Məhkəmə qərarları › İş №2(078)-1196/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1196/2023

26.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1196/2023 26.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müəyyən olunmuş alimentin artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(078)-488/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 05 avqust 2007-ci il təvəllüdlü X4 və 13 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 220 manat olmaqla, cəmi birlikdə iki uşağa görə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, onunla Cavabdeh arasında olan nikahın Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(078)-488/2015 saylı qətnaməsi ilə pozulduğunu, birgə nikahlarından doğulmuş 05 avqust 2007-ci il təvəllüdlü X4 və 13 yanvar 2009-cu il təvəllüdlü X3 onun yanında saxlanıldığını və onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər birinə 108 manat, cəmi birlikdə 216 manat alimentin qət olunduğunu, həmin vaxtdan artıq 8 il keçdiyini, bu müddətdə qızı Aysunun 3 dəfə hər iki gözündən əməliyyat olunduğunu, bir dəfə də Bakı şəhərində əməliyyat olunacağını, halhazırda 11-ci sinifdə oxuduğunu, İstedad kursunda hazırlığa getdiyini, hər ay 170 manat hazırlıq pulu ödədiyini, Xəyalın nəinki Aysunun əməliyyat xərclərində iştirak etdiyini, yalnız 2015-ci il tarixdən qət olunmuş 108 manat alimenti ödəməklə atalıq borcunun bitmiş olduğunu hesab etdiyini, aldığı alimentin bu gün uşaqların təminatını ödəmədiyini, özü işləsə də, əmək haqqısı az olduğundan tək qadın olaraq bunun öhdəsindən gəlməkdə çətinlik çəkdiyini, alimentin 2015-ci ildə kəsildiyini, həmin tarixdən bu günədək hər bir əşyanın qiymətində artım müşahidə olunduğunu və bunun da onların ailə büdcəsinə təsir etdiyini, bu səbəbdən də, övladlarının saxlanması, inkişafı və gələcəyi üçün cavabdehin ödədiyi alimentin məbləğinin artırılmasını istədiyini, Xəyalın maşın ustası işlədiyini, yüksək məbləğdə qazanc əldə etdiyini, bunları nəzərə alaraq, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(078)-488/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, 05 avqust 2007-ci il təvəllüdlü X4 və 13 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 220 manat olmaqla, cəmi birlikdə iki uşağa görə 440 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o, məhkəmə baxış iclasında iştirak etməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. İş materiallarına əlavə edilmiş: AZ-İİ seriyalı, 170825 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 05 avqust 2007-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. AZ-İİ seriyalı, 332169 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, iş üzrə tərəflərin 13 yanvar 2009-cu il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(078)-488/2015 nömrəli qətnaməsinin surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasında Naxçıvan şəhər VVADQ şöbəsində 04 oktyabr 2006-ci il tarixdə bağlanmış və 355 nömrə ilə qeydə alınmış nikah pozulmuş, iş üzrə tərəflərin uşaqları- 05 avqust 2007-ci il təvəllüdlü X7 və 13 yanvar 2009cu il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanmış və 18 may 2015-ci il tarixdən başlayaraq 05 avqust 2007-ci il təvəllüdlü X4 və 13 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay Cavabdeh sabit pul məbləğində hər uşaq üçün 108 manat (yüz səkkiz) manat alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatına və toplanmış sübutlara hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İ bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair" 27 iyul 2016-cı il tarixli qərarına əsasən:

1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bu baxımdan uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmənin qənaətinə görə bu məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarına da təsir etməlidir. Məhkəmə yuxarıda göstərilən qanunvericilik müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, əvvəlki qətnamə ilə müəyyən edilmiş məbləğ dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar böyüdükcə tələbatları artmışdır ki, bu da iş üzrə iddiaçının maddi vəziyyətinə digər yandan mənfi təsir edir. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, uşaqların saxlanması üçün aliment tutulmasını tələb edən şəxs əvvəlcə müəyyənləşdirilmiş aliment məbləğinin dəyişdirilərək sabit məbləğdə artırılmasını xahiş edir. Ona görə də, aliment məbləği dəyişdirilməlidir. İddia qismən təmin edilərkən nəzərə alınmışdır ki, valideynlərin hər ikisi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iş üzrə yetkinlik yaşına çatmayan uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 180 (yüz səksən) manat miqdarında aliment tutulması məqsədə uyğundur. Yuxarıda göstərilən xüsusatlara görə iddia qismən təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(078)-488/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 05 avqust 2007-ci il təvəllüdlü X4 və 13 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə müvafiq olaraq iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyinə və iddia da qismən təmin edildiyinə görə, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 37.28 (otuz yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

q ə t e t d i:

İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2015-ci il tarixli, 2(078)-488/2015 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 05 avqust 2007-ci il təvəllüdlü X4 və 13 yanvar 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində bir uşağa 180 (yüz səksən) manat olmaqla, iki uşağa görə cəmi 360 (üç yüz altmış) manat miqdarında aliment tutularaq, anaları İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh 37.28 (otuz yeddi manat iyirmi səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar