Məhkəmə qərarları › İş №2(078)-122/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-122/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-122/2023 17.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh qarşı pul məbləğinin qaytarılması tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Əsgərov X1 Turan Gülağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 580 (beş yüz səksən) manat əsas borcun, 60 (altmış) manat gecikdirilmiş dəbbə pulunun, ümumilikdə 640 (altı yüz qırx) manat pulun və iddia qaldırmaq üçün ödənilən 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu (VÖEN: **********), fəaliyyət sahəsinin mobil telefonların və onların aksesuarlarının alqı-satqısı olduğunu, hazırki iddia üzrə Cavabdeh ilə 21 iyul 2022-ci il tarixdə 67 nömrəli mal satınalması müqaviləsi bağladıqlarını, həmin müqaviləyə əsasən Cavabdeh X2 11 markalı telefonu 6 aylıq kreditlə 680 manat dəyərində aldığını, 680 manat borcun hazırki vaxtadək 100 manat məbləğinin ödənildiyini, qalan 580 manat borcunu ödəməkdən imtina etdiyini, 21 iyul 2022-ci il tarixli, 67 nömrəli mal satınalması müqaviləsindən yaranan 580 manat əsas borcun, hər gecikdirilmiş gün üçün ödənilməli olan 2%, ümumilikdə cərimə olaraq yaranan 60 manat dəbbə pulunun, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılmasını istədiyini, bunları nəzərə alaraq, Cavabdeh 580 (beş yüz səksən) manat əsas borcun, 60 (altmış) manat gecikdirilmiş dəbbə pulunun, ümumilikdə 640 (altı yüz qırx) manat pulun və iddia qaldırmaq üçün ödənilən 30 (otuz) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 iyul 2022-ci il tarixli, 67 nömrəli Nisyə mal satınalması Müqaviləsinə əsasən, müqaviləyə əsasən satıcı alıcıya 680 (altı yüz səksən) manat dəyərində X2 11 markalı mobil telefonu satmağı, alıcı isə müqavilə ilə razılaşdırılmış qaydada mobil telefonun dəyərini ödəməyi öhdəsinə götürür. 21 iyul 2022-ci il tarixli, 67 nömrəli Mal satınalması Müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, Cavabdeh 100 manat ilkin ödəniş olmaqla, qalan 580 manat məbləğində pulu 29 iyul 2022-29 dekabr 2023-cü il tarixləri aralığında hər ay 96.66 manat olmaqla ödəməyi öhdəsinə götürür. Arayışa əsasən, Cavabdeh İddiaçı 580 manat əsas borc və 60 manat dəbbə pulu olmaqla, ümumilikdə 640 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Məhkəmə sübutları obyektiv, qərəzsiz, qanunauyğun olaraq araşdırıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə 02 dekabr 2022-ci il tarixdə daxil olmuş ərizə üzrə 02 dekabr 2022-ci il tarixdə cavabdehə bildiriş göndərmişdir. Lakin cavabdeh 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, əlavə araşdırma aparılmasına zərurət yaranmadığından işə mahiyyəti üzrə baxılaraq qərar verilməlidir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, iddia təmin edilməklə, Cavabdeh 580 (beş yüz səksən) manat əsas borc və 60 (altmış) manat gecikdirilmiş dəbbə pulu olmaqla, cəmi 640 (altı yüz qırx) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı qaytarılmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında nisyə mal satınalması müqaviləsi bağlanmış, Cavabdeh həmin müqavilədən irəli gələn pul məbləğini İddiaçı qaytarmamış, nəticədə öhdəliyi lazımınca icra etməmişdir. Ona görə də, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-1, 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 580 (beş yüz səksən) manat əsas borc və 60 (altmış) manat gecikdirilmiş dəbbə pulu olmaqla, cəmi 640 (altı yüz qırx) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı qaytarılsın. Tərəflər qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar