Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1255/2024 04.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilək artırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-983/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilib artırılaraq Cavabdeh hər ay 250 (iki yüz əlli) manat miqdarda sabit pul məbləğində alimentin alınıb 16 dekabr 2010-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi, həmçinin mediasiya xərci kimi ödədiyi 50 (əlli) manatın Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki və mübahisələndirilməyən halları bundan ibarətdir ki, tərəflər 16 oktyabr 2009-cu il tarixdə Naxçıvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş və bu barədə 410 nömrəli akt qeydi icra edilmişdir. Tərəflərin birgə nikahından 16 dekabr 2010-cu il təvəllüdlü X3 adlı övladları var. Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(079)-250/2014 nömrəli qətnaməsi ilə tərəflər aralarındakı nikah qeydi pozulmuş, boşanmadan sonra 16 dekabr 2010-cu il təvəllüdlü X3 iddiaçının yanında saxlanılmaqla, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 14 avqust 2014-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay sabit məbləğdə 100 (bir yüz) manat miqdarında aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-983/2022 nömrəli 02.11,2022-ci il tarixli qətnaməsi ilə Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(079)-250/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək Cavabdeh hər ay sabit məbləğdə 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq 16 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2009-cu ildə nikah bağlayıb, xx.xx.2009-cu il tarixdə ailə həyatı qurub. Nikahlarından 16 dekabr 2010-cu il təvəllüdlü X3 adlı övladı doğulub. Xasiyyətləri tutmadığından Babək Rayon Məhkəməsinin 2(079)-250/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, qızı onun yanında saxlanmış və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində 100 manat aliment ödəməsi müəyyən edilmişdir. Daha sonra alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmiş və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-983/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən hər ay sabit məbləğdə 140 manat miqdarda alimentin tutulması qət olunmuşdur. Cavabdeh İİ qrup əlil olmaqla həm pensiya, həm də fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla qazanc əldə edir. Lakin onun Cavabdeh qazancı (başqa gəlirləri) barədə məlumat əldə etmək və məhkəməyə təqdim etmək imkanı yoxdur. Alimentin miqdarının dəyişdirildiyi vaxtdan xeyli müddət keçib, qızı böyüyüb, orta məktəbin Vİİİ sinfində oxuyur. Ona görə onun tələbatları da artıbdır. Qazancı ilə onun qidalanması, geyimlə təmin olunması, hazırlıqlara getməsi və başqa xərclərinin qarşılanması iqtidarında deyil. Hər ay Mehribanın qidalanması, geyimlə təmin olunması istisna olmaqla, məktəbə və hazırlıqlara taksi ilə gedib-gəlməsi üçün 200 manat, 3 hazırlığın hər birinə isə 50 manatdan -150 manat pul, ümumilikdə 350 manat xərclənir. 2022-2023-cü illərdə qızı Mehriban xəstələndiyi üçün o, öz yaxın qohumlarının maddi köməkliyi ilə onun müalicəsinə 5000 manatdan artıq pul xərcləyib, ancaq cavabdeh bunu bilə-bilə övladının müalicəsinə heç bir maddi yardım etmədi. Vaxtlı-vaxtında ödənilməyən aliment də hazırda uşağın saxlanması üçün müəyyən olunan yaşayış minimumuna cavab vermir. Cavabdeh isə bir ata kimi özü könüllü alimentin miqdarını artırmır və cavabdehlə bu barədə heç bir razılaşma əldə etmək mümkün deyil. Alimentin artırılması ilə bağlı məhkəməyə müraciət edəcəyimi bildirdikdə ona cavab verdilər ki, “ali məktəbə gedəndə köməklik edərik”. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə iddiaçı X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə iddiaçı X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinə uyğyn izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bacısı-iş üzrə iddiaçı Bakı şəhərində satıcı işləyir. Digər bacısının evində yaşayır. Uşaq onlarla birlikdə kənddə yaşayır. Hazırlıqlara gedir. Aliment vaxtında ödənilir. Lakin uşağın ehtiyaclarını qarşılamır. Nümayəndə1 sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, nümayəndə vasitəsilə məhkəmədə təmsil olunmuşdur. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, nümayəndəsi olduğu şəxs onun oğludur. Vüsal hazırda Bakı şəhərində yaşayır. Alimenti vaxtında ödəyir, əlavə olaraq ata kimi gücü çatdığı qədər köməklik edir. İİİ qrup əlildir 354 manat pensiya alır. Heç yerdə işləmir. İş olduğu təqdirdə evlərin təmirində usta kimi işləyir. Ailə qurmayıb. Oğlunun həyatı puç olub. Uşaq ana nənəsinin yanında yaşayır. Düzdür uşağa nənəsi yaxşı baxsa da, yeniyetmə qızın anadan kənarda qalmasına münasibəti müsbət deyil. Cavabdeh Nümayəndə2 qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Hazırki mübahisə üzrə iddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsidir. Həmin maddəyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 9-cu maddəsində qeyd olunur ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmin Qanunun 13-cü maddəsində qeyd olunmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunum 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, musiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmçinin həmin Qərarda qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanılması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Məhkəmə işin faktiki və hüquqi hallarını mülki işin materialları ilə qarşılıqlı və əlaqəli şəkildə araşdırıb onları qiymətləndirərək hesab edir ki, iddiaçının aliment miqdarının artırılması tələbi ilə müraciət etməsi üçün əsası olmuşdur. Belə ki, 2022-ci il üçün yaşayış minimumunun bir uşaq üçün 193 manat məbləğində müəyyən edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-983/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə Babək Rayon Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(079)-250/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilərək 16 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla Cavabdeh hər ay sabit məbləğdə 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. 2022-ci ildən 2 il müddət keçdiyindən həmin müddət ərzində uşağın gündəlik həyat şərtlərinə uyğun tələbatlarının artmasının istisna olunmur. Uşağın tələbatlarının artmasının mübahisə doğurmadığını nəzərə aldıqda məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan təmin edilməli, Cavabdeh hər ay sabit məbləğdə 200 (iki yüz) manat miqdarında aliment tutularaq 16 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddianın qalan hissəsini rədd edərkən iddiaçının cavabdehin kifayət qədər qazancının olmasına dair konkret və mötəbər sübutlar təqdim etmədiyini nəzərə alır. Bundan başqa tərəflər izahatlarında da qeyd etmişdir ki, cavabdeh hər ay alimentdən başqa uşağın digər xərclərinin qarşılanmasında da iştirak edir. Məhkəmə hesab edir ki, hazırki alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1 və 112.1.6-cı maddələrinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda- ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edildiyindən hazırki iş üzrə 12x(200-140)=720 manat təşkil edir ki, buna görə də iş üzrə cavabdeh X5 hissəsinə uyğun olaraq 30 (otuz) manat, qiymətləndirilən iddia üzrə iddianın qiyməti 1000 manatdan çox olduqda 30+qalan məbləğin 1% dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. “Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə qeyd edir ki, iddiaçı könüllü olaraq mediasiya prosesi aparılması üçün müraciət etmiş və xərcini ödəmişdir. Belə olan halda həmin xərcin cavabdehdən tutulması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-983/2022 nömrəli 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı dəyişdirilsin. Cavabdeh hər ay sabit məbləğdə 200 (iki yüz) manat miqdarında aliment tutularaq 16 dekabr 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. İddia qalan hissədə rədd olunsun. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1255/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1255/2024
04.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver