Məhkəmə qərarları › İş №2(078)-119/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-119/2023

16.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-119/2023 16.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı və Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(078)-913/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 25 may 2007-ci il təvəllüdlü X1 və 05 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, iki uşağa görə cəmi 386 (üç yüz səksən altı) manat aliment tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 04 iyul 2006-cı il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Tərəflərin 25 may 2007-ci il təvəllüdlü X4 və 05 aprel 2009-cu il təvəllüdlü X7 adlı övladları var. Tərəflər arasındakı nikah qeydi cavabdehin tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2011-ci il tarixli 2(078)-219/2011 nömrəli qətnaməsi ilə pozulmuş, boşanmadan sonra uşaqlar anasının yanında saxlanılmaqla onların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli 2(078)-897/2017 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2011-ci il tarixli 2(078)- 219/2011 nömrəli qətnaməsində müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşağa görə cəmi 200 manat alimentin tutulması müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(078)-913/2019 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli 2(078)- 897/2017 nömrəli qətnaməsində müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay bir uşaq üçün 125 manat olmaqla, iki uşağa görə cəmi 250 manat alimentin tutulması qət edilmişdir. Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasının 05 dekabr 2019-cu il tarixli 2(108)-213/2019 nğmrəli qətnaməsi ilə Cavabdeh tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(078)-913/2019 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(078)-913/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 04 iyul 2006-cı il tarixdə Naxçıvan şəhər VVADQ şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, onların nikahlarından 25 may 2007-ci il təvəllüdlü X4 və 05 aprel 2009-cu il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən nikahları cavabdehin tələbi əsasında Naxçıvan Şəhər Məhkəməsinin 06 dekabr 2011-ci il tarixli 2(078)-219/2011 nömrəli qətnaməsi ilə ilə pozulmuş, boşanmadan sonra uşaqlar onun yanında saxlanılmaqla övladlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Daha sonra o, müxtəlif vaxtlarda alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və sonuncu dəfə Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(078)- 913/2019 nömrəli qətnaməsi ilə Naxçıvan Şəhər Məhkəməsinin 13 sentyabr 2017-ci il tarixli 2(078)-897/2017 nömrəli qətnaməsində müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay bir uşaq üçün 125 manat olmaqla, iki uşağa görə cəmi 250 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda iki uşağı ilə birlikdə atası evində yaşayır. Övladları böyüyür və onların maddi tələbatları da günü-gündən artır. Uşaqların maddi tələbatları ödəməkdə çətinlik çəkir, ödənilən 250 manat aliment pulu ilə övladlarının qidalanma, təhsil, müalicə xərclərini qarşılamır. Özü "xxxx" MMC-də işləyir, aylıq qazancı 380 manat təşkil edir. Cavabdehin nümayəndəsinin izahatından sonra İddiaçı övladlarından birinin ürək qüsurlu olmaqla İ qrup əlil olduğunu və 280 manat sosial müavinə aldığını, valideynləri ilə yaşadığını, cavabdehin həyətində bir neçə ev tikib kirayə verdiyini, oradan qazanc əldə etdiyini bildirmişdir. İddiaçı qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, heç yerdə işləmir, qazancı və ya digər gəlirləri yoxdur. Ayda 250 (iki yüz əli) manat azyaşlı uşaqlarının saxlanılması üçün aliment ödəyir ki, həmin pul vəsaiti şəhid ailəsi olduğu üçün dövlət tərəfindən ailəyə verilən pul vəsaitindən ödəyir. Məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti də atası verirdi, lakin hazırda atası da işləmir. Yenidən ailə həyatı qurub və ikinci evlilikdən iki övladı vardır. Əgər alimentin miqdarı artırılarsa o, həmin artırılmış miqdarı verə bilməyəcək. İddiaçının özünün imkanı var. İddiaçı aliment pulu almaqla yanaşı, Naxçıvan şəhər "Ləzzət“ MMC-də işləyir və yuxarı məbləğdə əmək haqqı alır. Qətnamə qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, bir oğlu şəhid olmuş və ona dövlət tərəfindən ayrılan pulla nəvələrinin alimentini ödəyir. Cavabdeh sağlam şəxsdir, əvvəl Penitensiar Xidmətdə işləyirdi və alimenti özü ödəyirdi. 2017-ci ildə övladı işdən çıxarılmışdı. Özü və yoldaşı İİ qrup əlildir. Bu günə qədər nəvələrinin pulunu onlar ödəyiblər. Artıq maddi imkanları buna yol vermir. Çünki oğlu ailə qurub, iki övladı əlavə doğulub, nə özü, nə yoldaşı heç yerdə işləmir. Onları da özləri dolanıdırır. Səma xanım işləyir, nəvəsi ürək qüsurludur və İ qrup əlilliyə görə 280 manat sosial müavinət alır, 2023-cü il üçün həmin pul artıb və 300 manatdan artıqdır. Onlar dolana bilmirlər və aliment artırıldığı halda onu ödəmək imkanları olmayacaqdır. Bunların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia ərizəsinin 2022-ci ildə məhkəməyə daxil olması nəzərə alındıqdan qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2019-cu il üçün yaşayış minimumu bir uşaq üçün 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmiş, həmin vaxt məhkəmə qətnaməsi ilə Cavabdeh hər ay sabit məbləğdə hər bir uşaq üçün 125 (bir yüz iyirmi beş) manat olmaqla, iki uşağa görə cəmi 250 (iki yüz əlli) manat miqdarında alimentin tutulması müəyyən edilmişdir. 2019-cu ildən 3 ildən artıq müddət keçdiyindən həmin müddət ərzində uşaqların gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixdə Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş AZ-İ seriyalı 783327 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh ilə Məmmədova (Mehtiyeva) Aytən Yaqub qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 580 nömrəli akt qeydi icra edilmişdir. Şəxsiyyət vəsiqələrinin surətinə əsasən Cavabdeh ikinci nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları var. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1090 nömrəli məktubundan məlum olmuşdur ki, Cavabdeh adına daşınmaz əmlak qeydə alınmamışdır. Naxçıvan şəhər Vergilər İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd olur ki, Cavabdeh İdarədə vergi ödəyicisi kimi qeydiyyatda deyil. Naxçıvan MR DİN X16 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından məlum olmuşdur ki, Cavabdeh adına heç bir nəqliyyat vasitəsi Naxçıvan MR DİN X16 İdarəsi Qeydiyyat İmtahan və X11 qeydiyyatda durmur. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: - tərəflərin maddi və ailə vəziyyəti; - diqqətəlayiq digər hallar; - uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Aliment tələbinə dair işlərə baxılarkən aliment ödəməli şəxsin başqa uşağa görə aliment ödədiyi müəyyən edilərsə, yeni məhkəmə qərarının həmin alimentin məbləğinin aşağı düşməsinə səbəb ola biləcəyi və bununla da onun maraqlarına toxunduğu nəzərə alınaraq xeyrinə aliment ödənilən şəxs işdə iştirak etməyə cəlb olunmalıdır. Tərəflərin maddi vəziyyətini, eləcə də uşaqların tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, belə olan halda iddiaçının tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə qeyd edilənləri, 25 may 2007-ci il təvəllüdlü X1 və 05 aprel 2009-cu il təvəllüdlü X3 hal-hazırda anası İddiaçı himayəsində yaşamasını, uşaqların həyat şərtlərinə uyğun gündəlik tələbatlarını nəzərə alaraq Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşaq üçün ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında alimentin müəyyən olunmasını ağlabatan hesab edir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən cavabdehin öhdəliyində əlavə iki uşağının olmasını, işləməməsini, əmlak vəziyyətini, eləcə də iddiaçının işləyib qazanc əldə etdiyini, cavabdehin qazanc əldə etməsinə dair hər hansı sübut təqdim etmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(280-250)=360 manat təşkil edir ki, buna görə də iş üzrə Cavabdeh iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 22.82 (iyirmi iki manat səksən üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli 2(078)-913/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşaq üçün ümumilikdə 280 (iki yüz səksən) manat miqdarında aliment tutularaq 25 may 2007-ci il təvəllüdlü X1 və 05 aprel 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 22.82 (iyirmi iki manat səksən üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar