısa demək ki, Nüsrət dükanın sahibi olub. Cavabdeh tərəfin təqdim etdiyi müddət tətbiqi ilə bağlı da ərizəni qəbul etmirlər. İddianın təmin edilməsi xahiş olunur. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş, lakin məhkəmədə nümayəndə və vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında cavabdehin vəkili və nümayəndəsi qismində izahat verən Vəkil1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Rəsulla danışdığı zaman o qeyd etdi ki, Nüsrət onun dükanında satıcı olaraq işləyib. Tikinti materialları satırmış. Ayrıca olaraq Rəsul dedi ki, Nüsrət ona heç bir 5000 dollar pul verməyib. Daha sonrakı iclasdan əvvəl Rəsul ona bildirmişdir ki, bəli dükanı Nüsrətə verib və ondan 2000 dollar pul alıbdır. Əgər veribsə də belə artıq bu mübahisədən 22 il keçib. Bu da o deməkdir ki, artıq iddia müddəti də keçib və iddiaçı bu mübahisə ilə bağlı iddia müddətini ötürüb. İddianı qismən qəbul etsələr də, burada iddia müddəti ilə bağlı ərizələri var. İddianın rədd edilməsi xahiş olunur. 08 oktyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X1 izahatında bildirmişdir ki, Naxçıvan şəhəri “57-ci bazar” deyilən yerdə illərlə fəhlə işləmişdir. Sonra Rəsulun yanında fəhlə işləmişdir. Rəsuldan sonra Nüsrət dükanın sahibi olduqdan sonra Nüsrətin yanında fəhlə işləmişdir. Nüsrət Rəsulun yanında satıcı olmayıb. O vaxt Nüsrət demişdir ki, Rəsul dükanı ona 5000 ABŞ dollarına satıb. 08 oktyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X9 izahatında bildirmişdir ki, iddiaçı onun qardaşıdır. O vaxt qardaşından eşitmişdir ki, qardaşı Nüsrət Rəsuldan dükan alıb və 5000 ABŞ dolları pul verib. Bir qardaş kimi çox sevinmişdir. Nüsrət demişdir ki, pulu Rəsula 2 dəfəyə verib. Ondan Rəsula veriləcək pulla bağlı qardaşı borc almayıb. 08 oktyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X3 izahatında bildirmişdir ki, 57 bazar deyilən yerdə fəhlə işləmişdir. Nüsrət demişdir ki, Rəsuldan dükan almışam, gəl burda yanımda işlə. Nüsrət də gedib İrandan mal alıb gətirirdi. Nüsrəti mağazanın sahibi bilmişdir. Sement satırdı. Rəsulu dükanda görməmişdir. Nüsrət mal almağa gedən dükanda Bəhrəm adlı şəxs olur və dükana o baxırdı. Özü də 4-5 manat müqabilində sementi daşıyırdı. 08 oktyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X6 izahatında bildirmişdir ki, 57 bazar deyilən yerdə fəhlə işləyirdi. Əvvəlcə həmin dükanda Rəsul işləyirdi. Sonra eşitmişdir ki, Rəsul dükanı Nüsrətə 5000 ABŞ dollarına satıb. Həmin dükanda Bəhram satıcı kimi işləyib. Sement, daş, kərpic satılırdı. Əvvəlcə Rəsul baxırdı. Sonra dükanı Nüsrət almışdır. 08 oktyabr 2024-cü il tarixli məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X7 izahatında bildirmişdir ki, Nüsrət ona demişdir ki, 5000 ABŞ dolları dəyərində dükanı Rəsuldan almışdır. Hətta onlara bir qonaqlıq da vermişdir. Onun yanında Nüsrət dükanla bağlı Rəsula pul verməyib. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə izahatları, iddia ərizəsini, ərizəni, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq aşağıdakı nəticəyə gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı pul tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək olar. Azərbaycan Respublikası Mülki Məcəllənin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsi müəyyən edirdi ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2006-cı il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsi daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir Baxılan iş üzrə daşınmaz əmlak olan mübahisəli qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və tərəflər arasında həmin sahəsnin alqı-satqısı barədə yazılı müqavilənin olmadığı işin mübahisəsiz hallarıdır. İddiaçı özü iddia ərizəsində qeyriyaşayış sahəsini şifahi müqavilə əsasında aldığını bildirir. Digər zəruri şərt ondan ibarətdir ki, sözügedən qeyri-yaşayış sahəsinin ümumiyyətlə cavabdehə məxsus olmaması iddiaçı tərəfindən bildirilmiş və bunun təsidiqi üçün cavabdehin qardaşı X2 ərizəsi əsasında ona mağaza tikintisinə icazə verilməsi barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 18 may 1998-ci il tarixli sərəncamını ərizəsinə əlavə etmişdir. Yəni cavabdehdən ümumiyyətlə ona məxsus olmayan qeyri-yaşayış sahəsinin alqı-satqısından əldə edilmiş pul vəsaitinin qaytarılmasına münasibətdə tələb qoyulmuşdur. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-nin 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. İşin halların aydın olur ki, tərəflər arasında həmin qeyri-yaşayış sahəsinin alqısatqısına dair yazılı akt tərtib edilməmişdir. Bundan əlavə iddiaçının izahatına əsasən tərəflər arasında pulun verilməsi barədə münasibətlərin 2001-ci il tarixdə yaranması, pulun tamamilə verilməsinin 2002-ci ildə başa çatması, 2001-2004-cü illərdə mağazanın onun faktiki sahiblik və istifadəsində olmasını, mağazanın 2004-cü ildə sökülməsi və qapının onun tərəfindən aparılması barədə bildirilən hallar iddiaçının müvafiq pul məbləği qarşılığında həmin mağazaya faktiki sahiblik və istifadəsinin həyata keçirilməsinə əsas verir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili sonuncu məhkəmə iclasında mağazanın satılması üçün iddiaçıdan 2000 ABŞ dolları pulun cavabdeh tərəfindən alınmasını bildirmiş, mağazanı iddiaçıya vermək üçün qardaşından hər hansı təmsilçilik səlahiyyətinin olub-olmadığını bildirməmişdir. Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, cavabdeh ona məxsus olmayan qeyriyaşayış sahəsini pul qarşılığında iddiaçının sahiblik və istifadəsinə vermişdir və qazanc əldə etmişdir. Tələbin 5000 ABŞ dolları məbləğində olmasına münasibətdə isə yeganə sübut növü iddiaçının izahatıdır. Şahidlər birbaşa pulun verilməsində iştirak etməmiş, cavabdeh isə 2000 ABŞ dollarının verilməsini etiraf etmişdir. Belə olan halda tərəflər arasında mövcud olan pul münasibətinin məhz 5000 ABŞ dolları olması digər sübutlarla öz təsdiqini tapmamışdır. Eyni zamanda verilən pul müqabilində həmin qeyri-yaşayış obyektinə söküntü aparılana qədər keçən müddət ərzində sahiblik və istifadə hüququnun məhz iddiaçı tərəfindən həyata keçirilməsi də işə baxılan zaman öz təsdiqini tapır. İddiaçının izahatından aydın olur ki, iddiaçı əmlakın dəyərini ödəyib satın aldığını hesab etdiyi əmlakın mülkiyyətçisinin cavabdeh yox qardaşı olduğunu əmlak sökülənə qədər bilmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə sərəncam əlavə etmişdir, həmin sərəncamın pulun ödənildiyi vaxtda cavabdeh tərəfindən ona verildiyini bilmişdir. Buna baxmayaraq iddiaçı da dəyərini ödədiyi, lakin sahibinin cavabdeh deyil, onun qardaşı olduğunu bildiyi halda bir neçə il əmlaka sahiblik edərək istifadə etmişdir. İddiaçının izahatına əsaslandıqa isə aydın olur ki, 2004-cü il tarixdə əmlak söküləndən sonrakı 20 il müddətində cavabdehdən pulunu iddia qaldırmaqla tələb etməmiş, başqa hər hansı orqana bu barədə müraciət etməmişdir. Məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə əsassız varlanma münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Buna görə məhkəmə hesab edir ki, hazırki tələb üzrə əsassız varlanma münasibətlərindən irəli gələn müddət tətbiq edilməlidir. Belə ki, iddiaçı əmlakdan məhrum olduğunu bildiyi vaxtdan uzun illər pulunu tələb etməmiş, bu isə müddətin keçməklə artıq tələb hüququnun xitamına səbəb olmuşdur. Cavabdeh tərəfindən müddətin tətbiqi ilə bağlı ərizə məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda mülki qanunvericilikdə nəzərdə tutulan bu müddət iddia müddəti deyil, kəsici müddət kateqoriyasına daxil olduğundan kəsici müddətin tətbiqi ərizə verilib-verilməməsindən asılı olmayaraq məhkəmənin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il 31 may tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında qeyd edilmişdir ki: “...kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; -iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.” Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd olunduğundan, İddiaçı tərəfindən ödənilmiş 105 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 105 (bir yüz beş) manat məbləğində dövlət rüsumu i özünə aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar